23 Dekabr 2024, Bazar ertəsi

Doğma diyarımız yazın ab-havasını, təravətli qoxusunu duyduğu bir vaxtda təbiətin şıltaqlığı ilə qarşılaşdı. Düzdür, yazın sonlarında belə, muxtar respublikanın ucqar dağ kəndlərinə qar yağdığı müşahidə olunub, ancaq bu dəfə Naxçıvan şəhəri də daxil olmaqla, martın 15-i axşam saatlarında başlayan narın yağış səhərə yaxın qara çevrildi, temperatur aşağı düşdü.
Kimisi qarı ruzi, bərəkət adlandırır, “öz yerinə, öz yurduna yağır” deyir, bəziləri isə onu bolluq rəmzi kimi qiymətləndirərək deyirlər ki, bu, sabahın bol məhsulu deməkdir. Onun havanı təmizlədiyini düşünənlər də çoxdur.
Buna baxmayaraq, qarın yağması kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanları bir qədər qayğılandırıb. İnkişafına xüsusi diqqət və qayğı göstərilən, insanların ərzaq təminatında başlıca mənbə olan bu sahədə qazanılan uğurları daha da artırmaq üçün torpaq mülkiyyətçiləri havaların xoş keçdiyi aran ərazilərdə yazlıq taxıl, tərəvəz və kartof əkinlərinə başlayıblar, həmin ünvanlarda bəzi meyvə ağacları öz çiçək donunu geyinib. Bəs belə havalar nə vaxtadək davam edəcək, bunun kənd təsərrüfatına təsiri necə olacaq? Bu və bu kimi suallarla aidiyyəti qurumlara və mütəxəssislərə müraciət etməyi qərara aldıq.

Havanın belə dəyişməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsindən aldığımız məlumata görə, yağıntıların mart ayının 17-si axşama doğru kəsəcəyi gözlənilir. Bu müddətdə muxtar respublikada 5-10 metr sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək. Yüksək dağlıq ərazilərdə şaxta olacaq ki, bundan da narahat olmağa dəyməz. Çünki həmin ərazilər kənd təsərrüfatına əlverişsiz olduğu üçün istifadə edilmir.
Martın 17-də gündüz 8-13 dərəcə isti olacaq, bu rəqəm tədricən 15-20 dərəcəyədək yüksələcək, 17, 18, 19 mart günləri əsasən yağmursuz keçəcək.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkilərin mühafizəsi və karantin şöbəsinin müdiri Əsgər Həsənovun da fikirlərini öyrəndik. O bildirdi ki, narahatçılığa elə bir əsas yoxdur. Dəyə biləcək zərərin qarşısını almaq üçün dədə-babadan qalma üsullardan istifadə etmək olar. Çünki bütün növ əkinlərin yaz şaxtalarından mühafizəsi ata-babadan nəzərə alınaraq regionun kontinental iqlim şəraitinə asanlıqla uyğunlaşa bilən bitki növlərindən istifadə olunmasına son illər diqqət xeyli artırılıb.
Əkinçilik üçün son dərəcə əlverişli şəraiti olan Naxçıvan torpağında yaz aylarında – martda, bəzən aprel ayının birinci ongünlüyündə qarlı, şaxtalı hava şəraitinə təsadüf olunur. Məlumdur ki, qeyd olunan ərəfədə bir çox meyvə, giləmeyvə, o cümlədən badam, püstə, ərik və şaftalının tezyetişən sortları və növləri çiçək açır, üzüm sahələrində tənəklərin üzəri torpaqdan təmizlənib ilkin becərmə tədbiri olaraq quru budama işləri həyata keçirilir. Bütün bunlar nəzərə alınaraq bitkilərin şaxtadan mühafizə olunması üçün bir sıra tədbirləri həyata keçirməliyik. Meyvə bağları və üzümlüklərdə erkən yazda budamadan əvvəl suvarma aparılmalı, torpaqda sərinlik yaradılmalıdır. Belə olan halda bitkilərin kök sistemi bioloji fəallığını nisbi sükunətlə əvəz edərək bar orqanlarında tumurcuqların açılması 10-15 gün yubana bilir. Eyni zamanda temperatur rejiminin aşağı düşməsi nəzərə alınaraq sahələrə bitki qalıqları, küləş tədarük edib yandırılaraq tüstü qatı əmələ gətirilməlidir. Əgər ağacların çətirində və ya bitkilərin bar orqanları üzərində qar qalıqlarına təsadüf edilirsə, ağac çırpanaqla qarı yerə tökmək lazımdır. Ocaqlar hazırlanarkən çalışmaq lazımdır ki, əsasən, küləşdən istifadəyə üstünlük verilsin. Çünki qeyd olunan materiallar yandırıldıqda daha qalın tüstü qatı əmələ gəlir. Tüstüləndirmə güclü olmalıdır.
Soyuq havadan sonra mütəxəssis məsləhəti ilə bitkilər mineral və üzvi, xüsusilə azot və fosforla norma və nisbətlər nəzərə alınaraq yemləndirilməlidir.
Meyvə bağları və üzümlüklərdə, taxıl zəmilərində, eləcə də digər əkinçilik sahələrində bitkilərin sirayətlənə biləcəyi xəstəlik və zərərvericilərin məhv olunmasına soyuq hava kompleks tədbirlərdən 4-5 dəfə artıq müsbət təsir edə bilir. Bu ərəfədə apardığımız müşahidələrin nəticəsi göstərir ki, ziyanından çox xeyri olan qarın yağması heç də əkin sahələrinə, meyvə bağlarına zərər verməyəcək, bu sahədə çalışanlar yerli məhsul istehsalı ilə daxili bazarın təminatının yaxşılaşdırılmasına nail olacaqlar.
Bir məsələni də qeyd edək ki, bir-iki növdə meyvə ağacına dəyən zərəri ümumi kənd təsərrüfatı əkinlərinin zərəri kimi qəbul etmək düzgün deyil. Yağıntının digər əkin sahələrinə, eyni zamanda Ana Təbiətin özünə olan əhəmiyyətini düşünsək, qarşımızdakı mənzərənin hər kəs üçün faydalı olacağını fikirləşmək lazımdır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR