Ordubad rayonunda cari ilin ilk məşğulluq tədbiri olan əmək yarmarkası keçirilib. Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Nazim Hüseynov çıxış edərək bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun yaxşılaşdırılması üçün çevik məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının keçirilməsinə diqqət daha da artırılıb. Ötən il rayonda keçirilən əmək yarmarkalarında rayon sakinləri müxtəlif xarakterli işlərlə təmin olunublar. Cari ildə də bu ənənə davam etdirilir.
İşaxtaran vətəndaş Sevər Məmmədova əmək yarmarkasının keçirilməsinin işaxtaranlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Reyhun Babayev çıxışında qeyd edib ki, rayonda məşğulluq problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Kənd mərkəzlərinin, məktəb binalarının tikilməsi, içməli su və kanalizasiya xətlərinin çəkilişi, digər quruculuq tədbirlərinin həyata keçirilməsi yeni iş yerlərinin yaranmasına, idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunmasına geniş imkanlar açır.
Sonra əmək yarmarkasının iştirakçıları boş iş yerləri ilə tanış olublar. 11 müəssisədən 154 boş iş yerinin işaxtaran vətəndaşlara təqdim edildiyi yarmarkada 45 nəfərə işə göndəriş verilib. Növbəti əmək yarmarkası bu gün Şərur rayonunda keçiriləcəkdir.
Xəbərlər şöbəsi