2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda şeir müsabiqəsi keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə müsabiqə iştirakçıları əvvəlcə Azərbaycan və dünya uşaq ədəbiyyatının nümunələrindən ibarət kitab sərgisinə baxıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elçin Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildiriblər ki, “Müstəqilliyimiz əbədidir” mövzusunda müsabiqənin keçirilməsində məqsəd uşaqlarda müstəqilliyimizə sevgi aşılamaq, kitaba marağı artırmaq və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətlə bağlılıqlarını daha da möhkəmləndirməkdir.
Muxtar respublikada uşaqların kitaba marağını artırmaq üçün uşaq ədəbiyyatı sahəsində kitabların nəşri də diqqət mərkəzində saxlanılır. 2011-ci ildə “Uşaqlar və Günəş” almanaxı, 2014-cü ildə “Şeir və hekayələr”, “Təmsillər”, “Poema və pyeslər” kitabları yüksək tərtibatla çap olunaraq uşaq oxucuların istifadəsinə verilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda belə uşaqların istedadlarının aşkara çıxarılması, o cümlədən yaradıcılıq müsabiqələrinin keçirilməsi də yer alıb. Bu mənada, keçirilən şeir müsabiqəsi uşaqların asudə vaxtının səmərəli təşkilinə, cəmiyyətdə özlərini realizəetmə imkanlarının artırılmasına, ictimai həyatın aktiv iştirakçısı olmaq bacarıqlarının üzə çıxarılmasına şərait yaradır.
Sonda qaliblər və həvəsləndirici yerlərə layiq görülənlər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti