Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən 2016-cı ilin birinci rübündə sığorta mədəniyyətinin inkişaf etdirilməsi və kütləviliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublikanın təhsil, səhiyyə, mədəniyyət, tikinti və sahibkarlıq subyektlərində icbari və könüllü sığortanın əhəmiyyəti barədə maarifləndirmə tədbirləri aparılmış, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta işinə diqqət artırılmışdır. Rayonlardakı Dövlət Sığorta agentlikləri isə yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə kəndlərdə maarifləndirmə tədbirlərini davam etdirmiş, sakinlərə sığortanın növləri, əhəmiyyəti və şərtləri barədə ətraflı məlumat vermişdir.
İcbari sığortanın mühüm növlərindən biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Muxtar respublikanın iqtisadi inkişafına paralel olaraq nəqliyyat vasitələrinin sayının durmadan artması bu sahədə işlərin genişləndirilməsini şərtləndirmişdir. Buna görə də Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə mütəmadi reydlər keçirilmiş, nəqliyyat vasitələri icbari sığortaya cəlb olunmuşdur. Ötən dövrdə kənd təsərrüfatı bitkilərinin sığortası ilə əlaqədar vətəndaşlar arasında izahat işi aparılmış, bu sığorta növünün mahiyyəti diqqətə çatdırılmışdır. Görülən işlərin nəticəsidir ki, sahibkarların sığortanın bu növünə olan marağı getdikcə artmaqdadır. Belə ki, 2016-cı ilin birinci rübündə 605 vətəndaşa məxsus kənd təsərrüfatı bitkiləri sığortalanmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.
Əməkdaşların peşəkarlığının artırılması sığorta mədəniyyətinin inkişafında başlıca şərtdir. Buna görə də ötən dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi əməkdaşları üçün həftədə 2 dəfə, rayon Dövlət Sığorta agentliklərinin işçiləri üçün isə həftədə 1 dəfə seminarlar keçirilmiş, iştirakçıların sığorta qanunvericiliyi və təlimatlar barədə bilikləri möhkəmləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyi