Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət edir. Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan yeni proqram müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.
Həsən Nəsirov bildirib ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Mahmudov çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilir. Bu istiqamətlərdə muxtar respublikada, eləcə də Sədərək rayonunda görülən işlər təqdir edilir.
İşaxtaran vətəndaşlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildiriblər ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 89 boş iş yerinin çıxarıldığı tədbirdə 14 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası aprelin 19-da Kəngərli rayonunda keçiriləcəkdir.
Rauf Əliyev