Sığortanın genişlənib sürətlə yayıldığı bir dövrdə fiziki şəxslərə məxsus ev əmlakının sığortasının aktuallığı artmaqdadır. İnsanların sahib olduğu daşınmaz əmlak və ev əmlakı normal yaşayış üçün çox əhəmiyyətli olduğundan onların sığorta olunması da mühüm iqtisadi maraq kəsb edir. Çünki əmək sərf edib əmlak əldə etməklə bərabər, eyni zamanda onun qorunması da insanın əsas qayğılarından biri sayılır.
Sığortalanmış vətəndaşlar gözlənilməz bir hadisə ilə rastlaşdıqda dəymiş maddi zərərlərin əvəzini almaqla, əslində, özlərinin sosial müdafiəsini də təmin etmiş olurlar. Beləliklə, elə vacib sahələr vardır ki, onlar həm icbari, həm də könüllü qaydada sığortaya cəlb olunmaqla insanlara bu mühüm zəmanət verilir.
Elə hadisələr vardır ki, bu zaman daşınmaz əmlakla bərabər, onun içində olan ev əmlakı da zərər görüb sıradan çıxır. İnsanlar əldə etdikləri hər şeyə zəmanət almağı üstün tuturlar. Ona görə də risklərə məruz qalmağı sevməyən, onları sığorta orqanlarına ötürməyi üstün tutanlar əmlakının zərər görməsi halında yaranmış maddi itkilərin əvəzini sığorta agentliyinin verdiyi zəmanətlə bərpa edə bilirlər. Bədbəxt hadisələr zamanı daşınmaz əmlakın özü ilə bərabər, onun içində olan qiymətli əşyalar da məhv olub sıradan çıxır. Əgər daşınmaz əmlak qanunla müəyyən olunmuş minimum məbləğdə icbari olaraq sığortalanırsa, daşınmaz əmlakın bundan yuxarı məbləğdə və vətəndaşa məxsus ev əmlakı könüllü olaraq sığortaya cəlb olunur.
Könüllü sığortanın bu növü nəyə görə vacibdir? Bu suala cavab vermək üçün bəzi gözlənilməz hadisələrin nəticələrinə baxmaq lazımdır. Elə gözlənilməz bədbəxt hadisələr vardır ki, bu zaman vətəndaşlara dəyən zərərlər daşınmaz əmlakın zərər görməsindən çox, ev əmlakının itirilməsi ilə yaranır. Məsələn, əgər zəlzələ olduqda daşınmaz əmlakın özünə zərərdəymə ehtimalı daha çoxdursa, yanğın və ya subasma hadisələri zamanı daha çox evdəki bahalı əşyalar – mebellər, xalça, fərdi kompüterlər, elektrik cihazları və sair kimi qiymətli əmlak, demək olar ki, tamamilə sıradan çıxıb istifadəsiz hala düşür. İndi məişətimizə sıx daxil olmuş müxtəlif əşya və cihazların növ və çeşidini də nəzərə alsaq görürük ki, ev əmlakının sığortası maddi zərərlərin dəyərinin ödənilməsi baxımından daşınmaz əmlakın icbari sığortası kimi xüsusi əhəmiyyətə malikdir.
Ev əmlakının itirilməsinə səbəb olan çox sayda riskli hadisələr saymaq mümkündür. Bunlar bədbəxt hadisələr, daşqın, fırtına, çovğun, torpaq sürüşməsi, ildırımvurma, habelə yanğın, qaz partlayışı, iri ağacların düşməsi, ağır nəqliyyat vasitələrinin çarpması, binanın əsas konstruksiyasının zərər görməsi, su, kanalizasiya, istilik sisteminin zədələnməsi, kənar mənzillərdən su daxil olması kimi ev əmlakına zərər vura bilən hallardır. Göründüyü kimi, insanların əmlakının zədələnməsi, tamamilə məhv olması və yaxud talanması ilə əlaqədar risklərin kifayət qədər çox ehtimalı vardır.
Fiziki şəxslərə məxsus ev əmlakının sığortası könüllü sığortalar qrupuna daxildir. Əgər icbari sığortalar yalnız qanunla müəyyən olunan şərtlər daxilində aparılırsa, könüllü sığortalar tərəflərin razılığı ilə müəyyən olunmuş qaydalar əsasında aparılır. Bu zaman sığortaçı tərəfindən müəyyən olunan bəzi qaydalar vardır. Belə ki, hər bir evdə olan müəyyən minimum məbləğlə (adətən, 1000 manat) ifadə olunan ev əşyasının sığortası baxış keçirilmədən sığorta etdirənin yazılı müraciəti əsasında aparılır. Əgər sığortalı şəxs daha yüksək məbləğlə (5000 manatdan yuxarı) göstərilən bir müqavilə bağlamaq istəyirsə, bu zaman hökmən şəxsin daimi yaşayış yerindəki evdə həmin əşyalara baxış keçirməklə bu müqavilə bağlanır. Ancaq istənilən halda evdəki pul məbləği, sənədlər, əlyazmalar, zinət əşyaları, habelə ev heyvanları və ev quşları bu sığorta növünə şamil olunmurlar. Çünki bunlar üçün ayrıca olaraq xüsusi bir sığorta növü müəyyən olunmuşdur. Ev əmlakının bu məqsədlə qiymətləndirilməsi zamanı isə evdəki əşyaların qruplar halında dəyərləndirilməsi və sığortalanması qaydasından istifadə olunur. Məsələn, evdəki mebel, xalça və cihazların sığortalanması zamanı onların həm qiymətləndirilməsi, həm də zərərgörmə ehtimalları nəzərə alınır. Belə ki, məişət texnikasının elektrik şəbəkəsinin nasazlığından xarab olması sığorta hadisəsi sayılmadığı halda, bu cihazların nasazlıqdan alışaraq yanması sığorta hadisəsi sayılır. Eyni qayda ilə daşınmaz əmlakın qanunla müəyyən olunmuş məbləğdən yuxarı olan hissəsi də könüllü qaydada sığortalanır. Naxçıvan şəhərində vətəndaşa məxsus daşınmaz əmlaka minimum 40 manat sığortahaqqı ödəməklə maksimum 20 min manat dəyərində icbari zəmanət verilir. Daşınmaz əmlakı daha yüksək dəyərdə sığortalamaq üçün vətəndaşın əmlakına baxış keçirilməklə könüllü sığorta tətbiq oluna bilər.
Hazırda könüllü sığortalar vətəndaşlar arasında geniş yayılmaqdadır. Bunun üçün sığortaçılar sığorta xidmətlərindən davamlı şəkildə istifadə edən insanlara müxtəlif şərtlər təklif etməklə onların tələbatlarını ödəməyə çalışırlar. Sığorta agentliyi gözlənilməz hadisələrdən dəymiş zərərin əvəzini ödəməklə sığortalı vətəndaşlara sığorta zəmanəti verir.
Əli Cabbarov