Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yurdçu kəndində ətraf mühitin mühafizəsinin qanunvericiliyə uyğun təşkili, icra vəziyyətinin yoxlanılması və qiymətləndirilməsi mövzusunda tədbir keçirilib.
Bələdiyyələr, icra nümayəndələri və kənd sakinlərinin iştirak etdiyi tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Möhbalıyev açıb.
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Ziyafət Əliyev Naxçıvanda sağlam ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, 2015-ci ildə muxtar respublikada meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması, mövcud meşə ehtiyatlarının qorunması məqsədilə 541 hektar sahədə yaşıllaşdırma tədbirləri, o cümlədən 27,5 hektar sahədə meşə əkini, 324,2 hektar sahədə meşəbərpa işləri və 139,3 hektar sahədə meyvə bağları, eləcə də Kəngərli rayonunda 50 hektar sahədə püstə bağlarının salınması tədbirləri həyata keçirilib.
Vurğulanıb ki, əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpası, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi, təbii resurslardan xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunmasıdır. Muxtar respublikamızda ekoloji tarazlığın qorunub saxlanılması üçün mühüm addımların atılmasına baxmayaraq, hələ də ətraf mühitə biganə yanaşanlara rast gəlinir. Unutmaq olmaz ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi halları baş verir. Buna görə də ətraf mühitin qorunması hər birimizin vətəndaşlıq borcudur.
Məruzə ətrafında çıxışlar olub.
Sonra Yurdçu kənd tam orta məktəbində muxtar respublikamızın fauna və flora nümunələrindən ibarət sərgiyə baxış olub, məktəblilər üçün videoçarx nümayiş etdirilib.
Səbuhi Həsənov