Bu yaşayış məntəqəsi müasir Azərbaycan kəndinin canlı nümunəsidir
(Reportaj)
Şərur rayonunun Şahbulaq kəndi haqqında ətraflı məlumatım var idi. Bilirdim ki, hər tərəfdən dağlarla əhatələnmiş bu yaşayış məntəqəsi Ermənistanla sərhəddə yerləşir. Sakinlərinin, əsasən, maldarlıq və bağçılıqla məşğul olduqları Şahbulaq ermənilərin Azərbaycan torpaqlarına 1988-ci ildən başlanan hücumlarının ilk hədəflərindən biri olub. Kəndin mərd oğulları düşmənin bütün həmlələrinə sinə gərərək qədim yurd yerlərini qoruyub, onun sinəsinə düşmən ayağı dəyməsinə imkan verməyiblər.
Vaxtilə gözdənuzaq, könüldəniraq olan Şahbulaqda 2013-cü il dekabr ayının 3-də yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Şahbulaq kəndində abadlıq işləri də aparılıb, 7 min metrdən artıq fiber-optik, 2300 metr elektrik və 300 metr qaz xətti çəkilib. Kəndin 380 metr içməli su xətti təmir edilib, kənddaxili məhəllələrdə yol kənarları boyu 150 metr hasar çəkilib. Bu quruculuq tədbirləri kəndin simasını tamamilə dəyişib.
Ancaq biri var, eşidəsən, biri də var ki, gözünlə görəsən. Ötən günlərin birində yolum bu qədim sərhəd yaşayış məntəqəsinə düşdü. Rayonun Gümüşlü kəndi ərazisindən ayrılan Şahbulaq yolu sanki uca dağları kəsib keçir. Bu dağlara baxarkən yadıma görkəmli şairimiz Məmməd Arazın “Qayalarda bitən çiçək” ifadəsi düşdü. Burada heç bir bəlağət yoxdur.
Doğrudan da dağ yamaclarında daş arasından boylanan gül-çiçəklər insana yüksək əhval-ruhiyyə bəxş edir. Müasir tələblər səviyyəsində yenidən qurulmuş yolun sərnişini olmaq da ovqatımıza əlavə çalarlar qatır. Kəndin girəcəyindən üzüyuxarı qalxırıq. Xidmət və kənd mərkəzləri, məktəb binası diqqəti cəlb edir. İlk olaraq həmin obyektlərdən birinə – kənd mərkəzinə baş çəkirik. Binada bizi kənd mədəniyyət evinin müdiri Rövşən Qafarov qarşılayır. Çoxdankı tanış kimi bizimlə hal-əhval tutur. Kənd adamının bu səmimi münasibətindən istifadə edib ondan bizi Şahbulaqda hansısa bir ailə ilə həmsöhbət olmağa kömək etməsini xahiş edirik. Rövşən gülümsünərək: – elə bizə getsək lap yaxşı olar, atam da dünyagörmüş adamdır, Şahbulağın dünənini də görüb, bu gününü də görür, – deyib qolumuza girir.
Dağ ətəyində salınmış böyük və meyvə ağacları ilə dolu olan həyət evi. Bu il yaz bu dağ kəndinə də bir qədər tez gəlib. Ağacların bəziləri çiçək donunu geyinib. Evə keçirik. Bizi elə qapı ağzında Rövşənin atası Sadıq kişi qarşılayır. Ömrünün doqquzuncu onilliyini yaşayan el ağsaqqalı xoş bir təbəssümlə “xoş gəldiniz”, – deyir. Arxasınca onun ömür-gün yoldaşı Zeynəb xala da “xoş gəldin” edir. Evdə Novruz bayramının ətrini duymaq çətin deyil. Stolun üstündə üç sinidə səməni qoyulub. Meyvələr, bayram üçün ən əziz şirniyyat olan paxlava, şəkərbura insanın iştahasını artırır. Ailəni bayram münasibətilə təbrik edirik. Sadıq kişi hal-əhval tutduqdan sonra:
– Bu əziz bayram ərəfəsində bütün evlərə xoş günlər arzulayıram. Gün o gün olsun ki, bu əziz günü işğal altında olan torpaqlarımızda keçirək. O gün bu bayramın ləzzəti daha böyük olacaq, – deyir. Bir qədər nə isə fikirləşir, sonra soruşur:
– Gəldiyiniz yol sizi yormadı ki? – gülərək öz sualına özü cavab verir: – yormaz. Məsafə uzaq da olsa, yollarımız şəhər yollarından seçilmir. Əslində, heç uzaq da deyil. Naxçıvan şəhərindən gəldiyinizə görə sizə uzaq görünə bilər. Şahbulaqla Şərur şəhərinin arası 22 kilometrdir. Üç il əvvəl kənddə çox açılışlar oldu. Yolumuzu da elə onda təzələdilər. İndi nə bu kəndə gələn qonaqlar, nə də onları bura gətirən maşınların sürücüləri heç bir narahatçılıq keçirmirlər. Deyirlər ki, Naxçıvanın bütün dağ kəndlərinin yolları indi belədir.
Rövşən deyir ki, Şahbulaqda yenidənqurma işləri aparılan vaxt yolu bir qədər genişləndiriblər, yeni asfalt örtük salıblar. Kənddaxili yol da təmir olunub, su keçidləri qoyulub. Üç körpü salınıb, istinad divarı tikilib, beton kanal çəkilib.
Bu vaxt evin qapısı döyülür. Evin kiçiyi Sadıq (Rövşən oğluna atasının adını verib) durub qapını açır. Gümüşlü (Şahbulaq Gümüşlünün tərkibindədir) kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Məmmədov və məktəbin direktoru Salman Cəfərov burada olduğumuzu eşidib bizimlə görüşməyə gəliblər. Onlarla haradan söhbətə başlamaq barədə düşünürəm. Deyəsən, fikrimdən keçənləri hiss ediblər. Elə yenə Sadıq kişi söhbətə başlayır:
– Kəndimizin indiki görkəminə baxanda yadıma Naxçıvanın 20-25 il bundan əvvəlki çağları düşür. O barədə çox danışmaq, sizi də yormaq istəmirəm. Ancaq deməsən də olmur axı. Qoy bugünkü nəsil də bilsin ki, necə dövrdə yaşayırlar. Nə isə... Altı da, üstü də ruzi-bərəkətlə dolu olan Naxçıvanda o vaxt yaşamaq günü-gündən çətinləşirdi. Bədnam qonşular öz arzularına çatmaq üçün ortaya atılandan sonra vəziyyət lap pisləşdi. Yolların bağlanması bir tərəfdən, işığın, qazın olmaması bir tərəfdən işimizi çətinləşdirdi. Həyətlərdə ağac qoymadıq qalsın. Uşaqlar üşüməsinlər deyə, qabağımıza keçən cavan ağacları belə, kəsirdik. Həyətdə gördükləriniz ağaclar hamısı cavan ağaclardır. Kəndə qaz çəkiləndən sonra əkmişik. Bir neçə ildir ki, məhsul verirlər.
Zeynəb xala ömür-gün yoldaşına üzünü tutur:
– Ay Sadıq, imkan ver qonaqlar çaylarını içsinlər, yol gəliblər. Keçənləri çox qurdalama, bu gündən danış. Odur bax, evdən də görünən təzə məktəb binası, idarə, dükanlar. Onlardan danış...
Balaca Sadıq nənəsinin sözlərindən ruhlanır:
– Məktəbimizi görmüsünüz? Mən də gələn il orada oxuyacağam. Yaxşı oxuyacağam. Dərslərimdən 5 alacağam.
Bu dilli-dilavər uşağın sevincini mən də yaşayıram. Yadıma özümün orta məktəbdə oxuduğum illər düşür. Çiy kərpicdən olan məktəb binası kənd camaatının gücü ilə tikilmişdi. Qışı soyuq, tozlu-torpaqlı sinif otaqları burada təhsilin tələb olunan səviyyədə qurulmasına imkan vermirdi. İndi o məktəbin yaxınlığında arxitekturası ilə gözoxşayan ikimərtəbəli bina tikilib. Qürurverici hal ondadır ki, bu gün muxtar respublikanın, demək olar ki, bütün yaşayış məntəqələrində belə təhsil ocaqları var. Bu da xalqın gələcəyinə ünvanlanmış quruculuq tədbiridir və Şahbulaq kəndi də istisna deyil...
Məni bu düşüncələrdən Şahbulaq kənd tam orta məktəbinin direktoru Salman Cəfərovun söhbəti ayırır. Salman müəllim deyir ki, yeni məktəb binası 110 şagird yerlikdir. Binada 11 sinif otağı, müxtəlif fənn laboratoriyaları, hərbi kabinə, müəllimlər otağı, idman zalı və bufet istifadəmizə verilib. Zəngin kitabxanamız var. İnformatika dərslərinin daha səmərəli keçilməsi üçün imkan yaradılıb. Kompüter otağında müasir kompüter dəstləri quraşdırılıb, internetə qoşulub. Üç elektron lövhəli sinif də şagirdlərə dövlətimizin hədiyyəsidir.
Şahbulaq kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yeni kənd mərkəzinin də inşa olunduğunu bildirən Rafiq Məmmədov söhbətə qoşulur:
– Şahbulaqdan əvvəl Gümüşlüdə kənd mərkəzi tikilsə də, şahbulaqlıların problemlərinin yerindəcə həll olunması məqsədilə bu kənddə də belə obyektin həyata vəsiqə alması dövlətimizin bu yaşayış məntəqəsinin sakinlərinə böyük qayğısı və töhfəsidir. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli binada kitabxana, polis sahə məntəqəsi, baytar otağı, rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 55 yerlik iclas zalı yerləşir. Bu qurumlarda çalışanlar üçün müasir iş şəraiti yaradılıb.
Zeynəb xala isə kənd mərkəzində istifadəyə verilən və mərkəzin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsinə görə minnətdarlığını bildirir.
Məlumat üçün onu da deyək ki, mərkəzdəki rabitə evində yeni ATS quraşdırılıb, poçt bölməsi yaradılıb. Poçt bölməsində məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, qəzetlərin, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçirilir, kənd əhalisinə bank xidməti göstərilir.
Şahbulaqlılara dövlət qayğısının bir ifadəsi də kənddə xidmət mərkəzinin istifadəyə verilməsidir. Mərkəzdə ərzaq mağazası, ət satışı yeri fəaliyyət göstərir. Burada bərbərxana və qadın gözəllik salonu da var.
Bayram ovqatlı Şahbulaqdan ayrılarkən düşüncələrimə hakim kəsilən bir qənaətlə, yəqin ki, oxucular da razılaşarlar: Bu gün muxtar respublikada şəhərlə kənd arasında olan fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər regionumuzda bərqərar olunmuş sabitliyin, sosial-iqtisadi inkişafın bəhrələridir. Şahbulaq kəndi də bu cəhətdən istisna deyil.
Şahbulaqda gördüklərimi evdə danışanda Naxçıvan şəhərindəki Qızlar Liseyinin VI sinfində oxuyan nəvəm İnci dedi:
– Ora şəhərdir ki, baba...
Bəli, bu gün muxtar respublikamızın bütün kəndləri şəhər timsallıdır. Bütün bunlar doğma diyara yurd sevgisinin ifadəsi, bu günümüzə, sabahımıza cavabdehlik hissinin nəticəsidir.
Muxtar Məmmədov