Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Oğlanqala Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə işinin daha geniş surətdə aparılması, qadınların sağlamlıqlarının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, ana və uşaq ölümü hallarının qarşısının alınmasında müsbət göstəriciyə nail olunub.
Bildirilib ki, ötən il Azərbaycan Respublikasının Ailə Məcəlləsində müvafiq dəyişikliklərin edilməsindən sonra ailə qurmaq istəyən şəxslərin məcburi tibbi müayinəsinin həyata keçirilməsi sağlam ailənin formalaşmasında, uşaqların irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə doğulmasının qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyır. Yenilik ondan ibarətdir ki, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən konkret xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Bu zaman onlara həmçinin tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi də nəzərdə tutulur. Yəni nikaha daxil olmaq istəyən şəxsdə xəstəliklərdən hər hansı biri aşkar edilərsə, bu xəstəliyin ailə qurduqda yarada biləcəyi fəsadlar ona izah edilir. Bunu etməkdə məqsəd nikaha mane olmaq yox, gələcəkdə ailədə dünyaya gələcək uşaqların, habelə ailənin digər üzvlərinin riskli hallardan qorunmasını təmin etməkdir.
Vurğulanıb ki, ailə dəyərlərini qoruyub saxlayan, nəsildən-nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir. Ailə dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, uşaqların televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəsini çərçivəyə salmaq kimi vəzifələr də ananın öhdəsindədir. Əgər ana uşağın təhsilinə ciddi yanaşmasa, sözsüz ki, cəmiyyətə savadsız bir insan təhvil verəcəkdir. Bir sözlə, ana uşağın gələcək taleyi üçün böyük məsuliyyət daşıyır.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti