Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov açaraq günün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, 1993-cü il aprelin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilib, onların bazasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb. Ötən 20 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi muxtar respublika əhalisinin rifah halının yüksəldilməsinə öz töhfəsini verib, mühüm inkişaf yolu keçib. Son illər muxtar respublikamızda da əhalinin sosial hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, vətəndaşların məşğulluğunun təmin olunması və əmək ehtiyatlarının keyfiyyətcə daha da yaxşılaşdırılması üçün əlverişli şərait yaradılır. Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstərilən dövlət qayğısı, yaradılan şərait insanların problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verir.
Qeyd edilib ki, fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daim yüksək dövlət qayğısı göstərilib, nazirliyin tabeliyində yeni xidmət sahələri yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 iyun 2011-ci il tarixli Fərmanı ilə nazirliyin strukturu təkmilləşdirilib, yeni xidmət sahələri fəaliyyətə başlayıb. Həmçinin son illər nazirliyin maddi-texniki bazası xeyli möhkəmləndirilib, əməkdaşlar yüksək iş şəraiti ilə təmin ediliblər. Bu diqqət və qayğının davamı olaraq, nazirliyin inzibati binasında əsaslı yenidənqurma işləri aparılıb.
Ötən 20 ilin ümumiləşdirilmiş xarakteristikası onu deməyə əsas verir ki, verilən tapşırıqların və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mühüm addımlar atılıb. Muxtar respublikamızın inkişafı naminə daha böyük layihələrin icrası isə qarşıdadır. Nazirliyin kollektivi bundan sonra da göstərilən qayğının müqabilində daha səylə çalışacaq, muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfələrini verəcəkdir.
Sonra məruzə ətrafında nazirliyin əməkdaşlarından Fəxrəddin Hacıyevin, Nicat Məmmədovun çıxışları olub, fəaliyyətlərində fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Xəbərlər şöbəsi