Ağbulaq İstirahət Mərkəzi son illərdə muxtar respublikamıza gələn qonaqların, eləcə də məktəblilərin ən çox üz tutduğu ünvanlardandır. Şahbuz rayonunun səfalı guşələrindən birində fəaliyyət göstərən bu mərkəz Naxçıvan şəhərindən 50 kilometr aralı məsafədə yerləşir. Ağbulaq kəndi təmiz havası, suyu, təbii gözəlliyi ilə bura yolu düşən hər kəsi heyran qoyur. Rayon ərazisində aparılmış geniş infrastruktur tədbirləri yerli əhalinin rahat yaşayışı ilə bərabər, buraya gələn turistlərin də mənalı istirahətinə şərait yaradır. Ağbulaq İstirahət Mərkəzi eyni zamanda muxtar respublikada kənd turizminin inkişaf etdirilməsi sahəsində görülən işlərin ilk və gözəl nümunəsidir.
Qeyd edək ki, martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən hər həftənin şənbə və bazar günləri olmaqla, muxtar respublika məktəblilərinin mərkəzə səyahətləri təşkil olunur. Aprel ayının 2-dən icrasına başlanılmış bu layihədə muxtar respublikamızın ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticələr göstərən şagirdləri və aztəminatlı ailələrin uşaqları iştirak edirlər. Naxçıvan şəhər məktəblilərindən sonra ötən şənbə günü – aprelin 9-da Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri bu imkandan yararlandılar.
Naxçıvan şəhərindən səhərçağı avtobuslarla yola düşən Şərur məktəblilərini Ağbulaq İstirahət Mərkəzində mərkəzin əməkdaşları qarşıladı. Məktəblilər əşyalarını yerləşdirdikdən sonra bu turizm mərkəzi ilə tanış oldular. Mərkəzin icraçı direktoru Novruz Novruzov şagirdlərə ətraflı məlumat verərək bildirdi ki, Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl məkanlardan biridir. Mərkəzin tikintisinə 2011-ci ildə başlanılıb. 2013-cü ildə istifadəyə verilən, 3,5 hektar ərazisi olan mərkəz 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur.
Mərkəzlə tanışlıqdan sonra şagirdlər nahar yeməyinə yollandılar. Naharda məktəblilərə milli mətbəximizin ləziz yeməkləri təqdim olundu. Nahardan sonra şagirdlər proqrama əsasən müxtəlif idman yarışlarında iştirak etdilər. “Qarabağ”, “Şərur”, “Kəngərli”, “Neftçi” komandalarının iştirak etdiyi futbol turnirində “Kəngərli” komandası üstün oyun nümayiş etdirərək qalib oldu. Daha sonra rəssam Bəhruz Quliyev şagirdlər üçün ustad dərsi keçdi. Rəssam Ağbulağın füsunkar mənzərələrini kətan üzərinə köçürərək etüd janrında çəkdiyi rəsm əsəri haqqında məktəblilərə ətraflı məlumat verdi. Məktəblilər üçün təşkil olunmuş şahmat və dama turniri də çox maraqla qarşılandı. Şeir müsabiqəsində isə məktəblilər müxtəlif mövzularda şeirlər səsləndirdilər. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin 9-cu sinif şagirdi İbrahim Qasımovun ingilis dilində söylədiyi şeir alqışlarla qarşılandı. Axşama doğru isə şagirdlər üçün vətənpərvərlik və Naxçıvanın turizm potensialı mövzularında təşkil olunan diskussiyalar maraqlı keçdi. “Xəmsə” intellektual oyununda isə hər biri 5 nəfərdən ibarət olan 4 komandaya müxtəlif mövzularda suallar ünvanlandı. 5 raunddan ibarət yarışın sonunda “Xəzər” komandası günün qalibi adını qazandı. Şam yeməyindən sonra şagirdlər “Nuh yurdu Naxçıvan” adlı sənədli filmə baxdılar. Beləliklə, məktəblilərin istirahət mərkəzində ilk günü başa çatdı və hər kəs onlar üçün ayrılmış otaqlara yollandı.
Növbəti gün səhər saatlarında şagirdlər idman meydançasına toplaşandan sonra Azərbaycan Respublikasının Dövlət Himni oxundu, onlar səhər gimnastikası ilə məşğul oldular. Sonra məktəblilər səhər yeməyinə dəvət edildi. Səhər yeməyindən sonra proqramda nəzərdə tutulduğu kimi şagirdlər üçün əyləncəli oyun və viktorinalar təşkil olundu. Qaçış üzrə öz qüvvələrini nümayiş etdirən yeniyetmələr daha sonra “Xəmsə” intellektual oyununun ikinci mərhələsini oynadılar. Rəqiblərindən daha çox düzgün cavab səsləndirən “Alqış” komandası yarışın qalibi oldu. Daha sonra isə şagirdlər vətənpərvərlik mövzusunda mahnılar səsləndirdilər. Nahar yeməyindən sonra məktəblilərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vuruldu və şagirdlər onlar üçün ayrılmış avtobuslarla Naxçıvan şəhərinə yola düşdülər.
Şərurlu məktəblilərin ikigünlük istirahəti həm müəllimlər, həm də şagirdlər tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılandı. Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı Gündüz Əsgərov bizimlə söhbətində bildirdi ki, məktəblilərin bu mərkəzə səfəri muxtar respublikamızın təbii gözəlliklərini tanıması, onların dünyagörüşünün formalaşması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında həyata keçirilən bu layihə şagirdlərlə yanaşı, bizi də çox sevindirir. Bu layihə bir daha onu göstərdi ki, muxtar respublikamızda təhsilə böyük dövlət qayğısı var. Buna görə də bu şəraiti yaradanlara rayonumuzun pedaqoji kollektivləri adından minnətdarlığımızı bildiririk. İnanırıq ki, şagirdlərimizin də buradakı istirahətləri ilə bağlı geniş təəssüratları var.
Şərur rayon Dərvişlər kənd tam orta məktəbinin şagirdi Mircəfər Seyidov: “Ağbulağa gələcəyimi eşidəndə çox sevindim. Bura gələndən sonra gördüm ki, həqiqətən də, bu istirahət mərkəzi çox gözəldir. Hər yer təmiz, səliqəli, havasına da söz ola bilməz. İstirahət üçün çox gözəl şərait yaradılıb. İki gün ərzində vaxtın necə gəlib keçdiyini hiss etmədim. Müxtəlif idman yarışlarının, intellektual oyunların keçirilməsi hər birimizin ürəyincə oldu. Təəssüratlarım çoxdur, bunu bircə kəlmə ilə belə ifadə edərəm: “İmkan olsa, yenə bura gələrəm”.
Rayonun Ərəbyengicə kənd tam orta məktəbinin şagirdi Nəsibə Məcnunlu isə bildirdi ki, burada olduqları müddətdə yaxşı istirahət ediblər. Proqram üzrə təşkil olunan tədbirlərin keçirilməsi, istirahət mərkəzində yaradılmış hərtərəfli şərait onların asudə vaxtlarının təşkilində mühüm rol oynayıb. Müsahibimiz dedi ki, digər məktəblilərin də bura gəlməsini istəyir. Qoy hər kəs görsün ki, muxtar respublikamızın necə gözəl, səfalı yerləri var.
Şərur şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Mehdibəyli öz təəssüratlarını belə bölüşdü: “Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir ki, gəlirəm. Haqqında eşitsəm də, bu mərkəzin belə gözəl, səfalı yerdə yerləşdiyini təsəvvür etmirdim. Təbiəti, havası çox gözəldir. Burada olduğumuz müddətdə heç darıxmadıq. Bu tədbiri təşkil edənlərə minnətdarlığımızı bildiririk”.
İstirahət mərkəzinə səyahətdə məktəblilərlə birgə iştirak edən Şərur rayon Kürkənd tam orta məktəbinin müəllimi Səbuhi Quliyev və Çomaxtur kənd tam orta məktəbinin müəllimi Südabə Nəcəfova da burada yaradılmış şəraitdən razılıqlarını bildirdilər, məktəblilərin istirahətinin təşkilinə görə dövlətimizə minnətdarlıq etdilər. Qeyd etdilər ki, burada keçirilən müxtəlif tədbirlər bundan sonra da uşaqların qabiliyyət və yaradıcılıq potensiallarının inkişafına müsbət təsir göstərəcək, onları daha yaxşı oxumağa həvəsləndirəcək.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Aprel ayının 2-dən start verilən layihə çərçivəsində, ümumilikdə, 405 şagirdin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil ediləcək. Layihə hər həftənin şənbə və bazar günləri olmaqla, iyun ayının 5-dək davam edəcək.
Səbuhi Həsənov