Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Şərur Rayon Olimpiya İdman Kompleksində “Ailə kiçik dövlətdir” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Minurə Hüseynli açaraq tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Müasir ailə modeli – ailədaxili münasibətlərin tənzimlənməsi əsas faktor kimi” mövzusunda çıxış edib. Qeyd olunub ki, ailə dəyərlərimizin əsasını ailədaxili münasibətlər təşkil edir. Bu münasibətlərin düzgün qurulması üçün ailə üzvləri, ilk növbədə, ər və arvad bir-birinə hörmət və ehtiramla yanaşmalıdırlar. Əgər bir ailədə hörmət, sevgi hökm sürərsə, şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmazlıq sarsıda bilməz. Ailənin möhkəmlənməsi, hər şeydən əvvəl, nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Ailənin uzunömürlü olmasının əsas səbəblərindən biri sağlam həyat tərzi, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olmasıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Ailə münasibətlərinin hüquqi əsası” mövzusunda çıxış edib. Vurğulanıb ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənələri nəzərə alınaraq “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” qəbul edilib. Ailə hüququ ictimai münasibətlərin müəyyən növünü, ailə münasibətlərini, yəni nikah faktından əmələ gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir.
“Ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktordur. Bundan əlavə, gənclərin ailə həyatında üzləşdiyi problemləri həll etməkdə dövlətin rolunu artırmaq, gənclərin sosial və ailə problemlərinin həllinə kömək etmək, sağlam nəslin yetişməsi məqsədilə “Gənc ailə” proqramının qəbul edilməsi mühüm əhəmiyyətə malikdir.
Dəyirmi masada Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Yulət Əliyevin, Şərur Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Aybəniz Fərəcovanın da çıxışları olub.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi