23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan bölgəsində xalq təqvimi ilə bağlı keçirilən mərasimlərdən biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-da qədər olduğundan Xıdır bayramı fevralın 9-da, kiçik çillənin yarı olduğu gündə keçirilir. Şərur rayonunun Aşağı Yaycı kəndindən topladığımız məlumata görə, burada Xıdır bayramını fevralın 5-i, qışın yarı olduğu gün keçirirlər. 

Xıdır Nəbi bayramı bəzən həftənin cümə axşamı gününə təsadüf etdiyindən bunu dinlə əlaqələndirirlər. Naxçıvan şəhərində indi də yanlış olaraq bayramı kiçik çillənin ikinci cümə axşamında qeyd edirlər. Ancaq Xıdır Nəbi bayramının dinlə heç bir əlaqəsi yoxdur. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır, bir qayda olaraq, fevral ayının 9-u keçirilməlidir.
Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır (ə.s.) gəlməz. Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdik ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) keçirilir.

Qovrulmuş buğdadan (qovurğadan) qovut hazırlanır. Qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar.
Qovurğa ilə bərabər, bayram günü badam, noxud, günəbaxan tumu qovrulur, plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Çox təəssüf ki, hazırda bu adətlərin bir qismi icra olunmur.
Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib torba, papaq atır, Xıdırın payın yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:

Xıdıra Xıdır deyərlər,
Xıdırın payın verərlər.
və yaxud
Çatma, çatma çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin,
Ayağı yerə çatmaya.

Torbalara müxtəlif növ şirniyyat, çərəzlər qoyub uşaqları yola salırlar. Onu da qeyd edək ki, Culfa bölgəsində (Ləkətağ, Saltaq kəndləri) mal-qaranın yemi, insanların özlərinin ərzaqları qurtardıqda Xıdır Nəbidə evin bacasından ip, ipə bağlanmış corab sallayar, mal-qara üçün yem, özləri üçün ərzaq istəyərdilər. Toyuğu, cücəsi olmayanlar ipin ucuna lələk bağlayıb, toyuq-cücəsi çox olanların evinin bacasından içəri sallayardılar. Evin yiyəsi də həmin adamın toyuq istədiyini bilib, torbaya toyuq qoyub geri qaytarardı. Demək olar ki, Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, darda qalanlara kömək etmək, bərabərlik anlamında keçirilən milli bayramdır.
Topladığımız etnoqrafik materiallardan aydın olur ki, qovut çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil bişirib yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xızır Peyğəmbər gecə gəlib xəşilə barmağın, qovuta isə əlini basacaqdır. Xızırın (ə.s.) atının ayaq izinin qovuta düşdüyünə inanılır. Səhər xəşilin, qovutun üzərində müəyyən iz olsa, bunu Xızırın əlinin, barmağının və ya atının ayaq izi hesab edirlər. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, arzular həyata keçəcəkdir.
Digər bir inama görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (dolaşa) gəlib xəşildən bir dimdik götürüb uçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcəkdir. Başqa bir inamda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir, həmin muncuq kimin payının içindən çıxarsa, demək həmin insan tezliklə istəyinə çatacaqdır. Sarıqamış çərkəzlərində də Hıdır-Ellezdə duzlu çörək yapılır. Bu çörəyin bir hissəsini subay qızlar yeyər, qalan hissəsini isə yastığının altına qoyub yatar. İnanca görə, qız ailə quracağı oğlanı yuxusunda görər. İkinci günü çörəyin qalan hissəsini qarğaların yeyə biləcəyi yerə qoyurlar. Sonra qarğanın çörəyi götürüb hara gedəcəyinə baxıb qızın da o tərəfə gedəcəyinə inanırlar.
Ordubadın Kələki kəndində isə Xıdır Nəbi günü Xızırın şərəfinə ehsan verilir.
Toplanmış etnoqrafik materiallardan məlum olur ki, bir sıra kənd­lərdə (Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı günü xına yaxmaq adəti mövcuddur. Qızlar, gəlinlər əl barmaqlarına, oğlanlar isə çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın. Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir.
Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə “Xıdır payı” aparmaq adəti geniş yayılmışdır. Qovurğa, küncüd, qovut, noxud, mərcimək və sair çərəzlərdən xonça tuturlar. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşən­abad kəndlərində bunun əksinə olaraq nişanlı oğlanlara qız evindən pay aparırlar. Payda bəyə isti köynək, yun corab da qoyulur. Xıdır Nəbi bayramını hamı səbirsizliklə gözləyir və bayramı sevinclə keçirir.
Xıdır Nəbi bayramında doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas və sair kimi adların qoyulması adəti də geniş yayılmışdır. Xıdır gecələrində axşamdan səhərə qədər külək əsərsə, deyərlər ki, bu, Xıdır Nəbidir, atın çapa-çapa bərəkət paylayır. Əsən külək isə onun boz atının yelidir.
Mən Xıdırın nəyiyəm,
Boz atının yeliyəm.
Xıdırın boz at minməsinə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlirik. İnsanlar çıxılmaz vəziyyətdə qalanda boz atlı Xızırı arzulamış, o isə öz köməyini əsirgəmə­miş, onlara yol göstərmişdir.
Xalq arasında olan inama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi ilin bol, bərəkətli olmasına işarədir.
Xızır həm də istilik və odla bağlıdır. Yuxarıda qeyd etdik ki, süfrəyə gətirilən aşın kənarlarına şam qoyurlar. Bu şamların qoyulması və yaxud
Xıdıra Xıdır deyərlər,
Xıdıra çıraq qoyarlar
deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu, eyni zamanda qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinə, torpağın isinib oyanacağına işarədir. Od, istilik, xız yazın gəlməsinin əlamətləridir.
Bu bayramı təkcə Azərbaycan türkləri deyil, digər türk xalqları da qeyd edirlər. Anadolu türklərində bayram Hıdır-Ellez adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı Anadolunun digər ərazilərindən fərqli olaraq may ayının 6-da yox, Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir. Xızır inancı zazaca danışan türklərdə də çox güclüdür. Hər il yanvar ayının son həftəsi ilə fevral ayının ilk həftəsi arasında Xızır bayramı keçirilir. Burada mövcud olan inanca görə, Xızır darda qalan, sıxıntıda olan insanlara yardım edən ulu bir varlıqdır. Bu həftə üç gün oruc tutulur.
Rodos türklərində Hıdır-Ellezdə dəniz kənarına gedilir. İnanca görə, Xızırdan nə istənilsə onun rəsmini çəkib dənizə atarlar. Qazaxlarda Xızır inancı Novruz bayramı ilə eyni gündə qeyd edilir.
Sonda deyə bilərik ki, Xıdır Nəbi Orta Asiya mədəniyyətinin (şamanizmi), əski Anadolu mədəniyyətinin (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyətinin (Xızır İlyas motivi), Azərbaycan mədəniyyətinin (çətinlikdən qurtarmaq, Günəşi çağırmaq) və sairin birləşməsindən yaranan bir bayramdır.

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR