Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kurs təşkil edilib.
Tədbiri komitənin aparat rəhbəri Zeynal Hümbətov açaraq adıçəkilən proqramın icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimi Çapay Quliyev çıxış edərək bildirib ki, daun sindromu olan uşaqların erkən yaşlarında sağlam uşaqlarla birgə təlim-tərbiyə almaları onların inkişafına müsbət təsir göstərir. Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilər bu məsələlərə xüsusi diqqət etməli, belə uşaqları daim nəzarətdə saxlamalı, onların cəmiyyətə inteqrasiyası üçün digər uşaqlarla daha çox ünsiyyət qurmalarını təmin etməlidirlər. Daun sindromlu uşaqlarda beyinin ümumi inkişafdan qalması əqli cəhətdən geriliyə səbəb olur. Lakin daun sindromlu uşaqlar çox mehriban olurlar. Kiçik yaşlarından başlayaraq bu uşaqlarla təlim-tərbiyə işinin düzgün aparılması onların insanlarla tez bir zamanda ünsiyyət qurmalarına, hətta özlərinə qulluq etməyi də bacarmağına şərait yaradır.
Psixoloq qeyd edib ki, bağça tərbiyəçiləri bu uşaqlara qarşı səbirli olmalı, mülayim davranmalı, xüsusi məhəbbət göstərməli, onları normal uşaqlardan ayırmamalıdırlar. Bu qəbildən olan uşaqların valideynlərinə dəstək olmaq, uşaqlarda özünəinam hissi yaratmaq, gigiyenik və sadə özünəxidmət vərdişləri aşılamaq, onları əməyə istiqamətləndirmək, belə uşaqların digər yaşıdları ilə oyunlarda iştirakını təmin etmək məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi və metodistlərin əsas vəzifələri olmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti