23 Dekabr 2024, Bazar ertəsi

 Ordubad rayonunun Tivi kəndindən reportaj

Ordubad rayonunun ucqar dağ kəndi olan Tiviyə gedərkən dayanmadan yağan qar səfərimizə bir gözəllik qatmışdı. Doğma diyarımızın ilin bütün fəsillərində gözəl olduğu qarlı havada da özünü göstərirdi. Tivi kəndinə çatanda qarın kəsilməkdə olduğunu müşahidə etməyə başladım. Ancaq kənddə, belə güclü qar yağmasına baxmayaraq, əsl yaz havası var idi.  

Budur, avtomobilimiz kəndin mərkəzinə yaxınlaşır. Gözəl bir mənzərə ilə rastlaşıram. Kənd meydanında sıra ilə düzülmüş yeni tikililər Tiviyə müasir görkəm gətirib. Meydanda görüşdüyümüz tivililərlə hal-əhval tuturuq. Elə burada Tivi qonaqpərvərliyinin bir daha şahidi oluram. Gəlişimiz nahar fasiləsinə təsadüf etdiyindən evə dəvət olunuruq. Bu dəvətdə səmimiyyəti hiss etmək çətin deyil. Kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Nəsimi Sultanovla çoxdan tanışıq. Mənə yaxınlaşıb buraya gəldiyimdən atası Qurban əminin xəbəri olduğunu bildirir. Ona görə də Nəsimi müəllimin dəvətinə etiraz edə bilmirəm. Dağ kəndinin ensiz yolları ilə Nəsimi müəllimgilə gedirik. 15-20 dəqiqədən sonra qapılarına çatırıq. Həyətə keçirik. Gəldiyim ev kəndin ən yüksək yerində olduğundan Tivini buradan hərtərəfli müşahidə etmək imkanı qazanırıq.

Evə keçirik. Sadə və səliqəli kənd evi. Diqqətimi ilk cəlb edən evdə iki sobanın qurulmasıdır. Biri odun, biri isə qaz sobasıdır. Odun sobasının istisini çoxdan unutduğumdan sobaya yaxın otururam. Hal-əhval etdikdən sonra ilk olaraq Qurban əmidən bunu soruşuram. Gülümsəyərək cavab verir:
–Dünənə, srağagünə kimi odun yandırmışıq. Dövlətimizi sağ olsun, bu ucqar dağ kəndinə də qaz çəkilməsilə ağaclara da ömür verdik. Bununla belə, həyətlərdə hələ də quru ağaclardan tədarük etdiyimiz yanacaq ehtiyatımız var. Odundan istifadə etməklə ailə büdcəmizin vəsaitinə qənaət edirik. Çətin ayaqda qaz sobası var, qaz da fasiləsiz verilir. Kənd adamları yaxşı başa düşürlər ki, belə ucqarlara qaz xətti çəkmək nə qədər çətindir. Ancaq buna baxmayaraq, qaz çəkilib, insanlar çətinliklərdən qurtulublar. Odur ki, qazdan səmərəli istifadə edirlər.
Qurban əmi ilə söhbət zamanı ortaya çay gəlir. Evin ağbirçəyi Bəsti xala tivililərin qonaqpərvərliyini bir daha nümayiş etdirir. Gözlərim stolun üstünə sataşır. Stolun üstü evdə bişirilmiş şirniyyatlar, mürəbbələrlə doludur. Onu xüsusi qeyd etmək istəyirəm ki, Tivi kəndinin özünəməxsus süfrə və mətbəx mədəniyyəti, ciddi qorunan və əməl olunan adət-ənənələri var. Novruz bayramının isə gözəlliyi tamam başqadır. Elə söhbətə bu mövzu ilə başlayırıq. Qurban əmi deyir ki, bax bu stolun üstündə gördüklərinizin hamısı öz məhsulumuzdur. Havamız təmiz, suyumuz təmiz, məhsullarımız təmiz. Hər bir tivilinin evində bunları görə bilərsiniz. Xüsusilə də Novruz bayramında. Ev sahibindən bu bayramın adətləri barədə soruşuram. Məsələn, ilaxır çərşənbəsini tivililər necə keçirirlər?
Qurban əmi deyir ki, həmin gün hamı təzə geyinir, od qalamaq üçün həyətə çıxır. Uşaqlar uca dağların – Sarıqayanın, Haçanın, Çapılanın yamaclarında, ayaqtutan yerdə tonqal qalayırlar. Sabahı günü cıdır keçirilir. Qonşu kənd­lərdən də bu oyuna qoşulmağa gəlirlər. Bir ay öncədən hazırlaşanlar atlarını cıdırda sınayırlar. İlaxır günü səhərə qədər, demək olar ki, bütün kənd oyaq qalır. Səhər hamı kəndin yuxarısındakı çay qırağına gedir, su üstündən atılır. Bu gün səhər bir az tez gəlsəydiniz, özünüz görərdiniz. Adamlar 4 çay daşı götürür, cıdıra tamaşa edir, evə gələndə hər daşı bir küncə qoyurlar ki, evin bərəkəti bol olsun. Cıdırda ilk 3 yerə çıxan atlar mükafatlandırılır. Novruzda xan bəzəmə bayramı daha da rövnəqləndirir. Evlərdən sinilərdə gətirilən qoğal, paxlava, şəkərbura, şirniyyat xanın hüzuruna qoyulur. Yaşlılar meydanda hər şeyə göz qoyur, dualarını, alqışlarını söyləyirlər. Qara zurnanın səsi ətraf kəndlərə yayılır.
Bir xeyli Tivinin Novruzla bağlı adət-ənənələrindən danışan Qurban əmi onu da qürurla bildirir ki, tivililər bu adətləri ehkam kimi qoruyub saxlayırlar. Son illərdə dövlətimizin də bu bayramın yüksək səviyyədə keçirilməsinə şərait yaratmasından razılığını bildirən Qurban Sultanov deyir ki, illər öncə Tividə də yaşamaq çətin olub. Birinci çətinliyimiz yolumuz idi. Səhər Azadan yola düşən günorta Tiviyə çatırdı.
Diqqətlə üzümə baxıb sual verir:
–Bu qarlı havada Tiviyə gəlməyiniz nə qədər çəkdi?
Yadıma salmağa çalışıram:
–Təxminən, bir saatdan bir qədər artıq.
–Yollar qarlı olmasaydı, 40-45 dəqiqəyə gələrdiniz, – deyib söhbətinə davam edir:
–Tivi gördüyünüz kimi olmayıb. Günlərlə bu kəndə maşın qalxmayıb. İndi ən kiçik minik maşını rahatlıqla gəlib-gedir, özü də vaxt itirmədən. Bilirsən, oğul, bəziləri dağ kəndlərində yaşamağın çətin olduğunu düşünürlər. Mən indiki dövrdə bununla qəti razılaşmıram. Niyə? Bax, bu Tividə yaşamaq üçün nə çatmır? İşığımız, qazımız, yolumuz, gözəl məktəbimiz, mağazamız, həkim ambulatoriyamız. Olub ki, kiçik bir işdən ötrü, ya bazarlıq etmək üçün saatlarla vaxt itirib yaxın kəndlərə, Ordubad və Naxçıvan şəhərlərinə getmişik. Allaha şükür, indi buna ehtiyac yoxdur.
Bu evdə böyüyüb boya-başa çatan övladları barədə soruşuram. Yenə gülümsünür, nəyisə xatırlayırmış kimi bir qədər düşünür, dillənir:
–Beş övlad böyütmüşük. İki oğlan, üç qız. Nə deyim, çətinliklərimiz az olmayıb. Bu gün gördüklərimiz həmin çətinlikləri yadımızdan çıxarmaqdadır.
Bəsti xala övladlarından razılıqla danışır:
–Yanımızda qalan Nəsimidir. O biri övladlarımız Azada, Naxçıvanda, Bakıda özlərinə ocaq qurublar. Ara-sıra gəlirlər, Tivinin bu günündən xeyli razılıq edirlər. Qədim (böyük oğlu) deyir ki, indi muxtar respublikanın bütün kəndləri göz oxşayır. Elə kəndlərimiz var ki, hətta şəhərə bənzəyir. Bayaqdan bizim söhbətlərimizə maraqla qulaq asan qızdan adını soruşuram:
– Rahidədir adım.
Babası Qurban kişi 12 yaşlı Rahidənin Tivini çox sevdiyini, Tivi haqqında çoxlu şeir bildiyini deyir. Ondan Tivi haqqında bir şeir deməsini xahiş edirəm. Deyir:
Əlini at burda göyə,
Ulduzları dərim deyə.
Tanrı verən gözəlliyə
Baxıb seyrə dal, Tividə.
–Tividə hansı gözəlliklər var ki? – deyə soruşuram.
Rahidə bir-bir barmaqlarını büküb sayır:
–Məktəbimiz gözəl, dükanımız gözəl, xəstəxanamız gözəl. Hamısını təzə tikiblər. Babam deyir ki, onlar uşaq olanda Tividə heç məktəb olmayıb. Gedib başqa kənddə oxuyublar. Məktəbimizə tez-tez qonaqlar gəlir. Deyirlər ki, bu binaların qədrini bilin. Dövlətimiz bu işləri sizin üçün görüb. Onların bəziləri elə tivilidir.
–Hansını tanıyırsan?
–Sərvər Məsumu, Sərdar Zeynalı. Şeir yazırlar. Sərdar müəllim deyir ki, Azərbaycanın dağ kəndləri içində Tivi kimi gözəli yoxdur...
Bu da uşaq sevincinin ifadəsi kimi Qurban əminin süfrəsi başında oturanlara belə kənddə yaşamağın ləzzətini yenidən xatırladır. Nəsimi müəllim deyir ki, ötən ilin oktyabr ayında kənddə yeni obyektlər istifadəyə veriləndə bütün kənd sakinləri kimi Rahidənin də sevincinin həddi-hüdudu yox idi. Niyə də sevinməsin? Burada 4-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kompüter otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kitabxana, idman zalı və açıq idman qurğuları var. Məktəb kitabxanasında 5 minə yaxın dərslik və bədii ədəbiyyatdan istifadə edilir. Kimya-biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub. Kompüter sinfində 19 kompüter quraşdırılıb və internetə qoşulub.
Qurban əmi söhbətə qoşularaq kənd və xidmət mərkəzlərindən danışır. Deyir ki, kəndin bütün təşkilatları kənd mərkəzində cəmləşib. Əl-ələ verib işləyirlər. Bunun nəyi pisdir? Əvvəllər hər hansı bir işimizi həll etmək üçün ora-bura gedirdik.
El ağsaqqalı xidmət mərkəzinin fəaliyyətindən də razılıq edir. Ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza və ət satışı yerinin fəaliyyət göstərdiyi mərkəzdə 2 yerlik bərbərxana və qadın gözəllik salonu da istifadəyə verilib.
Söhbətə Nəsimi müəllim qoşulur. Deyir ki, Tivi kənd həkim ambulatoriyası xəstəxanatiplidır. Ambulatoriya üçün 3 mərtəbəli bina tikiblər. Binada baş həkim, doğuş, peyvənd, mama, manipulyasiya, feldşer, qeydiyyat, tibb bacısı, sanitar otaqları, stomatoloq üçün kabinə, palata və aptek vardır.
Ailə üzvlərinin hamısı Tiviyə, bu yaşayış məntəqəsinin sakinlərinə göstərilən belə qayğıdan böyük razılıqla danışırlar. Dövlətimizin qayğısı onların qurub-yaratmaq əzmini xeyli yüksəldib. Nəsimi müəllim onu da vurğulayır ki, tivililər maldarlıq, heyvandarlıq, meyvəçilik, arıçılıq kimi sahələri inkişaf etdirməklə yaşayış səviyyələrini yüksəldirlər. Dağ kəndinin təbii iqlim şəraiti, hərtərəfli dövlət qayğısı onların bu sahələrdə yüksək məhsuldarlığa nail olmalarına imkan verir.

* * *

Söz sözü gətirir, dünənimiz xatırlanır, bu günümüz üçün minnətdarlıq edilir, görülən işlər yüksək dəyərləndirilir. Bəsti xalaya üz tuturam, bu el ağbirçəyinin fikirlərini eşitmək istəyirəm:
–Yatıb yuxumuzda da belə günləri görməzdik. Sağ olsun, dövlətimizi, Allah bayrağımızı daha da uca etsin.
Rahidədən daha bir şeir söyləməsini xahiş edirəm.

Gəlir xoş xəbərlər hər axşam-səhər,
Günəş şəfəqilə bəzəyir onu.
Atıb birdəfəlik köhnə libasın,
Geyibdi əyninə təptəzə donu.

İnsan qayğısına qalmışdı həsrət,
Qeyrətli əllərlə ocaqlaşıbdı.
Çoxdandır bu yurdu tərk edənlərlə
Yenilik, yüksəliş qucaqlaşıbdı.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR