Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ilin birinci rübündə verilən tapşırıqların icrasını diqqət mərkəzində saxlamış, işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və tibbi reabilitasiyası istiqamətində tədbirlər davam etdirilmişdir. İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 536 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 15 nəfər kvota yerlərinə göndərilmiş, 8 nəfər haqqıödənilən ictimai işə, 119 nəfər isə peşə kurslarına cəlb olunmuşdur. İşlə təmin edilənlərdən 31-i məhdud fiziki imkanlı şəxs, 2-si cəzaçəkmə müəssisəsindən azad edilən, 5-i isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır. Qeyd olunan dövrdə 31 nəfər kəndlərdə yeni istifadəyə verilən xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq peşə kursları təşkil edilmiş, ötən 3 ayda müvafiq peşə kurslarına 119 nəfər cəlb edilmişdir. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işə də diqqət artırılmış, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 11 xalça toxuyanla əmək müqaviləsi bağlanmış, onlar lazımi avadanlıq, alət və materiallarla təmin edilmişlər. Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqqının reallığı əks etdirməsi ilə bağlı 188 obyektdə yoxlama aparılmış, 164 halda yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 430 halda isə əməkhaqqının real göstərilməsinə nail olunmuş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda 2 maarifləndirici kurs təşkil edilmişdir.
Müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Bu ilin birinci rübündə sosial qayğıya ehtiyacı olan 1 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər təqdim edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təhsilə cəlbi istiqamətində də işlər davam etdirilmiş, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində tərtib olunmuş qrafik əsasında distant dərslər keçirilmiş, sağlamlıq imkanları məhdud 139 uşağın iştirakı ilə məşğələlər təşkil olunmuşdur. Hazırda Distant Tədris Mərkəzində 23 uşaq təhsil alır. Görmə məhdudiyyəti olan şəxslər üçün nəşr olunan “Könül işığı” adlı brayl jurnalının ötən aylar üçün nömrələri hazırlanaraq audiokitabxanaya daxil edilmişdir. Bu dövrdə tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 435 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, o cümlədən 15 nəfərə Ahıllar evində stasionar sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 72 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 71 uşağın müalicəsi təşkil edilmişdir. Həmçinin 26 nəfərə sanatoriya və pansionatlara göndəriş verilmiş, 22 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunmuş, 31 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 14 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilmişdir.
Əlamətdar günlərdə sosial qayğıya ehtiyacı olan insanlarla görüşlərin keçirilməsi də ənənə halını almışdır. Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə xalq uşaq oyunlarından ibarət əyləncəli yarış təşkil olunmuş, 21 mart “Ümumdünya Daun Sindromlu İnsanlar Günü“ münasibətilə daun sindromlu 65 şəxslə görüş keçirilmiş, sovqat təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti