Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud uşaqların valideynlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, məqsəd məktəbyaşlı görmə məhdudiyyəti olan uşaqların davamlı təhsilə cəlb edilməsinə, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Tədbirdə mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası üçün yaradılan şəraitdən, görmə qabiliyyəti məhdud şəxslərə audiokitabxana xidmətindən, aylıq brayl jurnalının nəşrindən, bu kateqoriyadan olan uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə təşkil edilən yaradıcılıq müsabiqələrindən bəhs edilib.
Görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbin müəllimi Cəmşid Abdullayev tədrisin təşkili, uşaqların təhsili ilə bağlı hazırlanan proqramlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kompüter mütəxəssisi Elməddin Kərimov çıxış edərək uşaqların elmi biliklərə yiyələnməsi və dünyagörüşünün zənginləşməsində müasir informasiya texnologiyalarının rolundan və onlardan istifadə sahəsində biliklərin artırılması məqsədilə təşkil edilən məşğələlərdən danışıb.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti