23 Dekabr 2024, Bazar ertəsi

Xalq təqviminə görə Boz ayın üçüncü çərşənbəsi torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi el arasında “qara çərşənbə”, “quyruqlu çərşənbə”, “yer çərşənbə” adı ilə də tanınır. Şərur rayonunun bəzi kəndlərində bu çərşənbəyə “kül çərşənbə”si, bəzi kəndlərdə isə “ölü çərşənbə”si də deyilir.
Xalq arasında olan inama görə bu çərşənbədə torpaq oyanır və artıq əkinə hazır olduğunu göstərir. Torpaqdan otlar baş qaldırır. El arasında deyərlər ki, cəmrə torpağa düşür, torpaqdan buxar qalxır, deməli, torpaq isinib, yaz əkininə başlamaq olar. Xüsusən yazlıq arpa yubanmadan əkilməlidir. Xalq arasında olan inama görə bolluq, bərəkət rəmzi olaraq torpaq çərşənbəsində torpağa buğdadan toxum qoyulmalıdır. Ədəbiyyat materiallarında qeyd edilir ki, erkən orta əsrlərdə Azərbaycanda əkinçiliklə əlaqəli “İsfəndəkan” adlı bayram keçirirdilər. Sonralar bu bayram torpaq çərşənbəsi adlandırılıb. Yuxarıda qeyd etdik ki, torpaq çərşənbəsinə xalq arasında “qara çərşənbə” də deyilir. Çərşənbənin “qara çərşənbə” adlanması iki mənada izah edilir:

1. Xalq arasında olan adətə görə qara bayramı keçirilməmiş mərhumlara bu çərşənbə ərzində qara bayram keçirilir, ailələr yasdan çıxırlar. Bir sözlə, xalq axır çərşənbəyə və Novruza yasdan çıxmış halda getməyə çalışır.
2. Çərşənbənin qara adlanması qarın tamamilə əriməsi, torpağın qaralması ilə əlaqələndirilir. Ancaq biz birinci variant üzərində daha çox dayanırıq.
Bu çərşənbədən başlayaraq artıq çay, bulaq kənarlarında yarpız görünməyə başlayır. Həyət-bacada əsaslı işlərə başlanılır. Bağ-bağata əl gəzdirilir, həyət-baca səliqə-sahmana salınır. Bağ-bağatda ağacların qol-budağı budanır, artıq nə varsa yandırılır, ağacların dibi bellənir. Torpaq insanları yaşayış üçün zəruri olan qida ilə təmin edən real həyati varlıqdır. Torpaq deyir: öldür məni, dirildim səni. Bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu dayanır. Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən amillərdir.
Bu çərşənbə ilə axır çərşənbənin arasında yerinə yetiriləcək işlərdən ən başlıcası qız-gəlinlərə aparılacaq İlaxır payının hazırlanmasıdır.

Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR