Müasir dövrdə icbari sığortaların mühüm bir növü də istehsalatda baş verə biləcək bədbəxt hadisələr nəticəsində insanların həyatına və sağlamlığına, əmək qabiliyyətinə dəyən zərərlərin əvəzinin ödənilməsinə xidmət edən sığortadır. Bu sığorta növünün icbari qaydada tətbiq olunması ictimai zərurətdən irəli gəlib cəmiyyətdə hər kəsin – həm işəgötürənin, həm də işçinin mənafelərinə xidmət edir.
Qeyd edək ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mühüm bir tələbatdır. Belə ki, hazırda istehsalatda çalışan hər bir şəxsin sağlamlığının qorunması üçün lazım olan hər cür tədbirlər görülsə də, bəzi fəaliyyət növlərində müşahidə olunan riskli hallar zamanı bədbəxt hadisələr baş verə bilir. Bəzən texnika ilə davrandıqda, bəzən də bir anlıq diqqətsizlik zamanı baş verən bir hadisə insanın sağlamlığına təsir etməklə onun həyatına və maddi vəziyyətinə ciddi zərər vurur. Buna görə də “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılan icbari sığorta hər bir işçinin və sahibkarın maraqlarına xidmət edir. Bu qanuna əsasən tətbiq olunan icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığortaolunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişlərinin verilməsini nəzərdə tutur.
İcbari sığortanın bu növündə məqsədlər çox konkretdir. Burada sığortaçı, sığortalı, sığortaolunan və digər faydalanan şəxslərin öz hüquq və vəzifələri vardır. Belə ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən, işəgötürən hüquqi və ya fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquq müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda çalışanlar, sahibkarlıq və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari qaydada sığorta olunmalıdırlar. Bunlardan əlavə, həmin qanuna görə, istehsalat təcrübəsi keçən tələbələr, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslər də bədbəxt hadisələrdən, peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar.
Hər bir sığorta növündə təminat verilən sığorta hadisələri müqavilə bağlanılarkən əvvəlcədən müəyyənləşdirilir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta zamanı isə xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin əmək fəaliyyətini yerinə yetirdiyi zaman bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin şəkildə pozulması, o cümlədən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri ilə yaranan xroniki və ya kəskin xəstəlik halları sığorta hadisəsi hesab olunur. Bağlanmış müqaviləyə əsasən, belə hallar baş verdikdə sığorta ödənişi almaq hüququna malik faydalanan şəxsə onun məruz qaldığı maddi itkilərin ödənilməsi məqsədilə sığorta məbləği ödənilir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi zamanı baş vermiş sığorta hadisəsinin sığortaolunanın özü tərəfindən qəsdən törədilmiş hərəkətin nəticəsi olduğu, habelə onun sərxoş vəziyyətdə olması halında baş verdiyi zaman sığortaçı ödəyəcəyi sığorta ödənişindən imtina hüququna malikdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə- əmək qabiliyyətinin itirilməsi və ölüm ilə əlaqədar sığortaolunan və yaxud faydalanan şəxslərin sığorta ödənişi almaq hüququ vardır. Bu sığorta növü üzrə aşağıdakılar faydalanan şəxslər hesab olunur: istehsalatda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin özü və ya sığorta hadisəsi nəticəsində sığortaolunanın ölməsi halında onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə sığortaolunanın ölümündən sonra doğulmuş uşaqları və digərləri faydalanan şəxslərdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə- əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta zamanı sığortahaqqının məbləğinə gəldikdə bu, xeyrinə icbari sığorta müqaviləsi bağlanılan şəxslərin müəyyən olunmuş qaydada hesablanan birillik əməkhaqqı fondunun sığorta tarifinin faiz nisbəti əsasında hesablanır. Sığorta tarifi isə istehsalatda fəaliyyət növündən asılı olaraq müəyyən olunmuş peşə riskinin dərəcəsindən və sığortaolunanların kateqoriyalarından asılıdır. Belə ki, bu məbləğ 0,2 faizdən 2 faizədək müəyyənləşdirilir.
Hər bir işçinin iş yerində baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının həyata keçirilməsi işəgötürənin qanunvericiliklə müəyyən olunmuş vəzifəsi olmaqla bərabər, həm də hər bir işçinin qanunla təsbit edilmiş haqqıdır. İşəgötürən sahibkar tərəfindən bu, öz işçilərinin sosial müdafiəsinin tam təmin edilməsi, işçilərin maraqları baxımından isə gələcəkdə öz maddi təminatlarını risk altına almamaqdan ibarətdir. Ona görə də bu sığortanın icbari olaraq aparılması bütün hallarda həm işçilərin, həm də işəgötürən sahibkarların mənafelərinə xidmət edir.
Əli Cabbarov