Ağbulaq İstirahət Mərkəzindən reportaj
Güclü turizm potensialına malik olan muxtar respublikamızda bu sahənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ötən ayın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə görülən işlərin daha geniş miqyasda davam etdirilməsinə stimul verib. Həmin müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, aprel ayının 2-dən hər həftənin şənbə və bazar günləri muxtar respublika məktəblilərinin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri təşkil olunur. Bu layihədə doğma diyarımızın ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticələr göstərən şagirdlər, aztəminatlı ailələrin uşaqları, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar iştirak edirlər. Aprelin 2-də Naxçıvan şəhər məktəbliləri, aprelin 9-da isə Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri bu imkandan yararlandılar.
Növbəti dəfə aprelin 16-da muxtar respublikadakı sağlamlıq imkanları məhdud uşaqların və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzinə səfəri təşkil olundu. Əvvəlcə onu qeyd edim ki, bu kateqoriyadan olan uşaqların səfərlərinin təşkil edilməsi onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində atılan çox əhəmiyyətli bir addım kimi diqqəti cəlb edir. Eyni zamanda bu, onların heç vaxt diqqətdən kənarda qalmadıqlarını sübuta yetirir. Bu, bir daha əminliklə deməyə əsas verir ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsində çox səmərəli, işlək bir mexanizm artıq formalaşıb.
Uşaqlar Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə aprelin 16-da saat 900-da yola düşdülər. İki avtobusdan ibarət maşın karvanı qısa zamanda Ağbulağa çatdı. Səbəb isə, təbii ki, yol infrastrukturunun mükəmməl olmasıdır. Vaxtilə Şahbuz rayonuna, həmçinin Ağbulaq kəndinə gedən yolun necə bərbad, çala-çuxur olduğunu bir daha xatırladım. O vaxtlar Şahbuza gedib qayıdan insanlar, necə deyərlər, özlərini nə qədər tox tutsalar da, yol yorğunluğunu gizlədə bilmirdilər. Bu gün isə tamamilə başqa bir mənzərənin şahidi oluruq. İnfrastrukturun ən yüksək səviyyədə qurulması həmin rayonun sakinlərini, eyni zamanda qonaqları çox böyük çətinliklərdən, sözün həqiqi mənasında, əzab-əziyyətdən xilas edib. Əgər bu yollar abadlaşmasaydı, Ağbulaqda və digər turizm yerlərində cənnət yaradılsaydı da, onun heç bir əhəmiyyəti, faydası olmayacaqdı. Bu gün gözəl, səfalı, təmiz təbiətimizə həmahəng təşkil edən yollarımızı tamamlayan istirahət mərkəzlərimiz daha da cazibədar görünür. Onlar içərisində Ağbulaq İstirahət Mərkəzinin isə xüsusi yeri var.
Ağbulaqda uşaqları mərkəzin icraçı direktoru Novruz Novruzov qarşıladı. Mərkəzin bütün heyətinin səfərbər olduğu, lazımi hazırlıqların vaxtında aparıldığı ilk baxışdan hiss olunurdu. Bu, daxilən məni sevindirdi. Çünki bu gün inkişafı zərurətə çevrilən turizm sektorunun gələcəyi insanlara göstərilən xidmətin səviyyəsindən birbaşa asılıdır. Ağbulaq İstirahət Mərkəzində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, burada xidmət mədəniyyəti artıq formalaşıb. Mərkəzin bütün əməkdaşlarının ilk anlardan son saatadək uşaqlara göstərdikləri diqqət, qayğı, mehriban münasibət bizim milli xüsusiyyətlərimizin nəticəsi olmaqla yanaşı, həm də xidmət səviyyəsinin göstəricisi idi.
Məktəblilər əşyalarını yerləşdirdikdən sonra turizm mərkəzi ilə tanış oldular. Sonra şagirdlər nahar yeməyinə yollandılar. Naharda məktəblilərə milli mətbəximizin ləziz yeməkləri təqdim olundu. Süfrəni bəzəyən çeşidli yeməklərin dadına-tamına söz ola bilməzdi. Bu məqamda sovet dövründə elə Şahbuz rayonunun Batabat yaylağında “Qaranquş” adlandırılan pioner düşərgəsində olduğum günləri xatırladım. O vaxtlar dünyanın supergüclərindən biri olan Sovetlər Birliyinin məktəbliləri olaraq bizə verilən yeməklərin çeşidlərini yada saldım. Həmin yeməklərin aprelin 16-17-də Ağbulaq İstirahət Mərkəzində uşaqlara təqdim edilən milli yeməklərimizin heç ondabiri qədər də dəyəri yox idi. Kiçik bir müqayisə müstəqilliyimizin, dövlətçiliyimizin əhəmiyyətini ortaya qoyur, dövlətimizin vətəndaşlarına, o cümlədən məktəblilərə göstərdiyi diqqət və qayğını aşkar göstərir.
Nahardan sonra şagirdlər proqrama uyğun olaraq müxtəlif idman yarışlarında iştirak etdilər. Mini-futbol meydançasında keçirilən futbol turnirində “Batabat” ilə “Ağbulaq” komandaları qarşılaşdı. Gərgin keçən qarşılaşmada hər iki komanda üstün oyun nümayiş etdirdi. Sağlamlıq imkanları məhdud uşaqların bu sevincini, əzmkarlıqlarını görəndə insanın qəlbi dağa dönür...
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun məktəblilərə keçdiyi “Naturadan rəsm” mövzusunda ustad dərsi də maraqlı oldu.
Bu vaxt paralel olaraq uşaqlar arasında həm də rəsm müsabiqəsi keçirildi. Ustad dərsi naturadan rəsm çəkməyə həsr olunsa da, balacalar fürsətdən istifadə edərək təxəyyüllərində olanları kağıza köçürürdülər. Həmin rəsmlərə baxanda uşaq dünyasının kövrək duyğulara bürünmüş hisslərini duymaq mümkün idi. Müsabiqənin qalibi Şərur rayonunun Danyeri kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Fatma Babayeva oldu. Fatma Ağbulağı çox bəyəndiyini, buradakı gözəl təbiət mənzərələrini də kağıza köçürməyə həvəsli olduğunu dedi.
Ustad dərsindən sonra uşaqlar üçün təşkil edilən çay süfrəsi onların hər birinin ürəyincə oldu. Deyə-gülə çaylarını içən uşaqlar sonra müxtəlif stolüstü oyunlarda iştirak etdilər. Məktəblilər üçün təşkil olunmuş şahmat və dama turniri maraqla qarşılandı.
Şam yeməyindən sonra şagirdlər “Dolu” tammetrajlı bədii filmə baxdılar. Film Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin sona çatması ilə birlikdə məktəblilərin istirahət mərkəzində ilk gününün proqramı da yekunlaşmış oldu və hər kəs onlar üçün ayrılmış otaqlara yollandı. Yorğun olsalar da, şagirdlərin hər birinin üzündə təbəssüm, sevinc var idi. Baxışlarından da görünürdü ki, əllərində olsaydı, gecəni də yatmaz, həmin gün tanış olduqları yeni dostları ilə səhərədək oynayardılar...
Səfərin ikinci gününün ilk saatlarında uşaqlar idman müəlliminin nəzarətində bir yerə toplaşaraq Azərbaycan Respublikasının Dövlət Himnini oxudular. Burada səhər gimnastikası ilə məşğul olan uşaqları bir-birindən ləziz səhər yeməkləri gözləyirdi.
İkinci gün uşaqlar üçün “Nuh yurdu” intellektual oyunu təşkil edilmişdi. Əvvəlcə Naxçıvanın tarixinə həsr olunmuş oyunun şərtləri barədə məktəblilərə ətraflı məlumat verildi. Sonra iki komandanın – “Batabat” və “Ağbulaq” komandalarının mübarizə apardığı oyuna start verildi. Burada şagirdlərin fəallığı diqqətimizdən yayınmadı. Görünən o idi ki, Ağbulaqda istirahət edən sağlamlıq imkanları məhdud uşaqlarımızın əksəriyyəti hərtərəfli biliyə, intellektə, dünyagörüşünə malikdirlər. Komandaların hər biri birinciliyə can atır, suallara qısa zamanda cavab verməyə çalışırdı. Gərgin mübarizənin nəticəsində “Ağbulaq” komandası üstünlüyü ələ aldı və intellektual oyunun qalibi oldu.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun növbəti ustad dərsi maraqlı oldu. Rəssam Ağbulağın füsunkar mənzərələrini kətan üzərinə köçürərək etüd janrında çəkdiyi rəsm əsəri haqqında məktəblilərə ətraflı məlumat verdi. Sonra asfalt üzərində rəsm müsabiqəsi keçirildi. Müsabiqə iştirakçıları təbaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdirdilər. Burada da Fatma Babayeva məktəbli yoldaşlarından özünün istedadı ilə seçildi.
Nahar yeməyindən sonra uşaqlar mütaliə ilə məşğul oldular və mütaliə olunan kitabları müzakirə etdilər. Uşaqlar dünya nağılları seriyasından “Azərbaycan nağılları”, “Molla Nəsrəddinin lətifələri”, “Şeyx Şamil və anası” kitablarını, Azərbaycan uşaq ədəbiyyatının digər nümunələrini böyük həvəslə mütaliə etdilər. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Vüsal Babayevlə söhbətimiz zamanı dedi ki, o, həmişə dərslərini hazırladıqdan sonra dərsdənkənar kitabları mütaliə etməyi çox xoşlayır. Ona görə də proqramda kitab mütaliəsinə yer ayrıldığını biləndə çox sevinib. Vüsal yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirdi və qeyd etdi ki, burada çoxlu yeni dostlar, həmfikirlər tapıb. Onlarla birlikdə oxuduğu kitabları müzakirə edib.
İstirahət mərkəzinin idman sahəsində keçirilən voleybol və badminton idman növləri üzrə qarşılaşmalar da maraqlı səhnələrlə yadda qaldı. Bundan sonra şagirdlərin Ağbulaq İstirahət Mərkəzinə səfəri başa çatdı.
Zəngin proqramı olan bu səfər hər bir şagirdin ürəyincə oldu. Onlar Ağbulaqda yaxşı istirahət etməklə bərabər, yaradıcılıqlarını da inkişaf etdirdiklərini dedilər. Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi Cavid Həsənli, şəhər 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi İnci Rzayeva, Babək rayon Zeynəddin kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Ədalət Muradov, Cəhri kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Orxan Hüseynov və digərləri qeyd etdilər ki, Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir, gəlirlər. Haqqında eşitsələr də, bu mərkəzin belə gözəl, səfalı yerdə yerləşdiyini təsəvvür etmirdilər. Təbiəti, havası çox gözəldir. Onların sözlərinə görə, Ağbulaqda olduqları müddətdə heç darıxmayıblar. Əksinə, daha çox qalmaq istəyiblər. Çünki, həqiqətən də, bu istirahət mərkəzi çox gözəldir. Hər yer təmiz, səliqəli, havasına da söz ola bilməz. İstirahət üçün çox gözəl şərait yaradılıb. Müxtəlif idman yarışlarının, intellektual oyunların keçirilməsi isə hər bir şagirdin ürəyincə olub. Uşaqlar bu şəraitin yaradılmasına görə dövlətimizə minnətdardırlar.
Valideynlər də layihənin əhəmiyyətini xüsusi vurğuladılar. Naxçıvan şəhərindən Şeyda Rzayeva dedi ki, istirahətdən sonra hər bir uşaqda, o cümlədən öz övladında böyük sevinc, ruh yüksəkliyi hiss etdi. Bu layihə bir daha onu göstərdi ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlara, həmçinin aztəminatlı ailələrin uşaqlarına böyük diqqət və qayğı var, təhsilə böyük dövlət qayğısı göstərilir. Şeyda xanım bu şəraiti yaradanlara dərin minnətdarlığını bildirdi.
Naxçıvan şəhərində məktəbliləri valideynlər və ailə üzvləri, şagirdlərin dostları və rəfiqələri qarşıladılar. Tədbirin təşkilatçıları olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndələri şagirdlərə uğurlar arzuladılar.
Qeyd edək k, aprel ayının 2-dən start verilən layihə çərçivəsində, ümumilikdə, 405 şagirdin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil ediləcək. Layihə hər həftənin şənbə və bazar günləri olmaqla, iyun ayının 5-dək davam edəcək.
Rauf Əliyev