Xalq təqviminə uyğun olaraq Boz ayın ikinci çərşənbəsi “külək çərşənbəsi” və ya “yel çərşənbəsi” adlanır. Xalq arasında ikinci çərşənbə “külə çərşənbəsi”, “xəbər çərşənbəsi” adı ilə də tanınmışdır. Toplanmış etnoqrafik materiallara əsasən, xalq arasında ikinci çərşənbənin bu cür adlanması belə izah edilir: bu çərşənbə hələ tam deyil, yəni külədir, qısadır. Bəzi tədqiqatçılar küləni gülə (gülə çərşənbə) kimi adlandırmış, bu sözün də ilk çiçək görünməsi ilə əlaqəli olduğunu qeyd etmişlər. Lakin sonrakı üçüncü çərşənbənin xalq arasında “quyruqlu çərşənbə” kimi adlanması sözün külə olduğunu deməyə imkan verir. Bundan əlavə, bu zaman əsən küləklərin yazın gəldiyini xəbər verməsi, havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir ki, bu, “xəbər çərşənbə” adlanır.
Külək çərşənbəsində küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir.
“Vədə yeli ağ yeldir” deyib atalarımız. O gələndə artıq qar əriyər. İranın Ərdəbil bölgəsində Novruz bayramına 17 gün qalmış külək əsməyə başlayır ki, xalq arasında buna da “vədə yeli” deyilir. Bu dövr də, hesablamalara görə, külək çərşənbəsinə təsadüf edir. Bu küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtını bildirir.
Qaraqoyunlu türklərində Güney tərəfdən gələn yelə “ağ yel” deyərlər. Bu yel hər il fevral ayının sonunda əsər. Ağ yel isti bir yel olub qarları əridir. Bu yelin əsməsini xalq Novruzun gəlişi ilə bağlayır:
Əsdi vədə yeli yaz müjdəsiylə,
Qondu eyvanıma yenə qaranquş!
Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən “vədə küləyi” (yəni gözlənilən vaxtda əsən) adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli” (ələyəz ot adıdır), “ağ yel” deyilir. Bir deyimə görə, ələyəz yeli qalxdı, artıq qar əriyər, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvan bölgəsində sözü, fikri, əqidəsi bilinməyən adama deyirlər – ələyəz yelidir, hərdən bir tərəfə əyilir.
Digər bir deyimə görə, vədə yeli yazın yelidir. Elə ki, əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə köməklik göstərər. Köçəri quşlar (leylək, durna, qaranquş) yazın ilk müjdəçiləri hesab edilir. Bu quşların gəlməsi ilə əsl yaz başlayar. Xakas türklərində mart ayına “haan” deyərlər ki, bu da köçəri quşların geri döndüyü ay anlamında başa düşülür.
Xalq arasında belə bir deyim var ki, leylək deyər: “Təzə ildə gəlmərəm, köhnə ildə də qalmaram”. Digər bir deyimə görə, leyləyə daş atmazlar, əgər atılarsa, küsüb gedər, yaz yubanar. İnanca görə, ilk gələn leyləyin dimdiyində ot görünürsə, bu, insanlar tərəfindən sevinclə qarşılanır. Leyləklə bağlı materiallara AMEA-nın müxbir üzvü Hacıqadir Qədirzadənin tədqiqatlarında da rast gəlirik. Bununla bağlı müəllif qeyd edir ki, xalqın müşahidələrinə əsasən, yazın ilk əlaməti leyləyin qayıtmasıdır. Leyləklər, əsasən, kiçik çillənin sonu, çilləbeçənin əvvəllərində gəlirlər. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, soyuq küləklər əsir. Buna “leylək boranı” deyirlər. Xalq arasında bu da geniş yayılıb ki, gərək leyləyin yumurtasının üstünə qar yağa. Ümumən, leyləklər erkən qayıtdıqda öz köhnə yuvalarına dönürlər. Onlar Novruzu yuvalarında keçirirlər. Türkiyənin Ədirnə bölgəsində bir atalar sözü var ki, bu atalar sözündə leyləyin yuvasına döndüyü zaman çox açıq bir şəkildə ortaya qoyulur: “Cəmrə havaya, leylək yuvaya…” Deməli, leyləklər yuvalarına cəmrələrin olduğu dövrdə, yəni köhnə ildə dönürlər.
Xalqın uzunmüddətli müşahidələrinə görə, quşların astral simvolika və feneoloji zaman hesablaması ilə əlaqəsi vardır. İnama görə, qartalın hərəkəti fəsillərin dəyişməsi ilə sıx bağlıdır. Qanadlarını bir dəfə çalanda yaz, iki dəfə çalanda qış gələr. Bundan əlavə, xalq arasında deyərlər ki, cəhrəçi quşun görünməsi yazın gəlməsinə bir işarədir. Bu köçəri quşlar içərisində yazın carçısı qaranquşla durnanı xüsusi qeyd etmək olar. Bizim mifologiyamızda da hər iki quşun feneoloji zaman hesablaması ilə əlaqəsi vardır.
İlin bu dövründə əsən küləklər Novruzdan bir həftə sonra dayanmağa başlayır. Tədqiqatçı alim İsmet Çetin yazır ki, küləyin getməsi, soyuqların olmaması münasibətilə Anadolunun bəzi bölgələrində damların üstündə yel çörəyi, yel hədiyi bişirilir və ətrafdakı evlərə paylanılır.
Xalq arasında deyilir ki, yaz ilin elə bir dövrüdür ki, hər şey ondan asılıdır. Gərək hər işi vaxtında, vədəsində görəsən. Bir el söyləməsində deyildiyi kimi, “hər şey vədəyə baxsa da, vədə heç nəyə baxmaz”.
Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı