Babək rayonunun Yarımca kəndindən reportaj
– Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində Badaşqan kəndi də var. 2188 nəfər sakini olan kəndlər Naxçıvan şəhərinin lap yaxınlığında yerləşir. Buna baxmayaraq, sovet dönəmində həmin yaşayış məntəqələrində gözəgələn tikinti-quruculuq tədbirləri aparılmayıb. Kənddə olan dövlət qurumları pərakəndə şəkildə fəaliyyət göstəriblər. Muxtar respublikada quruculuq tədbirlərinə başlanılanda inanırdıq ki, Yarımcada da belə tədbirlər həyata keçiriləcək, – bu sözləri Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əfqan Qənbərov deyir.
Onunla söhbətimiz kənddə istifadəyə verilən bir neçə obyektin açılış mərasiminin ertəsi günü oldu. Hiss etmək çətin deyildi ki, həm icra nümayəndəsi, həm kənd sakinləri hələ də yeni obyektlərin açılış sevincini yaşayırlar. Torpaq mülkiyyətçisi Məhərrəm İsmayılov deyir ki, paytaxt şəhərinə yaxın olan bir ünvanda yaşasaq da, müəyyən çətinliklərimiz var idi. Düşünürdüm ki, ucqar dağ kəndləri belə, müasirləşdirilir, nə üçün Yarımcada belə tədbirlər görülmür? Deməli, hər şeyin öz vaxtı var. İndi fikirləşirəm ki, ucqar ünvanlarda yaşayan insanların həyat səviyyəsini yaxşılaşdırmaq daha vacibdir. Artıq bu gün Yarımca da müasir kəndə çevrilib. Məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəmizə verilib. Onu deyim ki, ömrüm boyu torpaqda çalışmışam. İndi də çalışıram. Dövlətimizin yaratdığı şəraitdən istifadə edərək ailəmlə birlikdə bizə verilən pay torpaq sahəsində əkinçiliklə məşğul olur, yaşayış səviyyəmizi yaxşılaşdırırıq. Ötən ilin payızında 50 hektar sahədə taxıl əkmişəm. Yaxşı da cücərti alınıb. Bu il də yüksək məhsuldarlığa nail olacağam. Bir neçə texnikam var. Həmin texnikaları son illərdə öz zəhmətimlə almışam. Bunun üçün dövlətimizə minnətdaram. Həm ona görə ki, dövlətimizin diqqət və qayğısı sayəsində kəndimiz müasir yaşayış məntəqəsinə çevrilib, həm də kənd sakinlərinin problemləri həll edilib, onların təsərrüfatın müxtəlif sahələrində çalışmalarına, məhsul bolluğu yaratmalarına şərait yaradılıb.
Kəndin girəcəyində gözoxşayan 2 binadan biri kənd mərkəzi, digəri həkim ambulatoriyasıdır. Həkim ambulatoriyasına baş çəkirik. Ambulatoriyanın lap yaxınlığındakı evdə yaşayan 88 yaşlı yarımcalı Əfruz Babayeva ilə həmsöhbət oluruq. Bu el ağbirçəyi sovet dönəmində kəndin kolxozunda çalışıb. Barama becərib, tərəvəz yetişdirib. Hələ o vaxt ailəsinin əkdiyi tutluq indi də durur. Əfruz nənə deyir ki, elə bil cavanlaşmışam. Bir kənddə bu qədər iş görmək kiçik məsələ deyil. Nəvələrim, bilirsinizmi, öz məktəblərindən necə razılıqla danışırlar? Mən də deyirəm ki, tikilənlərin qədrini bilin, müəllimlərinizin sözünə qulaq asın, dərslərinizi yaxşı oxuyun. Bu gün oxumaq zəmanəsidir. Sizə də yaxşı oxumaq üçün şərait yaradılıb. Bizim dövrümüzdə belə şərait yox idi. Bütün bunlar kənd adamlarına dövlətimizin ən böyük hədiyyəsidir.
Həkim ambulatoriyasının baş həkimi Şəfahət Bağışov, feldşer Sədaqət Həsənova və ambulatoriyanın digər işçiləri onlara belə şərait yaradıldığı üçün razılıqlarını bildirdilər. Dünənə qədər darısqal və uyğunlaşdırılmış bir binada fəaliyyət göstərdiklərini xatırlatdılar. Yeni obyektin onların kənd camaatına daha yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verəcəyini dilə gətirdilər. Biz də, öz növbəmizdə, ambulatoriyanın kollektivinə bu şərəfli işdə uğurlar arzuladıq.
Yolumuzu xidmət mərkəzindən salırıq. Mərkəzin qarşısında görüşdüyümüz torpaq mülkiyyətçisi Akif Rasimov, Nizami Hüseynov və başqaları ilə həmsöhbət oluruq. Kənd adamlarının dövlətimizə, dövlətçiliyimizə sədaqətini onların söhbətlərindən hiss etmək çətin deyil. Akif Rüstəmov deyir ki, yarımcalılar bütün bunları ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına göstərilən qayğı kimi dəyərləndirir:
– Muxtar respublikamız sürətlə inkişaf edir. Bunu hamımız görürük. Kəndlərimizin belə abadlaşdırılması da bu inkişafın nəticəsidir. İnkişaf olan yerdə insanların qurub-yaratmaq əzmi də yüksəlir. Bu inkişafın nəticəsidir ki, bir neçə il əvvəl kəndlərimizdə ya bir məktəb binası, ya həkim ambulatoriyası inşa olunurdusa, indi kompleks quruculuq işləri aparılır. Sevinirik ki, Yarımcada da bu işlər başa çatıb. Yollarımıza asfalt döşənib. Rabitə, elektrik və qaz xətləri yenidən çəkilib. Bu isə həm də məişət şəraitimizi yaxşılaşdırıb. Bunun üçün hər bir yarımcalı dövlətimizə minnətdarlıq edir.
– Yarımcalılar torpağa bağlı adamlardır, – bu sözləri Nizami Hüseynov deyir. Bildirir ki, hər il kənd sakinləri həyətyanı və pay torpaq sahələrindən xeyli qazanc əldə edirlər. Bunun üçün onlara hərtərəfli şərait yaradılıb. Kənd adamları kreditlərlə, keyfiyyətli toxumla, gübrələrlə təmin olunurlar. Kənddə çoxlu yeni texnikalar var. Onların hamısını yarımcalılar öz zəhmətləri ilə alıblar. Yəni kənd adamlarının çəkdikləri zəhmət hədər getmir, dövlətimiz tərəfindən dəyərləndirilir...
* * *
– Yarımcada məktəb binası əsaslı yenidən qurulmuşdur. Bu gün məktəbdə 222 şagird təhsil alır. İstifadəyə verilən yeni bina 342 şagird yerlikdir. Bu isə o deməkdir ki, bir neçə onillik üçün Yarımca kəndində məktəb binasının böyüdülməsinə ehtiyac olmayacaq, – deyən icra nümayəndəsi Əfqan Qənbərov bizə məktəbə də baş çəkməyi məsləhət görür. Məktəbdə şaqraq uşaq səsləri hakimdir. Məktəblilərin istifadəsinə verilən yeni bina onların hədsiz sevincinə səbəb olub. Rayon mərkəzlərində tikilən məktəblərdən seçilməyən Yarımca kənd tam orta məktəbinin müəllimləri Cəmalə Məmmədova, Siddiqə Quliyeva, Sədaqət Quliyeva, Ulduz Seyidova onlara yaradılmış bu şəraiti muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı kimi dəyərləndirirlər. Belə qayğının onların məsuliyyət hissini daha da artırdığını dilə gətirirlər.
Məktəbin direktoru Şərəbanı Əliyeva müəllimlərin öz vəzifə borclarına bundan sonra da layiqincə yanaşacaqlarına əminliyini vurğulayır. Deyir ki, bu gün bütün müəllimlərin qarşısında mühüm vəzifələr durur. Muxtar respublikanın qədim tarixini, mədəniyyətini, bugünkü inkişaf səviyyəsini şagirdlərimizə aşılamaq, onları vətənpərvər ruhda, dövlətimizə, dövlətçiliyimizə sədaqət prinsipləri əsasında tərbiyə etmək şərəfli və məsuliyyətli bir işdir. Məktəbin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Yarımca kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsindədir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər hazırlanmalıdır. Gənclər o zaman dövləti və xalqı üçün yararlı olur ki, onlar təhsilli və vətənpərvər böyüdülsünlər. Ölkəmiz bu gün müharibə şəraitindədir. Torpaqlarımız işğal olunub, şəhidlər veririk. Ona görə də məktəb təhsil verməklə yanaşı, həm də vətənpərvər gənclik yetişdirməlidir. Məktəbi bitirən hər bir şagird gələcəkdə harada işləməsindən asılı olmayaraq, vətənpərvər olmalı, ölkəmizə xidmət etməlidir”.
Biz də inanırıq ki, Yarımca kəndində istifadəyə verilən obyektlərdə çalışanlar yaradılan şərait müqabilində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcək, onlara göstərilən qayğıya əməli işləri ilə cavab verəcək, muxtar respublikamızın inkişafı üçün var-qüvvələrini səfərbər edəcəklər.
Muxtar Məmmədov