Onlar hərtərəfli qayğı ilə əhatə olunublar
Adətim üzrə bu gün də internetə girib ilk olaraq gün ərzində sosial şəbəkələrdə paylaşılan fotolar, xəbərlər axtardım. Ürəkaçan bir mənzərə ilə rastlaşmadım. Onu da deyim ki, uşaqların yer aldığı fotolara, onlardan bəhs edən yazılara daha çox nəzər yetirirəm. Küçələrdə dilənən və öldürülən uşaqları gördükcə insanın içi qan ağlayır. Aylar öncə vurularaq cəsədləri dəniz sahilinə atılmış uşaqların faciəli taleyi, elə bilirəm ki, mənim kimi digər internet istifadəçilərinin də yaddaşından uzun müddət silinməyəcək.
Əslində, bu mövzuya müraciət etməyimin bir çox səbəbləri var. Dünyada baş verən bu hadisələri, gedən prosesləri izlərkən bir daha əmin oldum ki, biz xoşbəxt məmləkətdə, xoşbəxt bir bölgədə yaşayırıq, fəaliyyət göstəririk. Bu xoşbəxtliyimizi bir neçə sözlə ifadə etmək istəyirəm. Yenə sözümün əvvəlinə, uşaqlara qayıdıram. Deyirlər, uşaq gülürsə, demək bəşəriyyət gülür. Bizim uşaqların gülüşü və rahatlığı elə bizim xoşbəxtliyimizdir...
Uşaqların xoşbəxt yaşamalarını, hərtərəfli böyümələrini təmin etmək üçün muxtar respublikamızda həyata keçirilən tədbirlərdən saatlarla danışmaq olar. Ancaq buna da ehtiyac duymuram. Çünki hamımızın evində, qonşusunda, qohumunda belə qayğı ilə əhatə olunmuş uşaqlar var. Onların timsalında hər bir oxucum bunu görə bilir. Sözümün canı isə başqadır. Blokada şəraitində yaşayan Naxçıvan və qonşu dövlətlərimiz. Yerləşdiyimiz coğrafi mövqe heç də hamıya adi gəlməsin. Bu məsələnin ayrı bir tərəfi. Ancaq mənim məmləkətimdə terror yoxdur. Mənim məmləkətimdə uşaqlar ölmür. Mənim məmləkətimdə uşaqlar dilənmir. Mənim məmləkətimdə uşaqlar pis vərdişlərə yiyələnmir.
Hər səhər dərsə gedəndə onları izləyirəm. Gözəl və səliqəli məktəbli formasında dərsə tələsən uşaqlar. Valideyninin əlindən tutub anası və ya atasını suallarla yoran balaca fidanlar. Çöhrələri təbəssümlə dolu bu uşaqlar gələcəyin müəllimi, həkimi, jurnalisti və başqa peşəyə yiyələnən insanlar olacaqlar. Onların üzündəki xoş təbəssüm elə bizim gələcək xoşbəxtliyimizin ifadəsidir.
Bəli, mənim məmləkətimdə uşaqlar sevincimiz, xoşbəxtliyimiz, gələcəyimiz, varlığımız və ən qiymətli sərvətimiz kimi dəyərləndirilir. Onlar bizim yaşam qaynağımızdır. Uşaqsız cəmiyyətin, dövlətin gələcəyi ola bilməz. Dövlətimizin sabahı bugünkü uşaqlarımızdan asılıdır. Odur ki, bu gün onlar həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Bizim uşaqlar belə bir şəraitdə böyüyürlər.
Sara Əzimova