22 Dekabr 2024, Bazar

2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə muxtar respublikada kənd təsərrüfatının intensiv inkişafı və muxtar respublika əhalisinin bir sıra ərzaq, eyni zamanda meyvə-tərəvəz məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinin vacibliyi məsələləri qarşıya qoyulan əsas məqsədlərdən biri kimi vurğulanmışdı. Sözügedən müşavirədə daxili bazarda istehlakçılara təklif olunan məhsulların insanların sağlamlığına təsiri məsələləri haqqında danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Dövlət Gömrük Komitəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə geni dəyişdirilmiş meyvə və tərəvəz, eləcə də süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısını almaq məqsədilə təsirli tədbirlər görməlidir”.

Məhz bu məqam hər kəsin, xüsusilə iqtisadi ekspertlərin diqqətini bir il öncə – 2012-ci ilin 14 fevralında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na yönəltdi. Əslində, məlum proqramın, dəfələrlə vurğulandığı kimi, dövlətin insan amilinə göstərdiyi qayğının və vətəndaşı qorumaq istəyinin nəticəsi olduğunu bir daha üzə çıxardı. Fakt odur ki, bu gün də bir çox hallarda bazarlarımızda piştaxtaları “bəzəyən” genetik modifikasiya olunan məhsulların genefondumuza göstərəcəyi ciddi təsirləri nəzərə alan dövlət əvvəlcə daxili istehsalı yüksəltməyə çalışdı, yerli istehsalçıya yardımları gücləndirdi, sonra daxili istehsalın bazarda özünə yer tapmasına müxtəlif vasitələrlə şərait yaratdı.

Və artıq genetik modifikasiya olunmuş məhsullarla genefondun zədələnməsi haqqında məlumatsız olan oxuculara məlumat vermək, bu haqda bilən oxucularımız üçün isə bunu bir daha təkrarlamaq zəruridir. Çünki oxucu həm də potensial istehlakçıdır. 
Hesablamalara görə, dünyada istehsal edilən geni dəyişdirilmiş ərzaq məhsulları Azərbaycan kimi inkişaf etməkdə olan ölkə­lərdə daha sürətlə yayılır. Alimlərin fikrincə, bu cür məhsullardan istifadə insan orqanizmində uzun illər, hətta bir neçə nəsil keçdikdən sonra belə, öz mənfi təsirini göstərə bilər və insanların əqli şikəst doğulmasına qədər ağlasığmaz nəticələrə səbəb ola bilər.

Genefondumuzun zədələnməsi kimə və niyə lazımdır? 

Sadəcə, bircə faktı qeyd etmək kifayətdir ki, hələ Sovet hakimiyyəti illərində erməni alimlərinin də sıralarına daxil olduğu gizli araşdırma qrupları və bir sıra xarici ölkələrin gen mərkəzləri tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, Naxçıvan ərazisində genefonddakı immunitet gücü slavyan xalqlarının genefondundakı immunitetdən 5,5 dəfə güclüdür. Deməli, genefondumuzun bu və ya digər vasitələrlə zədələnməsi bütün hallarda, sadəcə və sadəcə, düşmənlərimizə sərf edir. Heç kəsin imtina etmədiyi və təhlükə gözləmədiyi parlaq və saf görünüşə malik genetik modifikasiya olunmuş ərzaqlarla gələcək nəsillərin genefondundakı gen kodlarını zədələmək isə, bəlkə də, seçilə biləcək ən ideal yoldur.

Bəs genetik modifikasiya olunmuş məhsullar nədir?

Hazırda qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biri olan geni dəyişdirilmiş qida məhsulları ilk baxışda ərzaq bolluğuna gətirib çıxarsa da, əslində, insanların genetikasına və sağlamlığına ciddi şəkildə təsir göstərir. Belə ki, sözügedən məhsullar yetişdirilərkən onlarda müxtəlif heyvanların, orqanizmlərin genlərindən istifadə edilir. Təhlükənin miqyasını anlamaq üçün genetik modifikasiyanın “atası” sayılan Pol Devin fikirlərini xatırlamaq kifayətdir. 1972-ci ildə bir mikroorqanizmə 3 müxtəlif mənbədən genlər köçürərək yeni kombinat mikroorqanizm əldə edən alim sonralar etiraf etmişdi ki, belə orqanizmlər yoxlanılmadan, nəzarət altından çıxıb ətraf mühitə buraxılsa, onun yaratdığı təhlükələrin qarşısı alınmaz olar.
İndiyə qədər genetik modifikasiya olunmuş qida məhsullarının tam mükəmməl olmadığı və xüsusi təhlükə kəsb etdiyini Rusiya, İndoneziya, Argentina, Avstraliyada aparılan təcrübələr açıq-aydın göstərib. Statistik məlumatlara əsaslansaq, bu gün dünyada 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin genetik modifikasiya olunmuş analoqları yaradılıb.
Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında belə, genetik modifikasiya olunmuş qidaların sağlamlıq üçün risk potensialının yüksək olduğu açıq-aydın bildirilir. Belə ki, geni modifikasiyaya uğrayan qidaların başda allergik xəstəliklər olmaqla, orqan çatışmazlığı, immun zəifliyi, hətta bəzən xərçəngə belə yol aça biləcəyi istisna olunmur.

Azərbaycanda vəziyyət...

Bir zamanlar özünün kənd təsərrüfatı məhsulları ilə bütün dünyada məşhur olan Azərbaycanda genetik modifikasiya olunmuş ərzaq məhsullarından istifadə kifayət qədərdir. Bazarlarda bu cür qidalara hər addımbaşı rast gəlmək çətin deyil.
Azərbaycana gətirilən kənd təsərrüfatı məhsulları içərisində soya mənşəli bitkilərin, kartofun bəzi analoqları var ki, onların genetik modifikasiyaya uğramış mənşədən olduğu heç bir şübhə doğurmur. Son vaxtlar çuğundur, alma, armud və sair bu siyahıya əlavə edilib. Bu məhsulların ölkə­yə idxal olunması bazarlarda süni “bolluq” yaratsa da, birinci növbədə, insanlarımızın sağlamlığına, ikinci növbədə isə kənd təsərrüfatının inkişafına, dolayısı ilə bütün qazancını kənd təsərrüfatı məhsullarının istehsalı və satışından əldə edən kəndlinin sosial rifahına ciddi zərbə vurur. İnsanlarımızın bu məhsullardan qorunması yolu isə ölkə daxilində kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsindən və insanlarımızın bu məhsullardan könüllü imtinasından keçir.

Və Naxçıvan ...

Naxçıvanda bu gün 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal edilir. 106-sı ərzaq və 224-ü qeyri-ərzaq olmaqla, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu gün geni dəyişdirilmiş məhsulların muxtar respublika bazarlarında satışı halları mövcud olsa da, yuxarıda sadaladığımız rəqəmlər və görülən tədbirlər yaxın gələcəkdə bu problemin həllinə ümid yaradır. Hər halda, iqtisadiyyata nəzarət deyil, tənzimləmə nöqteyi-nəzərindən yanaşan dövlət bunun üçün öz üzərinə düşəni edir. Məsuliyyətin digər tərəfi isə məhsul istehsalçısı və istehlakçının üzərinə düşür.
Bazarlarda görüntüsü xeyli dərəcədə cəlbedici olan genetik modifikasiya olunmuş məhsul artıq dünyada bioterrorizmin bir elementi və yaxud yazının sərlövhəsində də qeyd etdiyimiz kimi, gizli “gen müharibəsi”nin “ağır artilleriyası”dır. Hər halda NATO ölkələrinin nümayəndələri son yığıncaqlarında genetik modifikasiya olunmuş məhsulları bioterrorizmin bir elementi kimi qiymətləndirib. Bu silahın hədəfi isə inkişafda olan dövlətlərdir.
Geni dəyişdirilmiş məhsullarla hamımız mübarizə aparmalıyıq. Əgər torpaq mülkiyyətçiləri dövlətin kənd təsərrüfatının inkişafına yaratdığı şəraitdən düzgün istifadə edərək məhsul bolluğu yaratsalar, istehlakçılar da bazarlarda yerli məhsullara üstünlük versələr, onda bu problemi kökündən həll etmək mümkündür.

P.S. Qeyd edək ki, ölkəmizdə 1997-ci ildə qəbul edilən “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində qeyd olunub ki, gen mühəndisliyi sayəsində əldə edilən toxumların, yəni genetik modifikasiya edilmiş orqanizmlərin Azərbaycana idxalına icazə verilmir. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun 3-cü maddəsində də bu barədə müəyyən müddəalar əksini tapıb. Qanunun 6.05 maddəsində ekoloji təmiz kənd təsərrüfatına dair tələblərdən biri də ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər, onların törəməsindən istifadə edilmənin qadağan olunmasıdır.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR