Uşaq oyuncaqları kiçik yaşlarda hər birimizin sahiblənmək istədiklərimizin önündə gəlir. Bəlkə də, buna görədir ki, uşaqların ilk arzuları oyuncaqlar üzərində qurulur. Onlar oyuncaqlarla öz dünyalarını qurur, böyüklərin fəaliyyətini bu kiçik əşyalarla anlamağa və təkrar etməyə çalışırlar. Ancaq oyuncaqlar uşaqlar üçün təkcə əyləncə vasitəsi deyil, həm də onların əqli inkişafında, dünyaya baxış tərzində, estetik tərbiyəsində mühüm yer tutur. Bu mənada, oyuncaqlar uşaqlarımızın gələcək inkişafında mühüm rol oynayır. Bəs bu rol nədən ibarətdir və yaxud oyuncaqlar uşaqlara hansı formada təsir göstərir?
Uşaqların sevimli əşyaları olan oyuncaqlardan bəhs edərkən, ilk olaraq, ağlımıza onların hazırlandığı materialların tərkibi haqqında suallar gəlir. Bildiyimiz kimi, uşaq oyuncaqlarının böyük əksəriyyəti rezin və plastik materiallardan hazırlanır. Çünki bu tərkibə malik materiallardan hazırlanan məmulatlar küt, kəsici olmaması və çəki baxımından yüngüllüyü ilə seçilir. Lakin rezin və plastik məmulatların özü kimyəvi yolla istehsal olunduğundan onların tərkibində insan orqanizmi üçün zərərli maddələrin olması da hər birimizi düşündürür. Araşdırmalar zamanı məlum olub ki, keyfiyyətsiz oyuncaqla təmas zamanı uşaqlarda ağır metallarla zəhərlənmə və autizm xəstəliyinə tutulma ehtimalı böyükdür. Həkimlərin bildirdiyinə görə, qiyməti çox ucuz olan və rəngi çıxan, xüsusilə plastmas qoxusu verən oyuncaqların alınması təhlükəlidir. Çünki uşaqlar oyuncaqlara yalnız əllə təmas etmirlər, eyni zamanda ağızlarını sürtürlər. Belə olan halda isə ağız yolundan tənəffüs sisteminə zərərli maddələr keçə bilər. Zəhərlənmə, mədə-bağırsaq, sinir sisteminin pozulması baxımından bu oyuncaqlar uşaqlar üçün zərərli və təhlükəlidir. Bəs muxtar respublikamızın daxili bazarında satılan uşaq oyuncaqlarının keyfiyyəti ilə bağlı hansı tədbirlər görülür?
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, muxtar respublikaya idxal olunan uşaq oyuncaqlarının satışı komitənin verdiyi uyğunluq sertifikatı əsasında həyata keçirilir. Belə ki, bu işlə məşğul olan sahibkarların sifarişi əsasında uşaq oyuncaqlarının sertifikatlaşdırılması üçün araşdırma aparılır. Araşdırma zamanı, ilk növbədə, oyuncaqların müşayiətedici sənədləri (xarici uyğunluq sertifikatı, alqı-satqı müqaviləsi, mənşə sertifikatı) yoxlanılır. Müşayiətedici sənədləri yerində olduqda məhsuldan texniki normativ-hüquqi aktların tələblərinə uyğun olaraq nümunələr seçilərək Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin sınaq laboratoriyasına təqdim edilir. Sınaqların nəticələri müsbət olduqda laboratoriyanın verdiyi sınaq protokolu əsasında məhsula uyğunluq sertifikatı verilir. Nəticələr mənfi olduqda isə məhsulun satışına qadağa qoyulur, uyğunluq sertifikatının verilməsindən imtina haqqında qərar çıxarılır. Komitədən onu da bildirdilər ki, istehlakçılar ticarət şəbəkələrindən uşaq oyuncaqları alarkən onların uyğunluq sertifikatlarını tələb etsinlər. Eyni zamanda oyuncaqların üzərində “CE” yazılan etiket var ki, bu etiket bütün dünyada oyuncaqların keyfiyyətini göstərən standartdır. Bu etiket onu göstərir ki, məhsul istehlakçıların sağlamlığı, həmçinin ətraf mühit üçün zərərli deyil. “CE Mark” Avropa standartlarına və direktivlərinə uyğunluğun yeganə nişanıdır. Buna görə də valideynlər belə məhsulları alan zaman bu cür uyğunluq nişanının olmasına diqqət etməlidirlər.
Qeyd edək ki, uşaq oyuncaqları bazarı son 10-15 ildə dünyanın ən inkişaf etmiş bazarlarından birinə çevrilib. Ancaq bazar inkişaf etdikcə keyfiyyətsiz məhsulların həcmi də artıb. Buna görə də son illərdə Rusiya, ABŞ və Avropa Birliyi ölkələrində keyfiyyətsiz uşaq oyuncaqlarının idxalına sərt qadağalar qoyulub. Baxmayaraq ki, həmin ölkələrin özündə yerli uşaq oyuncaqları istehsal edən müəssisələr var. Hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda oyuncaq istehsal edən müəssisələr olmadığından bazarın tələbatı yalnız idxal yolu ilə ödənilir. Araşdırmalarımız zamanı məlum oldu ki, hazırda muxtar respublikamızın ticarət mərkəzlərində istehlakçılara təqdim olunan oyuncaqların böyük əksəriyyətini Çin, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyə respublikalarının məhsulları təşkil edir. Bu sahə ilə məşğul olan sahibkarlarla söhbətdən məlum oldu ki, idxal olunan məhsullarda Çin istehsalı olan uşaq oyuncaqları daha çox paya malikdir. Söhbət zamanı üzərində keyfiyyət nişanı olan və Çində istehsal edilmiş xeyli çeşiddə uşaq oyuncaqlarını da bizə göstərdilər. Müsahiblərimiz vurğuladılar ki, əvvəllər bu sahədə ciddi nəzarət olmayıb, nəticədə, keyfiyyətsiz, xüsusi qablaşdırması olmayan uşaq oyuncaqları bazarda çox yayılıb. İndi isə vəziyyət fərqlidir. Ancaq mütəxəssislərin bildirdiyinə görə, istənilən halda uşaqlara oyuncaq seçərkən keyfiyyət nişanının olmasına və məhsulun qablaşdırılmasına diqqət yetirmək lazımdır.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, biz hələ də uşaqlarımızı fərqli dəyərlərin təsiri altında böyütməyə məcburuq. Əslində, bu, yeni mövzu deyil. Hazırda satılan oyuncaqların xarici ölkələrin istehsalı olan cizgi filmlərinin təbliğatçısı olduğunu mətbuat dəfələrlə işıqlandırıb. Həmin cizgi filmlərinin əksəriyyəti əcnəbi multiplikasiya şirkətlərinin istehsalı olduğundan bu tip filmlərin bir çoxunda şiddət, işgəncə, qorxu və etikadan kənar səhnələrə yer verilir, obrazların dilindən bayağı ifadələr işlədilir. Belə cizgi filmləri uşaqlara bəzən siyasi, bəzən manipulyativ, bəzən isə reklam xarakterli informasiya daşıyırlar. Hafizə baxımından ətraf aləmdə baş verənləri tez qavrayan uşaqlar filmlərdə gördüklərini real həyatda tətbiq etməyə çalışır, özünü “qəhrəmanına” bənzədir və onu təkrarlamağa meyilli olurlar. Bu isə çox vaxt xoşagəlməz nəticələrə gətirib çıxarır.
Bir nüansı nəzərdən qaçırmayaq ki, hazırda uşaq oyuncağı kimi baxdığımız hər kiçik əşya bir çox böyük şirkətlərin planlı biznes məntiqi və peşəkar marketinq idarəetməsi üzərində qurulub. “Tom və Cerri”, “Maşa və Ayı”, “Barbi” kimi brendlər öz azyaşlı müştərilərini mavi ekrandan “hədəflədikdən” sonra bazara çıxıblar. Və bu gün dünyanın əksər ölkələrində bu brendlərin nümunələrinə (oyuncaqlarına) milyonlarla pul xərcləmək istəyən istehlakçı kütləsi var. Hələliksə, görünən odur ki, daxili bazarda milli dəyərlərimizi təbliğ edən oyuncaqlarımız istehsal olunmayanadək, “Cırtdan”, “Tıq-tıq xanım” kimi nağıllarımızın üzərində güclü brend idarəetməsi qurulmayanadək əcnəbi dəyərlər uşaqlarımız və onların gələcəyi üçün təsirsiz ötüşməyəcək.
Səbuhi Həsənov