Aprelin 3-də Şərur rayonunda cari ilin ilk əmək yarmarkası keçirilmişdir. Tədbiri rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açaraq bildirmişdir ki, Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir. Yarmarkanın təşkilində əsas məqsəd işaxtaranların öz ixtisaslarına uyğun işlə təmin olunmasıdır.
Yarmarkada Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, vətəndaşların səmərəli məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığa geniş meydan verilməsinə xüsusi önəm verilir.
İşaxtaran vətəndaş Rəhman Rəsulzadə belə yarmarkaların keçirilməsinin vətəndaşların işlə təmin olunmasında böyük əhəmiyyəti olduğunu vurğulamış, işaxtaranlara, xüsusilə gənclərə istəklərinə uyğun iş yeri tapmaq üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirmişdir.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkaya 18 dövlət və özəl təşkilatdan 251 boş iş yeri çıxarılmışdır. Həmin gün 65 nəfərə göndəriş verilmiş, 25 nəfər ictimai işlərə cəlb olunmuş, 2 nəfər isə peşə hazırlığı kursuna göndərilmişdir.
Xəbərlər şöbəsi