Bir çoxumuz evimizin müəyyən təmir işləri üçün həmişə peşəkar usta axtarır, “Yaxşı usta tanımırsan?”, – deyə bir-birimizə sual veririk. Kimi məhəllədəki qonşusu, kimi dost-tanışı, kimi iş yoldaşları vasitəsilə rastlaşdığı belə cari məsələləri həll etməyə çalışır. Amma bəzən iş düyünə düşəndə arzu etdiyimiz yaxşı usta əvəzinə elə naşısı da qarşımıza çıxır ki, sonra beşmanatlıq xərci olan kiçik bir işə on manat da əlavə ödəməli oluruq.
Cəmiyyətin müasir inkişaf səviyyəsində hər bir peşə sahibi öz əməyi ilə faydalıdır. Tələbatlarımız artdıqca iqtisadiyyatın müxtəlif sahələrində çalışan peşə sahibləri üçün də yeni iş imkanları yaranır. Bu imkanlardan istifadə edən belə peşə sahibləri öz məşğulluqlarını təmin etməyə çalışırlar.
Məşğulluq problemi cəmiyyətin bütün inkişaf dövrlərində mövcuddur. Bir çox insanlar üçün əmək özünün və ailəsinin tələbatlarının ödənilməsi vasitəsi, bir başqaları üçün isə digər insanlara faydalı ola bilmək yoludur. Bu, elə bir düşüncədir ki, hər bir insan məhz əməklə torpağa atılan hər dənin, üst-üstə qoyulan hər bir kərpicin, son nəticədə, süfrələrimizə bolluq, evimizə yaraşıq, yolumuza abadlıq gətirdiyinə inanaraq halal zəhmətə qatlaşır. Beləliklə, peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əmək inkişafın elə bir amili hesab olunur ki, onun vasitəsilə hər birimiz sağlamlığımızdan tutmuş kiçik bir təmir işinə qədər olan tələbatlarımızı ödəyə bilirik.
Yaxşı peşə, sənət sahibi olmaq gələcəkdə məşğulluğu təmin etməkdən əlavə həm də bu insanların xidmətlərindən istifadə edənlər üçün də bir rifah deməkdir. Şübhəsiz, yaxşı avtomobil təmirçisi və ya qaynaqçının, rəngsaz və ya dülgərin işi hər yerdə bəyənilir və onların gördükləri iş camaat arasında öz-özünə saf-çürük edilərək, necə deyərlər, reklam olunur. Bəli, məhz ona görə öz-özünə reklam dedik ki, birincisi, görülən hər yaxşı işin özü ən yaxşı reklamdır. İkincisi isə bizdə reklam bazarı hələ tam inkişaf etmədiyindən elə bu cür ağızdan-ağıza eşidilən, yalnız dost-tanış zəmanətinə inanaraq hansısa ustaya üz tutmağımız artıq bir dəbə çevrilib. Amma əgər işdir, birdən bu zəmanət özünü doğrultmasa, onda problem də ikiqat artır. Deməli, elə peşə, sənət növləri vardır ki, onların sahiblərini ya hamı tanımalı, ya da bu məsələyə bir tənzimləmə gətirilməlidir.
Əslində, haqqında danışdığımız məsələ ilə hamı tanışdır. Yəni biz bu gün bir çox məhsulları idxal etsək də, bəzi xidmətlər, məsələn, tibb xidmətləri istisna olmaqla, əsas xidmətləri öz yerli mütəxəssislərimizdən almağa üstünlük veririk. İndiyə qədər kimsə barmağını qatlayıb deyə bilməz ki, hardansa əcnəbi bənna, qaynaqçı, lehimçi, qəlibçi, çilingər, dərzi, suvaqçı, fotoqraf, montajçı və daha bu kimi digər peşə sahiblərini dəvət edib onlara iş təklif etmişik. Ola bilər ki, yeni texnologiyanın tətbiqi ilə qısa müddətə bu işləri əvəz edən əcnəbi mütəxəssisə ehtiyacımız olub, amma bu problem dövlətimizin qayğısı sayəsində, demək olar ki, tamamilə öz həllini tapıb. Onlarla ixtisas üzrə Naxçıvan şəhərində və Şərur rayonunda peşə tədrisi üzrə fəaliyyət göstərən məktəbləri bitirən çox sayda müdavimlər hazırda muxtar respublikamızın əmək bazarında müxtəlif peşələrə olan tələbatı ödəyirlər.
Ancaq müşahidələr göstərir ki, belə peşə sahiblərinin hazırlanması təkcə bu işin tam həlli demək deyildir. Sözsüz ki, belə sənət sahibləri fərdi qaydada öz məşğulluqlarını təmin etdiyindən onların da əksəriyyətində müasir dillə desək, ictimaiyyətlə əlaqələr işi yalnız dədə-baba qaydası, yəni yuxarıda qeyd etdiyimiz kimlərinsə reklamı ilə baş verir. Ancaq bu, müəyyən sahələrdəki problemləri həll etmir. Məsələn, ola bilər ki, müraciət etdiyimiz hansısa dərzinin səliqəsiz işi bizi qane etməsin. Oxuculardan kimsə deyə bilər ki, burada qabardılacaq nə var ki? Bəli, burada kiməsə güzəşt ola bilər. Ancaq evimizin təmirini həvalə etdiyimiz naşı ustanın quraşdırdığı yarıtmaz su, istilik sisteminin nə kimi fəsadlar törətdiyini bir çoxumuz yaxşı bilirik. Yaxud belə bir səriştəsizlik elektrik xətlərinin çəkilişində olarsa necə? Texniki standartlara düzgün əməl olunmadan çəkilmiş qaz xətlərindəki sızmadan, elektrik naqillərindəki qısaqapanmadan baş verən yanğın, partlayış və ya dəm qazı zəhərlənməsi kimi bədbəxt hadisələrin də əsas səbəblərindən biri budur. Digər bir tərəfdən, hardan gəldi tapılıb, iş görmək üçün dəvət olunan belə peşə sahibləri ilə risk səviyyəsi yüksək olan işlər zamanı heç bir müqavilənin olmaması çox sayda problemlər yaradır. Belə ki, iş təklif edən şəxslə hər hansı müqaviləsi olmayan və texniki təhlükəsizlik şərtlərinə düzgün əməl etməyən peşə sahibinin istehsalatda bədbəxt hadisələrdən sığortası olmadığı üçün baş verə biləcək təsadüfi hadisə zamanı sağlamlığını və ya həyatını itirdiyi zaman heç bir maddi təminatı olmadığı kimi, o, təqaüd yaşına çatdığında sosial sığorta fondundan da heç bir maddi təminat ala bilməyəcək. Belə hallara isə tez-tez rast gəlinir. Digər bir tərəfdən, müqavilə bağlamadan, yalnızca şifahi razılaşma yolu ilə görülən belə işlərin sonunda bir çox hallarda tərəflər arasında müxtəlif səbəblərdən mübahisələr yarandığı da məlumdur. Odur ki, əmək bazarında müxtəlif peşə sahiblərinin xidmətlərinə olan tələbin ödənilməsi üçün artıq müasir dövrün reallıqları əsasında dünya təcrübəsinin tətbiqi aktuallıq kəsb edir. Belə ki, məsələn, bu gün Almaniyada peşə sahiblərinə işlər təklif olunduqda hökmən müqavilə bağlanılması, ustanın lisenziyalı və sözsüz ki, sığortalı olması tələb edilir. Qaldı ki, işin tapılması, bu da çox sadə və ucuz yolla həll olunur. İnternet hər yerdə olduğu kimi, əmək bazarında da işçi və sahibkarın bir-birini tapa bilməsi üçün ən əlverişli məkandır. Bu sahədə insanlara müxtəlif peşə sahiblərinin təklif etdiyi xidmətlər haqqında lazım olan informasiyanı verə biləcək hansısa sahibkarın fəaliyyətinə ehtiyac yaranır. Sahibkarlığın inkişafına böyük qayğı göstərildiyi, yeni müəssisələrin yaradılması üçün güzəştli kreditlər verildiyi bir dövrdə bunu reallaşdırmaq çox asan məsələdir. Məsələn, bu gün avtomobil hissəsi və ya təmirçisi lazım olduqda şəhərimizdə yaradılmış müasir bir mərkəzə müraciət edir, lazım olan tam servis ala bilirik. Ancaq digər peşə sahibləri lazım olduqda bəlkə günlərlə vaxt itirib konkret olaraq kimə müraciət edəcəyimizi bilmir və ya seçim qarşısında qalırıq. Halbuki bütün işləri bacara bilən peşəkar ustalarımız olduğu halda, bu məsələ bir telefon zəngi qədər asan olmalıdır. Bir sıra inkişaf etmiş ölkələrdə oduğu kimi, bizdə də evlərdə təmir işlərini həyata keçirən bir müəssisə, kiçik sahibkarlıq subyekti yaradılsa, hamının ürəyincə olmazmı? Evimizdə kiçik bir təmirə ehtiyac yarandıqda müraciət edəcəyimiz konkret bir ünvan olsa, peşəkar ustalardan xidmət alsaq, bu, hər birimizin işini asanlaşdırmazmı? Şübhəsiz, bu sahədə də tətbiq olunacaq yenilik ümumi rifahımız, təhlükəsizliyimiz və rahat yaşayışımız üçündür.
Əli Cabbarov