Qədim Azərbaycan torpağı İrəvanda yaşayan Murtuzayevlər ailəsi 1989-cu ildə doğulan ilk övladlarına Sahil adını qoyurlar. Ancaq Sahilin dünyaya göz açması ilə onun qara günləri də başlayır. Körpə uşaqla öz ata-baba torpağını tərk etmək məcburiyyətində qalan ailə Qarabağda məskunlaşır. Ancaq qara buludlar Murtuzayevlər ailəsini qarabaqara izləyirdi. 1990-cı illərdə baş verən məlum hadisələr onları buradan da uzaqlaşmağa məcbur edir. Ailə Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan qohumlarından birinin yanına üz tutur. Bir neçə aydan sonra ailə başçısı Arif müəllim bu kənddə yaşayış şəraiti olmayan bir uçuq ev alır. Ancaq ailə sabaha inamını itirmir.
Bir çox əziyyətlərin şahidi olan Sahil artıq 17 yaşında ən böyük arzusuna çatır. Kənddə məskunlaşan məcburi qaçqın və köçkünlər üçün 2004-cü ildə evlər tikilməyə başlanılır. Sahil hər dəfə dərsə gedəndə yeni tikilən evlərə baxır, onların tezliklə başa çatmasını arzulayır. Artıq bu tikintilərdə çalışanlar Sahili yaxından tanıyırdılar. Hətta zarafatla: – Sahil, sən tələbə olmasan, bu evlərdən sizə verməyəcəklər, dərslərini yaxşı oxu, – deyirdilər. Sahil böyük həvəslə ali məktəbə hazırlaşır, həm də yeni evin həyəcanını yaşayırdı.
Nəhayət, o gün gəlib yetişdi. 2005-ci ilin may ayının isti günlərinin birində bütün Çalxanqala sakinləri həyəcan içərisində idi. Sahil də onlara veriləcək yeni evin qapısından girməyi səbirsizliklə gözləyirdi. Tədbir başladı. Evlər təhvil verildi. Sahilgilin ailəsi də yeni evin sevincini yaşadı. Bundan sonra onun qarşısında bir məqsəd var idi: ali məktəbə qəbul olunmaq. Sahil bu arzusuna da çatdı, qəbul imtahanlarında yüksək bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasına qəbul olundu. Dörd il müddətində nümunəvi tələbələrdən biri olan Sahil ali təhsilini başa vurduqdan sonra Çalxanqala kəndinə qayıtdı. Məktəbdə işlə təmin olundu.
Budur, hərbi paltar geyinmiş Sahil müəllimlə məktəbin həyətində gəzə-gəzə söhbət edirik. Məni maraqlandıran ilk sualımı ona yönləndirmək istəyirəm. Ancaq, əslində, sualın cavabını bilirəm. Amma bu cavabı onun dilindən eşitmək istəyirəm.
– Ən böyük arzularımdan biri hərbçi olmaq idi. Universitetə arzusunda olduğum ixtisasa qəbul oldum. Düşündüm ki, mən bu formanı geyinib məktəbdə Vətənimə xidmət edəcək və sabahın əsgərlərini yetişdirəcəyəm. Biz çox əziyyətlər çəkmişik. Öz torpaqlarımızı tərk etmişik. Bizimlə bərabər burada neçə ailə yaşayır. Bu ailələrdə göz açan uşaqlar o torpaqlarımızı görməyiblər, başımıza gətirilən müsibətləri bilmirlər. Amma hər dərsdə onlara bu haqda məlumat verirəm. Elektron lövhədə qısa filmlərlə yaşadıqlarımızı şagirdlərimə çatdırıram. Əzəli yurd yerlərimiz haqqında onlara danışıram. Vətənimizin dilbər guşəsi Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Od-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın qəlbini göynədir.
Zəng çalınır. Sahil müəllim söhbətimizin sonunda deyir: – Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri, yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik olan milli ordusu vardır. Dövlətimizin artan gücü və hərbi qüdrəti, bir də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi belə bir inam yaradır ki, tezliklə əzəli və əbədi torpaqlarımız işğaldan azad olunacaq. Dövlət başçısının “biz öz ərazi bütövlüyümüzü istənilən yolla azad edəcəyik” kimi qətiyyətli bəyanatı da bu inamdan xəbər verir.
Sara Əzimova