Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Oğuz yurdu” adlı rəsm sərgisi açılıb.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və ölkəmizin paytaxtında fəaliyyət göstərən Əlil və Gənc Rəssamlar Birliyinin təşkilatçılığı ilə təşkil olunan sərgidə fiziki imkanları məhdud gənclərin əl işlərindən ibarət 56 əsər nümayiş etdirilir. Bu əsərlərdən 31-i muxtar respublikada, 25-i isə ölkəmizin digər regionlarında yaşayan gənclərə məxsusdur.
Bununla bağlı keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar təhsil infrastrukturunun yenilənməsi, kadr potensialının təkmilləşdirilməsi və hər bir təhsil alan şəxsin layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu kateqoriyadan olanların təhsilə cəlbi sistemli xarakter alıb, inklüziv təhsil üçün əsaslı zəmin hazırlanıb. Proqramın icrası zamanı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, sağlamlıq imkanları məhdud uşaqlar məktəbəqədər tərbiyə müəssisələrinə, ümumtəhsil müəssisələrinə, musiqi məktəblərinə, məktəbdənkənar təhsil müəssisələrinə və idman qruplarına cəlb edilir. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar da diqqətdə saxlanılıb, onların təhsilə cəlbi məqsədilə Distant Tədris Mərkəzi, audio və elektron kitabxana xidmətləri yaradılıb. Bununla yanaşı, görmə qabiliyyəti məhdud şəxslərə brayl kurslar təşkil edilir. Nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyət göstərir.
Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” isə məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Oğuz yurdu” adlı rəsm sərgisinin təşkil edilməsi də bu proqram çərçivəsində icra edilir. Sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət bu cür sərgilərin təşkili bu kateqoriyadan olanların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.
Əlil və Gənc Rəssamlar Birliyinin sədri Şəmsəddin Böyükdüzlü sərginin təşkili üçün yaradılmış şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev belə tədbirlərin keçirilməsinin fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyasında böyük rol oynadığını deyib.
Sonra sərgidə iştirak edən gənc rəssamlara Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları təqdim edilib və sərgiyə baxış olub.
Qeyd edək ki, üç gün davam edəcək “Oğuz yurdu” adlı sərgidə ölkəmizin tarixinə və təbiətinə həsr olunmuş yağlı və sulu boya ilə çəkilmiş rəsmlər, toxuma əl işləri və ağac üzərində oyma nümunələri nümayiş etdirilir.
Səbuhi Həsənov