Culfa rayonunun Saltaq kəndindən reportaj
Muxtar respublikamızın bütün bölgələrinin ayrılmaz həyat ritminə çevrilən quruculuq tədbirləri Culfa rayonunun Saltaq kəndini də müasir yaşayış məntəqəsinə çevirib. Yazın ilk günlərinin birində, Novruz bayramının sevincini yaşadığımız günlərdə, mart ayının 28-də Saltaqda 6 obyektin açılışı olub. Quruculuq tədbirləri çərçivəsində bu yaşayış məntəqəsinin kənddaxili yolları yenidən qurulub, asfalt örtük salınıb, su keçidləri qoyulub, beton kanal, qaz, içməli su, rabitə xətləri çəkilib. Əlincə çayında yeni kaptaj tikilib, supaylayıcılar qoyulub, yeni məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, su dəyirmanı istifadəyə verilib. Təbii ki, bütün bunlar saltaqlıların qurub-yaratmaq əzmini yüksəldib, onlarda böyük sevinc hissləri yaradıb.
Bu sevinci bölüşmək üçün üz tutduq həmin kəndə. Son illər regionun digər bölgələri kimi, Babək rayonunun Çeşməbasar kəndi ərazisindən başlayaraq ən ucqar yaşayış məntəqəsi olan Culfa rayonunun Boyəhməd kəndinə qədər böyük həcmdə kompleks quruculuq tədbirləri həyata keçirilib, yollar yenidən qurulub, yol kənarlarında yaşıllıq zolaqları salınıb. İlin bu fəslində yurdumuzun bu dilbər guşəsi özünün yaz gözəlliyinə qovuşub. Belə gözəlliyin yaratdığı mənzərələr isə qurtarmaq bilmir.
Belə mənzərələrdən aldığımız yüksək təəssüratla Saltağa çatırıq. İlk olaraq müasir iş şəraiti yaradılmış kənd mərkəzinə üz tuturuq. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəşir Ağayev Saltaq kəndinə və onun sakinlərinə göstərilən belə dövlət qayğısı üçün minnətdarlığını bildirir. Onunla kənd mərkəzində fəaliyyət göstərən qurumlar üçün ayrılmış otaqları gəzirik. Muxtar respublikanın nail olduğu sosial-iqtisadi inkişafın bəhrəsi olan quruculuq tədbirlərinin Saltağı müasir Azərbaycan kəndinə çevirdiyini görürük. Burada çalışanlar onlara göstərilən qayğıdan razılıq hissi ilə danışırlar.
Yaxınlıqda həkim ambulatoriyası yerləşir. Bu yeni səhiyyə müəssisəsi ilə də tanış oluruq. Baş həkim Fəxrəddin Qəhrəmanov deyir ki, illər boyu arzusunda olduqlarımız artıq reallığa çevrilib. Bilirsinizmi, ucqar dağ kəndlərinin sakinləri bir vaxtlar kiçik bir iş üçün Naxçıvan şəhərinə, rayon mərkəzlərinə üz tutur, müxtəlif çətinliklərlə rastlaşır, xeyli vaxt itirirdilər. Yolların vəziyyəti, nəqliyyat vasitələrinin azlığı, kəndlərdə müxtəlif xidmət sahələrinin olmaması da bu problemləri yaradan səbəblər idi. Neçə illərdir ki, muxtar respublikada bu istiqamətdə davamlı şəkildə həyata keçirilən tədbirlər həmin çətinlikləri aradan qaldırıb. Bu gün muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində belə, müasir infrastruktur yaradılması hesabına kəndlə şəhər arasındakı fərq aradan qaldırılmaqdadır. Bu qayğıdan Saltaq kəndinə də pay düşüb. Qısa zaman kəsiyində kənddə yeni obyektlər tikilib istifadəyə verilib. Bu obyektlər içərisində həkim ambulatoriyası da var. Ambulatoriyada xəstələrin müayinə və müalicəsi üçün şərait yaradılıb. Bu da bizim məsuliyyətimizi xeyli artırıb.
Kənd sakini Zemfira Əliyeva Saltaqda belə ambulatoriyanın istifadəyə verilməsini dövlətimizin kənd adamlarının sağlamlığına verdiyi dəyər kimi qiymətləndirir.
Məktəblilərin və müəllimlərin sevincini onlarla birlikdə elə kənd tam orta məktəbinin yeni binasında bölüşürük. Məktəbin direktoru Sevinc Mustafayeva deyir ki, burada 212 şagird təhsil alır. Bundan əvvəlki bina yenidən qurularaq istifadəmizə verilmişdi. İnsafən, digər kəndlərin məktəbləri ilə müqayisədə bizim məktəbin binası orta səviyyədə idi. Həmin məktəbdə qazandığımız uğurlar da az olmayıb. Bununla belə, muxtar respublikada təhsilin səviyyəsini daha da yüksəltmək, yeni uğurlar qazanmaq üçün Saltaqda da ən müasir tələblərə cavab verən yeni məktəb binasının inşa olunması məktəblilərimizə ən böyük qayğının ifadəsidir. Elə müəllimlərimizə də. Bu gün məktəb xalqın, dövlətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir ünvandır. Çünki burada sabahımız etibar olunacaq nəsil yetişdirilir. Ona görə də məktəbə qayğı elə xalqın və dövlətin sabahına qayğıdır.
Direktor onu da diqqətimizə çatdırır ki, məktəbin qarşısında qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmək, daha böyük nəticələrə nail olmaq üçün təhsil ocağında tədris müəllim-valideyn əlaqələri əsasında qurulub: “Nizam-intizam, işə məsuliyyət hissi və yüksək tələbkarlıq prinsipləri qazanılan uğurların təməlində duran amillərdir. İşimizi bundan sonra da bu istiqamətdə quracaq, bizə göstərilən etimadı doğrultmağa çalışacağıq”.
Artıq saltaqlılar ərzaq məhsullarına, təsərrüfat mallarına olan tələbatlarını ödəmək, müxtəlif xidmətlərdən istifadə etmək üçün rayon mərkəzinə və ya digər ünvanlara üz tutmayacaqlar. Bunun üçün xidmət mərkəzinin fəaliyyətindən istifadə edəcəklər. Burada bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mağazalarda yerli istehsal məhsullarının satışına üstünlük verilir.
Kənd sakini Zakir Məmmədov istifadəyə verilən xidmət mərkəzini insan amilinə göstərilən qayğı kimi dəyərləndirir. Deyir ki, bundan əvvəl kənddə ancaq bir mağaza olub. Oradan istədiyimizi, hətta gündəlik tələbat mallarını almaq bir problemə çevrilmişdi. İndi isə mağazaların sayı ikidir, həm də böyükdür. Bundan başqa, xidmət mərkəzində bərbərxana və gözəllik salonu da yaradılıb. Kənd adamlarına qalır ki, tikilənləri, qurulanları qoruyub saxlasınlar, gələcək nəsillərə çatdırsınlar.
Saltaq kəndində tarixi 150 ili ötən su dəyirmanı uzun illər sakinlərin xidmətində olub. Son illərdə bu dəyirman müxtəlif səbəblər üzündən fəaliyyətini dayandırmışdı. Daha dəqiq desək, dəyirmanı işlədən su arxından istifadə etmək mümkün deyildi. Saltaq kəndində həyata keçirilən quruculuq tədbirləri hesabına qədim su dəyirmanına da yeni həyat bəxş olunub. Əlincəçaydan qidalanan 2800 metrlik dəyirman arxı yenidən qurulub. Bu da dəyirmanın fasiləsiz olaraq işləməsinə şərait yaradıb. Dəyirmançı Həsən Qənbərov ömrünün səkkizinci on illiyini yaşayır. O deyir ki, bu dəyirmanı babası Kəblə Əli kişi tikib. Neçə illər buranı özü işlədib. Sonra onun oğlu Hüseyn kişi bu işi davam etdirib. İndi isə müasir tələblər səviyyəsində yenidən qurulmuş dəyirmanı Həsən Qənbərov işlədir. Həsən kişi onu da əlavə edir ki, vaxtı ilə bu dəyirmana Şərur və Ordubad rayonlarından belə, taxıl üyütməyə gəliblər. Yenidən qurularaq istifadəyə verilən su dəyirmanı Saltaq kəndi ilə yanaşı, qonşu kəndlərin də tələbatını ödəyəcək.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəşir Ağayev deyir ki, Saltaq kəndinin pay torpaq sahələrinə vaxtı ilə Əlincəçay üzərində salınmış körpüdən keçməklə getmək mümkün olub. Son illərdə bu körpü sıradan çıxmış, kənd adamlarının torpaq sahələrinə, örüş yerlərinə getmələri çətinləşmişdi. Yeni salınan körpü bu çətinliyi aradan qaldırıb. Torpaq mülkiyyətçiləri ilə də həmsöhbət oluruq. Elnur Qənbərov deyir ki, adıçəkilən ərazidə ötən ilin payızında 11 hektar sahədə taxıl əkib. Yeni salınan körpü əkin sahəsinə texnika aparılmasına, burada təsərrüfat tədbirlərinin həyata keçirilməsinə imkan verib. Digər torpaq mülkiyyətçisi Əbülfəz Əliyev isə 5,5 hektar sahədə əkin keçirib. Yeni körpünün kənd adamlarının işini xeyli yüngülləşdirdiyindən razılıqlarını bildirən hər iki torpaq mülkiyyətçisi bundan sonra Saltaqda kənd təsərrüfatının daha geniş həcmdə inkişaf etdiriləcəyinə əminliklərini vurğulayır. Bizimlə həmsöhbət olan digər təsərrüfat sahibləri də bu qənaəti təsdiqləyirlər. Deyirlər ki, dövlətimizin belə qayğısı daxili bazarı yerli istehsal məhsulları ilə təmin etməyə imkan verib. Bu imkanlardan Saltağın torpaq mülkiyyətçiləri bundan sonra daha səmərəli istifadə edəcəklər.
Kənd adamları ilə 1-2 saatlıq söhbət muxtar respublikada insan amilinə böyük qayğının ifadəsini bütün çalarları ilə ortaya qoyur. Dəyirmançı Həsən Qənbərovun sözlərini xüsusi vurğulamaq istəyirəm:
– O yerdə ki, insanın çətinliklərilə maraqlanırlar, qeydinə qalırlar, dərdinə əlac edirlər, bu boyda tikinti işi görürlər, köhnə tikintiləri sökülüb dağılmağa qoymurlar, əksinə, təmir edib istifadəyə yararlı hala gətirirlər, deməli, orada yurda bağlılıq var. Elə oraya da ruzi-bərəkət özü yol tapır...
– Ruzi-bərəkətiniz bol olsun, daimi olsun, – deyərək müasirliyə qovuşmuş Saltaqdan qəlbimizdə barmaqla sayıla biləcək kəndlərimizi də lap yaxın vaxtlarda bu yaşayış məntəqəsi kimi görmək inamı ilə ayrılırıq.
Muxtar Məmmədov