Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yaycı kəndində yaşayan aztəminatlı Quliyevlər ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mustafa Cəlilov, rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Ələkbərli muxtar respublikamızda aztəminatlı ailələrə göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə aztəminatlı ailələrin hər birinə birdəfəlik maddi yardım göstərilib, bu qəbildən olan ailələrə verilən ünvanlı dövlət sosial yardımının məbləği artırılıb. Təkcə ötən il muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 269 min manatdan artıq ünvanlı dövlət sosial yardımı ödənilib. Bu, dövlətin əhalinin aztəminatlı təbəqəsinə göstərdiyi qayğıdan xəbər verir. Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi də həmin ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara məişət əşyası və ərzaq payı verilib.
Sonda ailənin üzvü Əfqan Quliyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti