Hər il olduğu kimi, bu il də muxtar respublikamızın əhalisi Novruzu böyük sevinc və əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşır. Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bayram şənlikləri ən ülvi duyğularla yaddaşlara həkk olunsun. Bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı bəzən insanların ehtiyatsızlığı üzündən xoşagəlməz hadisələrlə də rastlaşırıq ki, bunlardan biri də yanğınlardır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Novruz bayramı günlərində yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tədbirlər planı tərtib edilib. Həmin plana uyğun olaraq mədəniyyət, təhsil müəssisələrində, uşaq bağçalarında, mehmanxana və şadlıq evlərində, ticarət mərkəzlərində, insanların kütləvi olaraq bayram şənliyinə toplaşdığı yerlərdə yoxlama-nəzarət və maarifləndirmə tədbirləri aparılır.
Nazirlik bayram şənliklərinin keçirilməsi zamanı arzuolunmaz hadisələrlə üzləşməmək üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasını tövsiyə edir.
Yadda saxlamaq lazımdır ki, tonqal yandırılan yerlərdə əvvəlcədən təhlükəsizlik tədbirləri həyata keçirmək vacibdir. Tonqal yandırılarkən onun yeri düzgün seçilməlidir. Tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, partladıcıların və fişənglərin azyaşlı uşaqlar tərəfindən havaya atılmasına yol vermək olmaz. Çünki məşəllər evlərin dam örtüklərinin, həyətyanı sahələrə yığılmış yanar materialların, çəpərlərin və ot-saman tayaları yığılmış yerlərin üzərinə düşə və güclü yanğınların baş verməsinə səbəb ola bilər.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə, eləcə də digər yaşayış sahələrində avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması qəti qadağandır.
Novruz bayramının bir bəzəyi də xonça tutmaq, şam yandırmaqdır. Şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir.
Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməli, qabaqlayıcı tədbirlər görməlidirlər.
Bayram şənliklərinin keçirilməsi zamanı yanğın hadisələri ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin “101” xidmətinə məlumat verməyi unutmayın.
Azər QASIMOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı