Muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası, habelə sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər görülür, həmin qəbildən olan insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir.
Tənha ahıllara göstərilən dövlət qayğısının ifadəsidir ki, Şahbuz şəhərindəki Ahıllar evində sakinlərin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evinə gələrək sakinləri müayinədən keçirir, müalicələrinə köməklik göstərirlər.
Tibbi-Sosial Ekspert Komissiyasının, Göz Xəstəxanasının və Protez-Ortopedik Bərpa Emalatxanasının ixtisaslı həkimləri növbəti tibbi xidmət göstərmək məqsədilə Ahıllar evində olublar. Həkimlər sakinləri tibbi yoxlamadan keçirib, onlara tibbi məsləhətlər veriblər.
Ahıllar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti