Ölkəmizdə bütün təbəqələrdən olan insanlara, o cümlədən əmək pensiyaçılarına göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Bu isə insanların sosial müdafiəsinin gücləndirilməsində, onların həyat tərzinin yaxşılaşdırılmasında, yaşayış səviyyəsinin yüksəldilməsində başlıca amildir. Ölkə başçısının 2016-cı il 16 yanvar tarixli “Əmək pensiyasının baza hissəsinin artırılması” və 2016-cı il 25 yanvar tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamları bunun təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli sərəncamları bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını göstərir. Həmin sərəncamlara əsasən, bu kateqoriyadan olan şəxslərin aylıq vəzifə (tarif) maaşları 1 fevral 2016-cı il tarixdən orta hesabla 10 faiz artırılıb.
Məlumatda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq həmin sərəncamların icra olunması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin xətti ilə əmək pensiyası alan pensiyaçıların pensiyalarının artırılması üçün 2016-cı ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsi tərəfindən müvafiq hesablamalar aparılıb. Bölmə tərəfindən mərkəzləşmiş qaydada muxtar respublika üzrə bu kateqoriyadan olan bütün növ əmək pensiyaçılarının pensiyalarının orta hesabla 10 faiz artırılması təmin edilib.
Hesablanmış artımlar 2016-cı ilin aprel ayının pensiya ödənişində, fevral və mart aylarının artımları da daxil olmaqla bu kateqoriyadan olan əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülüb.
Xəbərlər şöbəsi