Növbəti əmək yarmarkalarına aprelin 15-də başlanılacaq
Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurla başa çatmasının nəticəsidir ki, həmin dövrdə yüzlərlə insan özünə yeni iş yeri tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, dövlət proqramından irəli gələn vəzifələri yerinə yetirmək üçün cari ilin ilk 3 ayı ərzində işaxtaran vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilib. Belə ki, 536 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 15 nəfər kvota yerlərinə göndərilib, 8 nəfər haqqıödənilən ictimai işə, ümumilikdə, 119 nəfər isə müvafiq peşə kurslarına cəlb olunub. İşlə təmin edilənlərdən 31-i məhdud fiziki imkanlı şəxs, 2-si cəzaçəkmə müəssisəsindən azad edilən, 5-i isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır.
Məlumatda o da bildirilir ki, kəndlərdə yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi də məşğulluq problemlərinin həllində mühüm rol oynayır. Qeyd olunan dövr ərzində 31 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 3 nəfər xidmət mərkəzlərində müvafiq işlə təmin olunub.
Naxçıvan Regional Peşə-Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq təşkil olunan kurslara 119 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 nəfər, hərbi xidmətdən tərxis olunan 4 nəfər cəlb edilib. Hazırda xalq tətbiqi sənəti növü üzrə xalçaçı və Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkməkdən azad olunacaq şəxslərin sosial reabilitasiyası məqsədilə daşduz üzərində oyma üzrə yeni kurslara başlanılıb.
“Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işin təşkili də davam etdirilir. Belə ki, evdə müvafiq ölçüdə xalçaların toxunması üçün Şərur, Babək, Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 11 nəfər xalça toxuyanla əmək müqaviləsi bağlanılıb, onlar lazımi avadanlıq və alətlərlə, həmçinin materialla təmin ediliblər.
Məlumatda o da bildirilir ki, növbəti əmək yarmarkalarına aprelin 15-də start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. Aprel ayının 19-da Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Aprelin 20-də keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından aprel ayının 21-də yararlana biləcəklər. Aprel ayının 22-də ordubadlılara, 26-da babəklilərə, 27-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 28-də “Gənclik” Mərkəzində keçiriləcək.
Xəbərlər şöbəsi