23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli sərəncamları ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”na uyğun olaraq yanvar ayında insanların məşğulluğunun təmin olunması, sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Ötən ay işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 118 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 3 nəfər kvota yerlərinə göndərilmiş, 67 nəfər isə müvafiq peşə kurslarına cəlb edilmişdir. İşlə təmin olunan və peşə kurslarına göndərilənlərdən 22-si məhdud fiziki imkanlı şəxs, 2-si isə hərbi xidmətdən tərxis olunan vətəndaşlardır. Kənd­lərdə yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi də məşğulluq problemlərinin həllində mühüm rol oynayır. Ötən ay 11 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 2 şəxs xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü layihə çərçivəsində ötən ay Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında 11 nəfərlə əmək müqaviləsi bağlanmış və onlara lazımi avadanlıq, alət və materiallar verilmişdir.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunur. Yanvar ayında “qazanxana maşinisti”, “bərbər” peşələri üzrə kursları 56 nəfər bitirmişdir. Hazırda “qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər”, “qazanxana maşinisti” və “elektrik montyoru” peşələri üzrə kurslar davam etdirilir. Bundan başqa, mərkəzdə sahibkarlıq subyektlərinin və dövlət idarələrinin kadr işləri üzrə mütəxəssislərinin iştirakı ilə “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici kurs keçirilmişdir. Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 49 obyektdə yoxlama aparılmış, 23 halda əmək müqaviləsinin bağlanmasına, 118 halda isə əməkhaqqının real göstərilməsinə nail olunmuşdur.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün distant dərslərin, onların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, həmçinin uşaqlara defektoloji, multisensorlu və əmək terapiyası xidmətinin göstərilməsi yanvar ayında da davam etdirilmişdir. Görmə məhdudiyyəti olan şəxslər üçün nəşr olunan ”Könül işığı” adlı brayl jurnalının dekabr nömrəsi audiokitabxana xidmətinin kataloquna daxil edilmişdir.
Bu ilin ilk ayında muxtar respublikada müvafiq kateqoriyadan olan şəxslərə, habelə aztəminatlı ailələrə 1 milyon 41 min 758 manat sosial müavinət və ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bu dövrdə tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 434 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, o cümlədən 13 nəfərə Ahıllar evində stasionar sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 27 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 28 uşağın müalicəsi təşkil edilmişdir. Həmçinin 11 nəfərə sanatoriya və pansionatlara göndəriş verilmiş, 5 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunmuş, 9 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 8 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilmişdir. Bundan başqa, Şərur rayonunun Ərəbyengicə kəndində yaşayan aztəminatlı ailəyə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara ərzaq payı verilmişdir.
Muxtar respublikada sahibkarlıq fəaliyyəti dəstəklənir, özəl sektorda fəaliyyət göstərən, yeni istehsal sahəsi yaratmaqla işaxtaranların daimi işlə təmin olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin fəaliyyəti lazımi qiymətini alır. Naxçıvan Biznes Mərkəzində 2015-ci ilin yekununa görə “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatların verilməsi bunun aydın ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR