Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevral ayında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığının təşkili, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Belə ki, ötən ay 160 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 8 məhdud fiziki imkanlı şəxs haqqıödənilən ictimai işə, 38 nəfər isə müvafiq peşə kurslarına cəlb edilmişdir. İşlə təmin olunan və peşə kurslarına göndərilənlərdən 17-si məhdud fiziki imkanlı şəxs, 2-si cəzaçəkmə müəssisəsindən azad olunan, 3-ü isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır. Yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi kəndlərdə məşğulluq problemlərinin həllində mühüm rol oynamış, 13 nəfər xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur.
Əmək bazarının tələbləri nəzərə alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunur. Fevral ayında qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər və qazanxana maşinisti peşələri üzrə kursları 60 nəfər bitirmişdir. Hazırda elektrik montyoru peşəsi üzrə kurs davam etdirilir. Ötən ay mərkəzdə sahibkarlıq subyektlərinin kadr işləri üzrə mütəxəssislərinin iştirakı ilə “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda kurs keçirilmiş, muxtar respublikada qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə yoxlama aparılmışdır.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası qarşıda duran ən mühüm vəzifələrdəndir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqlar üçün distant dərslər keçilir, məşğələlərdə onların müasir informasiya texnologiyalarından istifadəsinə köməklik göstərilir. Defektoloji, multisensorlu və əmək terapiyası xidmətinin göstərilməsi məhdud fiziki imkanlı uşaqların inkişafında mühüm rol oynayır. Fevral ayında hərəkət qabiliyyəti məhdud uşaqların distant tədrisə cəlbi davam etdirilmiş, dərslərdə iştirak edən uşaqların sayı 24-ə çatdırılmışdır. Görmə məhdudiyyəti olan uşaqlar üçün nəşr olunan ”Könül işığı” adlı brayl jurnalının fevral nömrəsi isə audiokitabxanaya daxil edilmişdir.
Fevral ayında muxtar respublikada tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 422 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, o cümlədən 14 nəfərə Ahıllar evində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 27, Naxçıvan Uşaq Bərpa Mərkəzində 33 sağlamlıq imkanları məhdud uşağın müalicəsi təşkil edilmişdir. Bu dövrdə 8 nəfərə sanatoriya və pansionatlara göndəriş verilmiş, 8 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunmuş, 14 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 3 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilmişdir. Bundan başqa, Naxçıvan şəhərində, Culfa rayonunun Yaycı və Kəngərli rayonunun Yurdçu kəndlərində yaşayan 3 aztəminatlı ailəyə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş və onlara ərzaq payı verilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti