1993-cü il aprelin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilmiş, onların bazasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılmışdır. Ötən 20 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi muxtar respublika əhalisinin rifah halının yüksəldilməsinə öz töhfəsini vermiş, mühüm inkişaf yolu keçmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, bu sahədə müsbət dəyişikliklərə nail olunmuşdur. Ulu öndərin rəhbərliyi ilə insanların sosial müdafiəsinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şərait yaradılmışdır.
Son illər muxtar respublikamızda da əhalinin sosial hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, vətəndaşların məşğulluğunun təmin olunması və əmək ehtiyatlarının keyfiyyətcə daha da yaxşılaşdırılması üçün əlverişli şərait yaradılır. Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstərilən dövlət qayğısı, yaradılan şərait insanların problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verir.
Fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daim yüksək dövlət qayğısı göstərilmiş, nazirliyin tabeliyində yeni xidmət sahələri yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28 iyun 2011-ci il tarixli Fərmanı ilə nazirliyin strukturu təkmilləşdirilmiş, yeni xidmət sahələri fəaliyyətə başlamışdır. Həmçinin son illər nazirliyin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, əməkdaşlar yüksək iş şəraiti ilə təmin edilmişlər. Bu diqqət və qayğının davamı olaraq, nazirliyin inzibati binasında əsaslı yenidənqurma işləri aparılmışdır.
İşaxtaran və işsiz vətəndaşların işlə təmin edilməsi, onların ixtisasartırma kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb olunması, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Muxtar respublikada bu iş diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın uğurlu icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Proqramının icrası nəticəsində şəhər və rayon məşğulluq mərkəzləri tərəfindən 24 mindən artıq işaxtaran və işsiz vətəndaş müxtəlif sahələrdə peşə və ixtisaslarına uyğun işlə təmin edilmişlər. İşaxtaran və işsiz vətəndaşların işlə təmin olunmasında ən çevik formalardan biri olan əmək yarmarkalarının təşkili nəticəsində muxtar respublikada 6079 vətəndaş işlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzi yaradılmış və 2009-cu ildə fəaliyyətə başlamışdır. Mərkəz vətəndaşların müxtəlif peşələrə yiyələnməsi, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sahəsində fəaliyyət göstərir. Bu günə qədər mərkəzi 72 peşə ixtisası üzrə 868 müdavim bitirmişdir.
Dinamik inkişaf mərhələsini yaşayan muxtar respublikamızda sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara xüsusi dövlət qayğısı göstərilir. Əlillər və şəhid ailələri üçün fərdi evlərin və ümumi yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobilləri və texniki bərpa vasitələri ilə təmin edilməsi, sağlamlıqlarının qorunması, tənha yaşayan və köməyə ehtiyacı olan əlillərə evdə sosial məişət xidmətinin göstərilməsi onların həyat səviyyələrinin yüksəldilməsinə səbəb olmuşdur. Hazırda muxtar respublikada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan 25 min 626 şəxsə müxtəlif növ sosial xidmətlər göstərilir. Ötən dövr ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvində iştirak edərək əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə 319 ədəd avtomobil verilmiş, 188 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuş, 1988 nəfərin Naxçıvan Əlillərin Bərpa Mərkəzində, 18 yaşadək sağlamlıq imkanları məhdud 1047 uşağın isə Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicələri, 127 nəfərin müalicəsi üçün xarici ölkələrə göndərilməsi təmin edilmişdir. 3758 məhdud fiziki imkanlı vətəndaş müxtəlif texniki bərpa vasitələri ilə təmin olunmuş, 2272 nəfərə protez-ortopedik xidmət göstərilmiş, respublikamızın müxtəlif sanatoriya və pansionatlarında müalicə üçün 1846 nəfərə göndərişlər verilmişdir.
Sağlamlıq imkanları məhdud şəxslərin müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən bəhrələnmək imkanları da günü-gündən genişlənir. Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu kateqoriyadan olan şəxslərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnmələrinə və cəmiyyətimizin həyatında fəal iştiraklarına təkan vermişdir. Mərkəzdə bu kateqoriyadan olanlara informasiya texnologiyaları tədris olunur, görmə qabiliyyəti məhdud uşaqlara bu sahədə bilik və bacarıqlar aşılanır. Eyni zamanda burada görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana da vardır.
Muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili istiqamətində də intensiv tədbirlər həyata keçirilir. Hər il sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərindən ibarət sərgilər, müsabiqələr, həmçinin onların iştirakı ilə idman yarışları təşkil olunur, əlamətdar günlərdə bu kareqoriyadan olanlarla görüşlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən bu yolun uğurla davam etdirilməsi, bu yola yüksək sədaqət göstərilməsi ölkəmizdə bütün sahələrin sürətli inkişafını təmin edir”. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı da insanlara göstərilən diqqət və qayğının artmasına, onların rifah halının daha da yüksəldilməsinə imkan verir.
Ötən 20 ilin ümumiləşdirilmiş xarakteristikası onu deməyə əsas verir ki, verilən tapşırıqların və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mühüm addımlar atılmışdır. Muxtar respublikamızın inkişafı naminə daha böyük layihələrin icrası isə qarşıdadır. Nazirliyin kollektivi bundan sonra da göstərilən qayğının müqabilində daha səylə çalışacaq, muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfələrini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti