Muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
“Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda növbəti tədbir Ordubad rayonunun Gilançay Kənd Mərkəzində keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur.
Son illər muxtar respublikada onlarla feldşer-mama məntəqəsinin, eləcə də Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin istifadəyə verilməsi, müasir tibbi avadanlıqlarla təchiz edilməsi qadınların sağlamlığının qorunmasına zəmin yaradıb, ana ölümü sayının minimuma endirilməsinə gətirib çıxarıb. Hər bir yaşayış məntəqəsində olduğu kimi, Ordubad rayonunun Gilançay kəndində də yaşayan qadınların sağlamlıqlarının qorunması üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Dövlətimizin qadınlara göstərdiyi qayğı kimi qadınlarımız da öz ailəsinə qayğı ilə yanaşmalı, övladlarının layiqli vətəndaş kimi böyüdülməsinə çalışmalıdırlar.
Vurğulanıb ki, ailədaxili münasibətlər sisteminin düzgün tənzimlənməsi, ailənin xoşbəxtliyi bir sıra mühüm elementlərdən asılıdır. Bunlar olmadan sağlam ailə barəsində danışmaq mümkün deyil. Bunlardan ən birincisi ailədə ananın üzərinə düşən vəzifələri düzgün yerinə yetirməsidir ki, bu vəzifə çox böyük məsuliyyət tələb edir. İnsan ailədə dünyaya gəlir. Onun ilk sosial mühiti ailəsidir və əldə etdiyi ilk təcrübə və biliklər məhz anadan və ailənin digər üzvlərindən əxz etdikləridir.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Xəbərlər şöbəsi