23 Dekabr 2024, Bazar ertəsi

Qarşıdan Novruz bayramı gəlir. Artıq bir neçə gündür ki, şəhər və rayonlarımızın əhalisi  bayram tədarükü görür, əziz bayramımız olan Novruz bayramında süfrələrin müxtəlif naz-nemətlə bəzədilməsinə çalışır, bunun üçün bazarlara və yarmarkalara üz tutur. Təbii ki, alıcıları bu günlərdə ən çox sevindirən qiymətlərin ucuzluğu, məhsul bolluğudur. Biz də qiymətlərlə maraqlanmaq üçün bayram yar­markalarının təşkil edildiyi Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazardan  və “Cahan” Ticarət Mərkəzindən yolumuzu saldıq. 

“Cahan” Ticarət Mərkəzində Novruz bayramı münasibətilə topdan və pərakəndəsatış obyektlərinin, piştaxtaların önü qələbəlik idi. Bu da qiymətlərin əhali üçün sərfəli olduğunu göstərirdi. Bir çoxları elə fikirləşirdilər ki, bayram ərəfəsində bahalaşma olacaq. Ancaq bunun əksinə, bir çox qiymətlərdə ucuzlaşma var idi.
Satıcılar qiymətdə heç bir artımın olmadığını və alıcıların mövcud qiymətlərdən razı qaldıqlarını dedilər. Bazarda qiymətlərin hər kəsin büdcəsinə uyğun olduğunu bildirən satıcılardan Elgün Abbasov dedi ki, piştaxtasında satılan meyvələrin qiyməti hər kəsin büdcəsinə görədir. Bundan başqa, aidiyyəti qurumlar tərəfindən gündəlik olaraq qiymətlərə nəzarət olunur, qiymət yarlıqlarının satılan malın üzərində olmasına diqqət göstərilir. Ümumiyyətlə, tək bayramlarda deyil, hər gün qiymətlərin ucuz olmasına çalışırıq.

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda alıcılar da satıcılar kimi qiymətlərdən məmnun qaldıqlarını bildirirdilər. Alıcılardan Mətanət Orucova yarmarkada bol seçim imkanının, bazardakı qiymətlərin qaneedici olduğunu dilə gətirdi. Təbii ki, yarmarkanın öz üstünlükləri var. Torpaq mülkiyyətçiləri, fermerlər məhsulu kəndlərdən gətirib özü satır, alverçilərə vermir. Bu da məhsulun çeşidini bollaşdırır, qiymətləri daha da aşağı salır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Rəqabətin qorunması və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədov dedi ki, bayram ərəfəsində təşkil edilən yarmarkalarda və bazarlarda həm qiymətlərə, həm də məhsulların keyfiyyətinə nəzarət olunur. Qiymətlərə nəzarət etmək üçün nazirliyin işçi qrupları yaradılıb. Bundan başqa, nazirlik Novruz bayramı ərəfəsində qiymətlərin süni şəkildə artırılması faktlarının aşkar olunmasına yönəldilmiş müntəzəm monitorinqlərin keçirilməsini intensivləşdirib. Bazarlarda ərzaq mallarının qiymətlərinin sabit dinamikası saxlanılır və dəyişikliklər qeydə alınmayıb.
Müsahibimiz onu da bildirdi ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə daxili bazarda qiymət intizamına əməl olunması və süni bahalaşma hallarının qarşısının alınması təkcə bayram ərəfəsində deyil, ilboyu aktuallıq kəsb edən məsələlərdəndir. Yerli istehsal müəssisələrinin sahibkarları, ərzaq və qeyri-ərzaq məhsullarını muxtar respublikaya idxal edərək topdansatışını həyata keçirən sahibkarlar, daxili bazarda həmin məhsulların pərakəndə satışını həyata keçirən ticarət obyektlərinin sahibkarları ilə qiymətlər barədə müzakirələr aparılıb. Bazarda süni qiymət artımı hallarının qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində müvafiq işçi qrupları yaradılaraq muxtar respublikanın şəhər, rayon, qəsəbə və kənd mərkəzlərində fəaliyyət göstərən ticarət obyektlərində gündəlik olaraq maarifləndirici monitorinqlər aparılıb. Aşkar olunmuş nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, qiymət artımının qarşısının alınması məqsədilə ərzaq və qeyri-ərzaq məhsullarının üzərinə qiymət yarlıqlarının vurulması təmin edilib, ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndəsatış qiymətlərinə gündəlik nəzarət həyata keçirilib. Daxili bazarda qiymət intizamına nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birlikdə həftədə 1 dəfə olmaqla daxili bazarda əsas istehlak mallarının pərakəndəsatış qiymətlərinin monitorinqi həyata keçirilib, müəyyən olunmuş qiymətlərin ötən ayın müvafiq dövrlərində mövcud olmuş pərakəndəsatış qiymətləri ilə müqayisəli təhlilləri aparılıb. Əlavə olaraq muxtar respublikada istehsal olunan 480 adda və idxal olunan 1631 adda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində yaranması nəzərdə tutulan qiymət artımının müəyyən olunmuş həddən yuxarı qiymətə satışının qarşısının alınmasına nəzarət olunması məqsədilə maarifləndirici istiqamətdə monitorinqlər həyata keçirilib və mövcud pərakəndəsatış qiymətlərinin ötən ilin və ötən ayın müvafiq dövrləri ilə müqayisəli təhlilləri aparılıb.
Manatın devalvasiyasından sonrakı müddət ərzində muxtar respublikaya idxal olunaraq satışı həyata keçirilən məhsulların qiymətlərində müəyyən artımın yaranması zərurətini nəzərə alaraq 15 sahibkarlıq subyekti tərəfindən idxal edilərək satışı həyata keçirilən ərzaq və qeyri-ərzaq məhsullarının yeni artım qiyməti ilə satışına icazə verilməsi haqda müraciətlərinə baxılaraq müvafiq təhlillər aparılıb, yerli istehsal məhsulları nəzərə alınaraq analoji idxal məhsullarının idxalına məhdudiyyətlər tətbiq olunmaqla, ümumilikdə, 863 çeşid məhsulun qiymətləri təhlil olunub, qiymətləri nəzərdə tutulan həddən aşağı olan məhsulların satışına icazə verilib. Bütün bu tədbirlər, son nəticədə, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilib.
Apardığımız müşahidələr zamanı məlum oldu ki, yarmarkalardakı məhsulların qiymətləri bazarlardakı qiymətlərdən 20-30 faiz ucuzdur. Bu da onu göstərir ki, bayram günlərində yarmarkaların təşkili əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsinə yönəldilib.
Ümumiyyətlə, araşdırmamız nəticəsində məlum oldu ki, bayramqabağı bazarlarda və yarmarkalarda heç bir qiymət artımı müşahidə olunmur. Əksinə, qiymətlərdə endirim var. Odur ki, Novruz bayramında süfrənizin ruzili və bərəkətli olmasını diləyirik. Bayramınız mübarək!

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR