Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görür. Tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayan kollektiv 2016-cı ilin fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 10 milyon 188 min manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Bu dövrdə sığortaolunanlara 242 min manat dəyərində müavinət ödənilmişdir.
Ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya hüququ yaranmış 263 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan əmək pensiyaçılarına plastik kartların verilməsi və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 2 min 383 plastik kart hazırlanması üçün sifariş verilmişdir. Həmçinin 784 sosial sığorta şəhadətnaməsi sığortaolunanlara çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” və 2016-cı il 25 yanvar tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamlarına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği fevralın 1-dən 10 faiz, sığorta hissəsinin məbləği isə yanvarın 1-dən 4 faiz artırılmışdır. Hər iki sərəncam üzrə tapşırıqlar vaxtında yerinə yetirilmiş, fevral ayında pensiyalar artımlar nəzərə alınmaqla ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin artırılması haqqında” 2016-cı il 19 yanvar tarixli Fərmanına uyğun olaraq fevral ayının 1-dən sosial müavinət ödənişləri 10 faiz artımla hesablanmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti