Bu günlərdə Naxçıvan şəhərinin “İstiqlal” küçəsində yerləşən “Amin” adlı ərzaq mağazasında gördüyüm mənzərə məni yenidən çörək satışı ilə bağlı mövzuya qayıtmağa məcbur etdi. Olduğum mağazada alıcılar çörək alarkən çörəkləri əllə yoxlayır, sonra alırdılar. Satıcı isə buna qətiyyən müdaxilə etmirdi. Bu mənzərəni, yəqin ki, oxucularımız da müşahidə ediblər. Təbii ki, burada həm satıcı, həm də alıcı böyük məsuliyyətsizlik edir. Amma bu məsuliyyətsizliyin insan sağlamlığına ciddi təhlükə yaratdığı, bəlkə də, heç kəsi düşündürmür.
Xüsusilə qeyd etməliyəm ki, son zamanlarda bir çox ölkələrdə müxtəlif infeksion xəstəliklərin yayılması ilə bağlı ciddi həyəcan siqnalı çalınır. Bu mənada, ərzaq mağazalarında bəzi qida məhsullarının satışına ciddi nəzarət olunmalıdır. Bunların sırasında hər gün istifadə etdiyimiz çörək xüsusi yer tutur. Unudulmamalıdır ki, çörək satışı üçün standartlar müəyyənləşdirilib. Qəzetimizin ötən nömrələrində də bu mövzuya toxunaraq dəfələrlə qeyd etmişik ki, çörək qablaşdırılması nəzərdə tutulmayan ərzaq məhsulları sırasına daxildir. Amma qablaşdırılmasa da, çörəyə əl vurmaq yolverilməzdir. Ona görə çörək satılan yer alıcıdan və kimyəvi sənaye məhsullarından kənar olmalıdır. Çörək yuyulmur, başqa formada dezinfeksiya oluna bilmir ki, mikrobları məhv etmək mümkün olsun. Həmçinin çörək alıcı tərəfindən əllə yoxlanıla bilməz, satıcı da çörəyə əl vura bilməz. Satıcı mütləq xalat geyinməli, xüsusi papaq qoymalıdır. Satış yerlərində çörək saxlanılan rəflərdəki çörək ovuntuları xüsusi fırça ilə təmizlənməlidir. Taxta rəflər həftədə 2 dəfə olmaqla, 3 faizli sirkə turşusunda isladılmış dəsmalla təmizlənməlidir. Ancaq Naxçıvan şəhərindəki əksər ərzaq mağazalarında bunlara əməl edilmir. “Dostluq” adlı ərzaq mağazasında qısa müşahidə apardıq. Burada çörək yığılan rəf girişdə quraşdırılıb və mağazaya daxil olan alıcı asanlıqla çörəyə toxuna bilir. Satıcıya ünvanladığımız “Alıcılar rəfdəki çörəyi açıq əllə götürürlər?” sualımıza o, “Vətəndaşlara necə müdaxilə edə bilərik, özləri götürür”, – deyə cavab verir.
“İstiqlal” küçəsindəki “Nur Qida” ərzaq mağazasında çörək saxlanılan yerin şüşələri ləkədən görünmürdü. Həmin küçədə yerləşən daha bir neçə ərzaq mağazasında da bu mənzərəni müşahidə etdik.
Nizami küçəsində yerləşən ərzaq mağazalarının əksəriyyətində hər bir alıcı özü çörəyi seçib götürürdü. Ya da satıcı əlcək geyinmədən yuyucu kimyəvi məhsulları torbaya qoyub, sonra da çörəyə əlcəksiz toxunaraq gigiyenik baxımdan təhlükəli vəziyyət yaradırdı. Belə ki, mağazalarda “Çörəyə əllə toxunmaq olmaz” xəbərdarlığı olan elanlara rast gəlsək də, alıcılar buna məhəl qoymurlar. Müşahidələrimiz zamanı bir sıra ticarət obyektlərində çörəyin dükanın qarşısında, yerə qoyulmuş qutularda tozla təmas halında satılmasının da şahidi olduq.
Müşahidələrimiz onu göstərir ki, sahibkarlar, satıcılar bu sahəyə maraqlı deyillər. Onlar çörək satışına yalnız gəlir mənbəyi kimi baxırlar. Bəs alıcılar? Belə çörək satışına indiyə qədər hansımız etiraz etmişik? Çörəyin gigiyenik qaydalara uyğun satışının həyata keçirilməsinə hər kəs yardımçı olmalıdır. Bu hallara biganə yanaşmamalıyıq.
Çörək mövzusu barədə danışarkən çörəkdən israfçılıqla istifadə edilməsini də xüsusi vurğulamalıyam. Yəqin hamımız məhəllələrimizdə iri, metal qutuların dəstəklərindən asılmış içərisində çörək olan torbaları tez-tez görürük. Bu, insanda böyük təəssüf hissi doğurur. Belə hal, demək olar ki, hər gün təkrar olunur. İnsanlarda israfçılıq, gündəlik qidamız olan müqəddəs nemətə – çörəyə ehtiramsızlıq haradan yaranıb? Belə bir hərəkətə qarşı susmaq, biganəlik göstərmək, günah işə rəvac vermək müqəddəs nemətə ehtiramsızlığı davam etdirmək deməkdir. Unutmaq olmaz ki, çörək əvəzedilməz nemətdir. Hər yerdə süfrəyə birinci çörək gətirirlər. Ona hörmətsizlik evin bərəkətini qaçırır. Çörəyi uca tutmaq və ona ehtiramla yanaşmaq hamımızın borcudur. Bu yerdəcə ötən əsrin 90-cı illərini bir daha xatırlamaq yerinə düşər. Yaddaşımızı təzələmək üçün “Şərq qapısı” qəzetinin 1993-cü il 9 yanvar tarixli nömrəsində dərc olunan “Bu günümüzdə çörək növbəsi” sərlövhəli yazıdan aşağıdakı sətirləri oxucularımızın nəzərinə çatdırıram: “Naxçıvan 1 nömrəli çörək zavodunun nəzdindəki mağazadan hər gün yüzlərlə adam çörək alır. Əgər buna almaq demək mümkündürsə. Burada saatlarla dayanmağın “ləzzətini” görənlər görüb. Günün hansı saatında getsən, burada tünlüklə rastlaşarsan. Adı növbə olan bu dəstədə adamlar dörd cərgə ilə dururlar. Gələn də bilmir ki, kim kimdən sonradır”.
Bu sətirləri oxumaq kifayət edər ki, biz həmin dövrün çətinliklərini hiss edək. Çörəklə sınağa çəkildiyimiz vaxtlar arxada qalıb. Amma bunları yada salmaqda məqsədim budur ki, o günləri yaşamışıq. Tanrıya şükürlər olsun ki, bu gün mağazaların piştaxtalarında, rəflərində istənilən növdə, istənilən miqdarda çörək vardır. İndi çörəyə bu cür münasibət bizə yaraşmaz. Müqəddəs nemət olan çörəyin ehtiramını saxlamaq, onun istifadəsində israfçılığın qarşısını almaq hamımızın borcudur. Gəlin bu barədə düşünək.
Sara Əzimova