Valideynlərin başlıca vəzifələrindən biri övladların tərbiyəsidir. Belə bir müdrik deyim var: uşaq əzizdir, tərbiyəsi ondan da əziz.
Tanınmış bir ərəb mütəfəkkirinin fikrincə, “Hava və qidadan sonra vücudumuzun ən çox ehtiyac duyduğu üçüncü şey təlim-tərbiyədir. Tərbiyə əqlimizin ilkin özəyidir”. Bəli, bu gün tərbiyə insanın xoşbəxtliyinin, mənəvi aləminin zənginliyinin, milli ruha bağlılığının təminatçısıdır. Tərbiyənin düzgün qurulması, başlanğıcı ailədən, analardan başlanır. Biz övladımızı hansı ruhda, hansı əqidədə yetişdiririksə, gələcəyimiz o istiqamətdə köklənmiş olacaq.
Hər bir uşaq fərd kimi dünyaya gəlir. Onun şəxsiyyətə çevrilməsində ailənin rolu böyükdür. Fərdin şəxsiyyətə çevrilməsi üçün yüksək mənəvi keyfiyyətlər əldə etməsi vacibdir. Bu mənəvi keyfiyyətlərin təməli ailədə qoyulur. Uşağın formalaşmasına irsiyyət, yəni valideynlərdən irsən keçmiş xüsusiyyətlər və sosial mühit, yəni onu əhatə edən maddi-mənəvi aləmin mühüm təsiri var. Uşaq daim valideynlər tərəfindən nəzarətdə saxlanılmalı, sevgi və nəvazişlə böyüdülməli, onun fikir və düşüncələrinə hörmətlə yanaşılmalıdır. Uşağın yaxşı, təqdirəlayiq davranış və hərəkətləri mütləq rəğbətlə qarşılanmalı, təriflənməli, yanlış hərəkətləri isə məzəmmət edilmədən tənbehlənməlidir. Məzəmmət olunarsa, uşaq qorxudan yalan danışmağa meyil edəcəkdir.
Uşaqlara sosial mühitin qayda-qanunları sakit və anlaya biləcəyi tərzdə izah edilməlidir. Evdə icazə alma vərdişi formalaşmalı, uşaq başqasına aid əşyanı icazəsiz götürməməlidir. İcazə almadan götürdüyü əşyanı yerinə qoyması üçün onu cəzalandırmaq, yaxud fiziki cəza tətbiq etmək düzgün deyil. Bu zaman uşaq daha da maraqlı olur, gizlin işlər görməyə başlayır. Halbuki nə üçün götürməməlidir izah olunarsa, məsələn: bu kitab qardaşınındır, bu qələm atanındır, sənə aid deyil, sənin oyuncağını bacın icazəsiz götürsə, nə edərsən və sair kimi izahatlarla daha aydın anlayar.
Uşağı başqalarının yanında təhqir etmək, mənliyini incitmək olmaz. Bu zaman özünə hörmət etməyən, şəxsiyyətini yüksək tutmayan, çəkingən, özünə inamsız şəxsiyyətin təməlini qoymuş olarıq. Uşaqlar hər yaşda onlara olan münasibətin səmimi, yaxud qeyri-səmimi olduğunu anlamağa qadirdirlər. Uşaqla rəftarımızda səbirli, anlayışlı, gülərüzlü olmalıyıq. Dəfələrlə müşahidə etmişik ki, lap körpə vaxtlarında qığıldamağa başlayan uşağın üzünə təbəssümlə baxanda, o qol-qanad açır, gülümsəyir, əksinə qaradinməzlik göstərəndə məyuslaşır.
Müşahidələr və araşdırmalar göstərir ki, hər istəyi yerinə yetirilən uşaqların xoşbəxt olacağı düşüncəsi yanlışdır. Uşağın hər hansı bir şeyi (oyuncaq, geyim və sair) valideyndən təkid və həyəcanla istəməsinə baxmayaraq, əldə etdikdən qısa müddət sonra ona marağı sönür, başqa istəkləri meydana çıxır.
Valideynlər bilməlidirlər ki, övladlarının hər istəyini yerinə yetirmək, əslində, təlim-tərbiyədə yol verilən ən böyük nöqsandır. Həyatın çətinlikləri ilə mübarizə aparmağı bacaran, cəmiyyətə faydalı olan, hərtərəfli inkişaf etmiş övlad yetişdirmək kimi ali məqsədə çatmaq üçün uşağa bəzi qanun, qaydalar izah olunmalıdır.
Bəzən illərlə övlad arzusu ilə yaşayan valideynlər sahib olduqları övladlarının bir sözünü iki etməmək üçün çalışırlar. Valideyn vara, yoxa baxmadan uşağın istədiyini yerinə yetirir. Bu, çox səhv və gələcəyi fəsadlı tərbiyə növüdür. Belə valideynlər düşünmürlər ki, bu gün bahalı oyuncaq istəyən uşaq sabah bahalı telefon, kompüter, maşın və sair istəyəcək. Gəlin görək, bu istəkləri qarşılamaq üçün büdcə münasibdirmi? Kiçik yaşında uşaq mağazadan bir konfet götürür, ikincini götürəndə izah etmək lazımdır ki, birini seçməlisən, yalnız birini ala bilərik. Onun anlayacağı tərzdə məişət qayğılarından söhbət etmək lazımdır. Məsələn, afərin qızıma, konfetin birini götürdü, o birinin puluna çörək aldıq və sair. Belə böyüdülən uşaqda əqidə, iradə, nə istədiyini bilmək kimi keyfiyyətlər formalaşır. Həmin əqidə ki, insana öz həyat yolunu tam aydınlığı ilə müəyyənləşdirmək, təsəvvür etmək imkanı verir. Yaxud digər keyfiyyət olan iradə insanın qarşısına qoyduğu məqsədinə nail olmaq üçün onun fəaliyyəti zamanı rastlaşdığı çətinlikləri aradan qaldırma qabiliyyətidir. Kiçik yaşlarından aza qane olmağı bacaran uşaq qənaətcil, anlayışlı, gözəl ailə başçısına çevrilir. Başqa sözlə, gələcəyin valideynlərini özümüz formalaşdırıb gələcək ailələri ya xoşbəxt, azı, çoxu bilən kimi yetişdirir, ya da bədbəxt edirik. Bu gün gənc nəsil bizdən maddi imkanı nəzərə almadan nə isə tələb edirsə və onu yerinə yetiririksə, bu, öz günahımızdır.
Heç bir çətinliklə üzləşməyən, hər istədiyini çətinlik çəkmədən əldə edən insanda yaşamaq eşqi, qədirbilmə anlayışı olmur. Maddi-mənəvi hər şeyi əldə edən şəxs artıq başqa istiqamətlərə meyil edir. Daim bir maraq nöqtəsi axtarır.
Uşaqların tərbiyəsində nizam-intizamın mühüm yeri var. Nizam-intizam qaydaları təkcə uşaqlarda deyil, böyüklərdə də özünə hörmət, özünə güvən hissini artırır. Hədəf uşağın özünə nəzarət etməyi öyrənməsidir. Valideynin köməyi olmadan müəyyən çətinliyi aradan qaldırdıqda uşaqlarda özünə inam hissi artır və onlar özlərini daha sərbəst və müstəqil hiss etməyə başlayırlar. Müəyyən bir işi müstəqil görmə bacarığı yaşamaq uğrunda mübarizə mexanizmini işə salır, uşağın özünü təsdiq hissini artırır. Beləliklə, uşağın ərköyünlüyü tədricən aradan qaldırılır. Əgər uşağın istəyi valideynin maddi vəziyyətinə və həyat tərzinə uyğun deyilsə, onun diqqətini başqa istiqamətə yönəltməyə çalışmaq lazımdır. Uşaq sevgi və hörmət çərçivəsində böyüməli, bunun bərabərində valideynlər fikirlərində sabit olmalı, yeri gələndə qərarından dönməməlidirlər. Bu, uşağın tərbiyəsi, gələcəyi üçün çox önəmlidir. Uşağına “yox” sözünü öyrədə bilmədiyindən gileylənən bir çox valideynin məhz əsas problemi qeyri-sabit mövqeyi və davranışlarıdır.
Doğrudur, uşağın tərbiyəsində qaydaların və məhdudiyyətlərin qoyulması çox vacibdir. Özbaşınalıq uşağın emosional inkişafına çox mane olur, həmçinin uşaqda həmişə özünün haqlı olması hissini yaradır. Bu da zamanla eqoistlik və özünübəyənmə hissinin formalaşmasına gətirib çıxarır. Belə mənfi xüsusiyyətlərə xas olan uşaq öz yaşıdları ilə konfliktlər yaşayır, müəllimlərlə ümumi dil tapa bilmir, qrup işlərinə qoşulmaqdan qaçır. Belə uşaqların, adətən, dostları olmur, onlar tənhalığa məhkum olurlar.
Uşağa qarşı qəddarlıq və fiziki cəza tətbiq etmək səhv metoddur. Bu, uşağın ata-anaya qarşı münasibətinə zərər gətirir, hətta bəzən nifrət yaradır. Həmçinin uşaqlar bu cür yanlış yanaşma nəticəsində passiv, özünə inamsız fərdlər olaraq yetişirlər. Həddən artıq sərbəst və limitsiz imkanlar yaratmaq da faydalı deyil, hətta təhlükəlidir. Bu cür şəraitdə böyüyən uşaqlar sosial həyata uyğunlaşmaqda çətinlik çəkirlər.
Bəzən valideynlər uşağı həyata hazırlamaq məqsədilə lazımsız dərəcədə qatılıq edirlər. “Biz çox çətin şəraitdə yaşadıq, sən də azla kifayətlənməyi öyrən” deyərək uşağı yaşıdlarından çox geri salaraq haqsızlıq edirlər. Əgər nəyəsə qənaət ediləcəksə və ya alınmayacaqsa, bunun məntiqli bir səbəbi olmalıdır və uşağa istədiyini hazırda həyata keçirməyin mümkünsüzlüyü izah edilməli, həmçinin yerinə yetirilməyəcək vədlər verilməməlidir.
Şəxsiyyəti formalaşdıran amillər ailə və sosial mühitdir. Əsası ailədə qoyulan tərbiyənin yaxşısı da, pisi də həm cəmiyyətə, həm də ailədaxili münasibətlərə təsirsiz ötüşmür. Unutmamalıyıq ki, yaxşı tərbiyə həm ailə üçün, həm də cəmiyyət üçün əvəzolunmaz nemətdir.
Müşərrəf BAĞIROVA
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı