Şərur Rayon Təhsil Şöbəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş seminar keçirilib. Seminarda ibtidai sinif müəllimləri, məktəb psixoloqları iştirak ediblər.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Zeynal Hümbətov açıb.
Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Kamal Fərəcov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Zeynal Hümbətov, Naxçıvan Müəllimlər İnstitutunun müəllim-psixoloqu Çapay Quliyev çıxış ediblər. Bildirilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda bu kateqoriyadan olan uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant tədris üzrə pedaqoji kadrlar üçün seminarların təşkil edilməsi də yer alıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud 825 uşaq oxuyur. Bu, muxtar respublika üçün ümumi sağlamlıq imkanları məhdud uşaqların nisbətinə görə yüksək göstəricidir. Lakin təhsilə cəlb olunmuş müvafiq kateqoriyalı uşaqların məktəblərdə təhsilə marağını artırmaq, onları təhsil mühitinə alışdırmaq ibtidai sinif müəllimlərinin, məktəb psixoloqlarının bacarıq və iş prinsipindən çox asılıdır. Sağlamlıq imkanları məhdud uşaqlara ibtidai sinif müəllimləri, məktəb psixoloqları nəzakətli davranmalı, səbir göstərməli, onları hər an dinləməlidirlər.
Vurğulanıb ki, proqrama uyğun olaraq cari ildə müvafiq komissiya tərəfindən tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması, valideyn, şagird və müəllimlərlə görüşlərin təşkili məqsədilə Şərur rayonunun 19 ümumtəhsil və 3 musiqi məktəbində monitorinqlər keçirilib. Təhsil alan sağlamlıq imkanları məhdud uşaqların hər biri ilə fərdi qaydada söhbətlər aparılıb, onların tədrisdə iştirakı vəziyyəti, peşə maraqlarının aşkar edilməsi, istedadlarının üzə çıxarılması ilə bağlı sorğular təşkil olunub. Müvafiq komissiya tərəfindən sağlamlıq imkanları məhdud şagirdlər barədə məlumatlar ümumtəhsil müəssisələrinə təqdim edilib, həmçinin fərdi proqramların müşahidələr əsasında işlənməsi üçün tövsiyələr verilib, habelə sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə şagird və müəllimlər arasında maarifləndirici söhbətlər aparılıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti