Cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gənclər ailədə, təhsil müəssisələrində gördükləri, öyrəndikləri ilə kifayətlənmir, diqqətlərini çəkən hər şey haqda yeni məlumatlara, bilik və bacarıqlara yiyələnməyə həvəs göstərirlər. Çünki gənclik mütəmadi axtarış deməkdir ki, yaş dövründən qaynaqlanan enerji, dinamiklik, çeviklik onlara bu işdə müvəffəqiyyətə çatmağa, yorulmamağa zəmin yaradır. Çoxları isə nəsə öyrənməyin, sadəcə, asan və əlverişli vasitələrini axtarır. Gündəlik həyatımızda hadisələrin gedişatına bilavasitə təsir edən, köməkliyi ilə bəzi çətinlikləri aradan qaldırdığımız belə vasitələrdən biri də internetdir.
Bu gün internet ömrünün gənclik mərhələsini yaşayan insanları özünün ən aktiv istifadəçilərinə çevirmişdir. Bəs bu yeni texnologiyadan gənclər düzgün istifadə edirlərmi? Bu mövzu ilə bağlı bir neçə müsahiblə həmsöhbət olduq. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı İsmayıl İsmayılov dedi:
– Gənclər müstəqil həyata yenicə qədəm qoyduqlarından aldıqları yeni informasiya onların düşüncə tərzinə birbaşa təsir etmək gücünə malikdir. Təəssüflər olsun ki, internetdən istifadə zamanı bəzən qarışıq informasiya bolluğuna düşən, vaxtdan, vəziyyətdən düzgün istifadə edə bilməyən bəzi yeniyetmələr və gənclər xarakterlərindən, əhatəsində olduqları mühitdən asılı olaraq gündəlik həyatlarında müəyyən problemlərlə rastlaşır, onların həlli yollarını tapmaqda çətinlik çəkirlər. Buna görə də biz köməklik məqsədilə tez-tez kolleclərdə, peşə məktəblərində olur, sosial şəbəkələrdən düzgün istifadə haqqında məsləhətlər veririk. Düzgün istifadə olunduğu zaman internetin hər birimizin həyatında müstəsna əhəmiyyətə malik olduğunun dərk edilməsi üçün silsilə tədbirlər həyata keçiririk.
Hal-hazırda internet termini istifadə dairəsinə görə dilimizdə az qala ümumişlək sözə çevrilməkdədir. Demək olar ki, say etibarilə insanların çox böyük bir hissəsi müxtəlif növ internet istifadəçiləridir.
“Sosial şəbəkələr vasitəsilə biz rəsmi və şəxsi istənilən məlumatları paylaşa, göndərə və eyni zamanda da qəbul edə bilirik”, – deyən İsmayıl İsmayılov onu da diqqətə çatdırdı ki, yaşadığımız informasiya cəmiyyətində gənclərin sosial şəbəkələrdən istifadəsini ümumi xarakteristikasına görə 2 qrupa bölmək olar. Bir qrup gənc sosial şəbəkələrdə xalqımızın tarixini, mədəniyyətini təbliğ edir. Bu, hər zaman dəstəklənir və gənclərin ictimai-siyasi və sosial həyatda fəallığı kimi qiymətləndirilir. Digər qrup gənc isə sosial şəbəkələrdən nə özü, nə də cəmiyyət üçün heç bir faydası olmayacaq səpkidə istifadə edir. Bu, birmənalı olaraq qəbuledilməzdir və təəssüf doğurur. Sosial şəbəkələrdə boş-boşuna “gəzmək”, vaxt itirmək yerinə hər bir istifadəçi yaşadığı regionda aparılan quruculuq işləri və ya tariximizi özündə əks etdirən hər hansısa bir abidə haqqında məlumatları dostları ilə paylaşarsa, bu zaman həm də fərqli yerlərdə yaşayan dostlarını öz yaşadığı yer barədə məlumatlandıra bilər.
Müsahibim onu da bildirdi ki, internet vaxt itkisinin də aradan qaldırılmasında mühüm rol oynayır. Belə ki, ötən yüzillikdə müəyyən bir məlumatı əldə etmək üçün bir neçə kitabı gözdən keçirmək lazım gəlirdisə, günümüzdə bunun yerinə lazım olan mövzunu axtarış saytına yazıb, müəyyən düyməni sıxmaq kifayət edir ki, nəinki həmin mövzu, hətta onun saysız-hesabsız variantları barədə məlumatlar əldə edilsin.
Ancaq kitablardan bəhrələnmək daha səmərəlidir. Çünki mütaliənin faydaları saymaqla bitməz. Xüsusilə də yaşadığımız dövrdə kitabxanalar zəngin baza ilə oxuculara xidmət göstərirlərsə, axtardıqlarımızı burada da tapa bilərik. Lakin vaxt məhdudiyyəti, axtarış çətinliyi və ya bu qəbildən olan digər səbəblər internetdən daha sıx kütlənin bəhrələnməsinə gətirib çıxarır. Bunun bir səbəbi də müasir gənclikdə səbirlə kitab oxumaq və ya axtarışlar etmək kimi bir psixologiyanın formalaşmamasıdır.
Mövzu ilə əlaqədar bir neçə nəfərlə apardığım sorğuya əsaslanaraq deyə bilərəm ki, bu gün bəzi gənclərin internetdən həddindən artıq istifadə etmələri qınaq obyektinə çevrilib. Hətta qonşuluğumuzda olan yaşlı bir qadın nəvələrinin kompüterin başından ayrılmadıqlarını həmişə narazılıqla qarşılayır, internetə “bəşəriyyətin qara bəlası” deyir. Düzdür, internet bir çox hallarda əksəriyyətimizin köməyinə çatsa da, bir tərəfdən də cəmiyyətdə olan münasibətlərimizə böyük zərbə vurur. Dünyagörüşümüzün artmasında, fikirlərimizin, düşüncələrimizin genişlənməsində, müasirliyə addım-addım yaxınlaşmaqda onun müstəsna rolu olmağına baxmayaraq, o, bəzi keyfiyyətlərimizin də üstündən bir xətt çəkə bilmək imkanlarına malikdir.
...Sosial şəbəkələri çox zaman gənclərlə əlaqələndirirlər. “Sosial şəbəkələrdən istifadə edirsinizmi?” – deyə ünvanladığım suala “bəli” cavabını aldıqlarım arasında, demək olar ki, bütün yaş təbəqəsindən insanlar vardı. Deməli, o, yaşımızdan asılı olmayaraq, hamımızın həyatında nəsə ifadə edir, lakin istifadə qaydası və müddəti baxımından bu termin bir çox hallarda gənclərlə qoşa işlədilir. Bəs gənclər onları sosial şəbəkələrin aludəçisi kimi tanıyan yaşlı nəslin nümayəndələrinin bu fikirləri ilə razıdırlarmı? Onlar barəsində deyilən bu fikri gənclərə fərdi şəkildə çatdırıb, bu münasibətə onların reaksiyalarını öyrənmək qərarına gəldim. “İnternet sizin həyatınızda nə dərəcədə əhəmiyyət kəsb edir?”– deyə bir neçə gəncə verdiyim suala “hər şey, qısaca, yoxluğunu təsəvvür belə edə bilmirəm”, – deyə cavab verənlərlə yanaşı, sualıma “heç nə, sadəcə, bekarçılığın bir əlaməti”, – deyə laqeydcəsinə cavab verənlər də oldu. Hətta bir neçə gənc əvvəl istifadəçisi olsalar da, hal-hazırda dərslərlə əlaqədar olaraq sosial şəbəkələrə, ümumiyyətlə, vaxt ayıra bilmədiklərini vurğuladı. Maraqlıdır, əgər bir çoxları gənclərin sosial şəbəkələrin aludəçisi olduğunu iddia edirsə, onların bu haqda bir-birləri ilə kəskin fərqlənən düşüncələri nədir bəs? Gənclərin bu zidd cavabları nəyi deməyə əsas verir? Belə çıxır ki, sosial şəbəkələri sırf onlarla əlaqələndirmək düzgün deyil? Bəlkə də, ona yaşından asılı olmayaraq, geniş insan kütləsinin istifadə etdiyi, lakin yaş etibarilə gənclərin aktivliyini daha çox sərgilədiyi bir vasitə kimi tərif versək, daha doğru olardı.
Ali məktəbdə eyni kursda təhsil alan Gülçatay Bağırova və Musa Cabbarlı sualımı bir-birlərinə zidd şəkildə cavablandırdılar. Gülçatay qeyd etdi ki, rəfiqələri, sinif yoldaşları, həmçinin qohumları ondan uzaqda yaşadıqlarına görə o, sosial şəbəkələrdən onlarla əlaqə saxlamaq üçün istifadə edir. Musa isə əksinə, dostları, yaxınları ilə yaxın məsafədə yaşasa da, onlarla vaxtaşırı görüşüb vaxt keçirməkdənsə, sosial şəbəkələr vasitəsilə əlaqə saxlamağa, ünsiyyət yaratmağa üstünlük verdiyini vurğuladı. Zənnimcə, aldığım cavablar kifayət edirdi ki, bu mövzuda beynimdə qaranlıq qalan fikirlər açıqlığa qovuşsun. Gənclər sosial şəbəkələrin ən aktiv istifadəçiləridir. Hər halda bu, danılmaz faktdır. Kimisi bu vasitədən ehtiyacı olduğu üçün istifadə edirsə, kimisi isə əfsuslar olsun ki, sadəcə, öz vaxtını itirir. Təbii ki, bir gənc olaraq mənim də çoxları kimi sosial şəbəkələrdə hesabım var və onlardan ünsiyyət, kimlərləsə əlaqə saxlamaq, nələrdənsə xəbərdar olmaq üçün istifadə edirəm. Lakin o, mənimçün nə sırf ünsiyyət vasitəsi, nə asudə vaxtım üçün bir əyləncə, nə də məlumat üçün onlayn vəsait deyil. O, mənimçün, sadəcə, ehtiyacım olduğu halda müraciət etdiyim bir vasitədir. Dediklərim, bəlkə də, qeyri-səmimi qarşılanacaq, amma mütləq əldə etməli olduğumuz materialı əyani vəsaitlərdən tapa bilməyib internetə müraciət etmək ehtiyac deyilmi? Biri ilə skaypda üz-üzə danışmaq mənəvi ehtiyac deyilmi? Və ya göndərilməsi vacib olan mesajlar ehtiyac deyilmi? Məsləhətləşməyə, paylaşmağa olan ehtiyaclar... Çox güman ki, mən də tənbəllik hissinə qarşı öz-özlüyümdə qələbə çalmaya bilərdim, əgər uşaq yaşlarından sinif müəllimimin “çətin, əziyyətlə əldə olunan nə varsa, o daha da qiymətli və yaddaqalan olar” ifadəsini vaxtında və yetərincə dəyərləndirməsəydim. Əminəm ki, bir çoxlarımıza tamamilə belə olmasa da, bu məzmunu əks etdirən cümlələr deyilmişdir, amma deyilən sözün mahiyyətini gərək vaxtında dəyərləndirməyi bacarasan.
Sosial şəbəkələrdən necə istifadə etmək sualına cavab axtaraq. O, bizim tabeliyimizdəykən, lazımsız yerə biz onun aludəçisinə çevrilməyək.
Fatma Babayeva