Tarixin bütün mərhələlərində qadınla bağlı məsələlər, onların ictimai mövqeyi, cəmiyyətdə və ailədə tutduğu yer ciddi müzakirə obyekti olmuşdur. Xüsusən son yüzilliklərdə bu məsələ gündəmə daha tez-tez gətirilir. Müxtəlif peşə sahibləri qadınlarla bağlı problemlərə fərqli mövqedən yanaşırlar. Çox acınacaqlı haldır ki, qadına münasibəti, onu yüksəltməyi Şərqdən, İslam-Türk dünyasından öyrənən Qərbin bir sıra araşdırıcıları İslam-Türk xalqlarında qadınlara mənfi münasibət bəslənməsindən, onların hüquqsuzluğundan bəhs etməyə çalışırlar.
Bir məsələni qeyd etmək yerinə düşərdi ki, son illərdə belə cəfəngiyyatlara uymaqla özünü qərbli qadınlara oxşatmağa çalışan bəzi qızlarımız, analarımız “qərbləşmiş”, “müasirləşmiş”, milli dəyərlərdən qopmuşlar. Bir sıra tarixi gerçəklərə, İslam-Türk qadınının keçmişinə aid müəyyən məqamlara diqqət yetirək. Kimdir qadın? Hər şeydən öncə ana adını daşıyır bu uca yaradılış. Ana olmuş qadınların ictimai mövqeyi daha ucadır. Ana-qadın and yeridir.
Məhəmməd Peyğəmbərdən soruşurlar ki, öncə kimə ehtiram göstərək? Deyir: “Anaya”. Bəs sonra kimə? Yenə deyir: “Anaya”. Yalnız dördüncü dəfə soruşduqda “Ataya” cavabını verir. Bəli, İslam Peyğəmbərinin qadına, anaya münasibəti çox yüksək idi. Heç təsadüfi deyil ki, fəxri-kainat insanın arzusuna çatmaq istədiyi cənnətin anaların ayaqları altında olduğunu söyləyir. Müqəddəs kitabımız “Qurani-Kərim” kişilərə qadınların haqqını tanımağı hökm edir: “Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində müəyyən hüquqları var...” İslamda qadın ucadır, xüsusən ana-qadın. Tarixi məlumatlara, arxeoloji materiallara söykənərək demək olar ki, ərəblərdən fərqli olaraq, türklərdə İslamdan çox öncə qadınlar yüksək mövqeyə malik olmuşlar. Hər şeydən öncə qadına ana kimi böyük sayğı göstərilmişdir. Oğuzlarda “Ana haqqı Tanrı haqqı” adlanır. O ən yüksək məqamda dayanır. Evi yağmalanmış Qazan xan düşmən önünə gəlib deyir ki, bütün evimi, əhli-əyalımı, malımı, dövlətimi gətirmişsən sənin olsun:
Qarıcıq anam gətürüb durursan,
mərə kafir, anamı vergil mana.
Savaşmadan, uruşmadan qayıdayım–geri dönəyim, gedəyim, bəllü bilgil!
Qazan xan hər şeyə, hətta xanımı Burla xatunun, oğlu Uruzun düşmən əlində qalmasına razıdır, təki anasını qurtarsın.
Bir cəhəti xüsusilə qeyd etməliyik ki, “Kitabi-Dədə Qorqud”da ailələr monoqom olmaqla təknikahlılıq mövcuddur. Yəni çoxarvadlılıq yoxdur. Qadınlar ərlərinə sadiqdirlər, onların uğrunda canlarını fəda etməyə hazırdırlar. Bu isə iki cəhətdən özünü göstərməkdədir: həyat yoldaşı və döyüş yoldaşı kimi. Yəni həyat yoldaşı bir çox halda əri ilə birgə döyüşə atılır, onun qorunmasında, xilasında iştirak edir.
Oğuz qadını təkcə ana deyil, o, bir döyüşçü, qəhrəmandır. Heç təsadüfi deyil ki, oğuz igidləri özünə qadın axtararkən deyirdilər: “Mən yuxudan durmadan o durmuş ola! Qara quc atına minmiş ola, baş kəsə, qan tökə”. Bəli, ər meydanında qadın-ər istəyirdilər. Banuçiçək Beyrəklə sınaşarkən, Selcanxatun Qanturallı ilə birgə düşmənə qarşı döyüşərkən, Burla xatun oğuz bəylərinin səfində Qazan xanı azad etmək üçün meydana atılarkən bunları sübut etmişlər. Bu yetənək oğuz-türk qadınına tarixin çox uzaq keçmişindən gəlirdi. İran şahı Kirin ordusunu məğlubiyyətə uğradıb, onu qanına qəltan edən Massaget hökmdarı Tomrisdən, ağlı ilə İskəndəri ram edən Bərdə hökmdarı Nüşabədən gəlirdi bu hünər.
Türkün ulu babaları skif, sarmat, sak qövmlərində, amazonkalarda qadınlar daha döyüşkən idi. Bu haqda Herodot yazır ki, skif-sarmat qadınları öz ərləri ilə hətta təklikdə ova çıxır, hərbi yürüşlərdə iştirak edirdilər. Evlənmə adətinə gəlincə, düşmən öldürüb, baş kəsməyən qız ərə gedə bilməz. Diqqət yetirsək, bu adət “Kitabi-Dədə Qorqud”da oğuz bəylərinin axtardığı qızlara da xasdır.
Döyüşçü qadınların yüksək mövqeyə malik olduğunu sübut edən faktlara Naxçıvan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı da rast gəlinmişdir. 2004-cü ildə arxeoloq Bəhlul İbrahimli ilə birlikdə Xarabagilanda, Plovdağ adlanan ərazidəki abidələrdə araşdırmalar apararkən döyüşçü (şahzadə) qadın məzarı aşkar edilmişdir. Qəbrin böyüklüyü, qadının döyüş əsləhəsi, həmçinin müxtəlif muncuqlardan, tuncdan olan bəzəkləri ilə birgə dəfni onun yüksək nüfuzundan xəbər verirdi. Mərhumun sol çiynindən içərisində ucluğu dəvə gönü və çaxmaqdaşından düzəldilmiş 14 qarğı ox olan sadaq asılmışdı. Deməli, tarixiliyi, ənənəvi münasibətləri min illər boyu qoruyub saxlayan türk irqi qadına həm döyüşçü, həm də ana kimi yüksək qiymət vermişdir. Azərbaycan türkünün ər və arvad haqqında dediyi bir ifadə var: “Həyat yoldaşı”. Yəni həyatın bütün cəhətlərini bölüşənlər.
Qadınla bağlı bir məsələyə də münasibət bildirmək yerinə düşərdi. Ana südü məsələsi. Çox qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hesab edilmişdir. İslam dinində uşağın ana südü ilə bəslənməsinə böyük önəm verilmişdir.
“Qurani-Kərim”in “Bəqərə” və “Talaq” surələrindən aydın olur ki, körpələr 2 yaşı tamam olana qədər ana südü ilə bəslənməlidirlər. Bu ayələrin hökmünə söykənərək bir sıra araşdırıcıların, təfsirçilərin yorumlarına əsasən ana südünə böyük üstünlük verilməsinin səbəblərini belə xarakterizə etmək olar. Hər şeydən öncə ana südünün tərkibi uşağın yaşına görə dəyişə bilir. Doğuşun ilk günlərindən ana südü daha qüvvətli olur. Bu süddə protein və təbii maddələr digər südlərə nisbətən daha çox olur. Xalq arasında “uşağın ağuzlanması” adlanan inama görə, uşağa doğuşdan sonra ana südü verilməsə, o, gələcəkdə hər cür xəstəliklərə tutula bilir.
Mütəxəssislər deyir ki, uşağın yaşı dəyişdikcə südün tərkibi də dəyişir. Ana südünün üstün xüsusiyyətlərindən biri onun təmiz və mikrobsuz olmasıdır. Lakin digər südlər sağılarkən, bişirilərkən onlara mikrob qarışması, tərkibinin dəyişməsi ehtimalı çox böyükdür.
Xalq arasında ana südündən müalicə məqsədilə də istifadə edilir. Uşaqların gözü, qulağı ağrıyanda ana südü salınır. Onlar sancılandıqda yovşanın üstünə ana südü sağılır və uşağa verilir.
Ana südünün digər üstün xüsusiyyətləri doqquz ay müddətində ana bətnində anadan qidalanan uşağın bu prosesi davam etdirməsidir. Ana südünün istiliyi bədən hərarətində olmaqla birbaşa qəbul edildiyindən heç bir dəyişikliyə uğramır.
Uşağın ana südü ilə bəslənməsi ana və uşaq arasında gələcək münasibətlərdə, valideyn-övlad sevgisində böyük rol oynayır. Qədim oğuzlarda övladın başına bir iş gəlsəydi, anaya agah olardı:
Çıqsun bənim kor gözüm, a Dirsə xan, yaman səgrir.
Kəsilsün oğlan əmən süd damarım yamansızlar.
Ana südü halallıq rəmzi sayılırdı: “Ananın südü kimi halal olsun”. Deməli, ən böyük halal ana südüdür. Vücudun yetişdirdiyi əvəzsiz qidadır ana südü.
Türklərdə ana südü o dərəcədə müqəddəs sayılıb ki, qız ərə verilərkən ana südünün əvəzi olaraq oğlan evindən “süd pulu” (ana südünün halallığı üçün) alınıb. Bir sıra türk xalqlarında ana südü haqqı olaraq oğlan evi qız evinə inək verərdi.
Naxçıvanda uşağın südünə oxşaması inamı vardır: “südünə çəkib”. Ən yaxşı uşaqlar, xüsusən qız uşaqları haqqında deyilən “halal süd əmmiş”, pis, yaramaz adamlarla bağlı işlədilən “südü xarab” ifadələri südün insanın formalaşmasında böyük rol oynadığını göstərir. Yaxşı xatırlayıram, ağsaqqallardan biri ilə söhbət zamanı bir uşaq salam vermədən yanımızdan keçib yaxınlıqdakı ağacın budağını qırdı. Ağsaqqal dedi: “Əhsən, südünə çəkibsən”. Soruşdum ki, südü deyəndə nəyi nəzərdə tutur? Cavab verdi ki, indikilərin çoxusu botuləməndir (yəqin ki, uşaqlara süd və digər duru yeməklərin verildiyi butulkanı nəzərdə tutub). Ana südü uşağın təkcə fiziki inkişafında, sağlamlığında deyil, onda insani keyfiyyətlərin formalaşmasında da ciddi rol oynayır. Müasir dövrdə uşaqlara verilən yeməklərlə bağlı ziddiyyətli fikirlər daha geniş yayılmışdır.
Buradaca ailədə uşaqların sayı məsələsi üzərində də qısaca dayanmaq istərdik. Keçmiş SSRİ-də bu problemlə bağlı müxtəlif elmi toplantılarda, müzakirələrdə iştirak edən bir araşdırıcı, həmçinin 5 övlad atası kimi məni bu problem çox narahat edir. Yaxın keçmişdə təbii artıma görə qabaqcıl ölkələr sırasında olan vətənimizdə indi ailədə uşaqların azlığı ilə bağlı ciddi problemlər yaranmaqdadır. Bir çoxları bunu iqtisadi amillər, tərbiyə prosesindəki çətinliklər ilə əlaqələndirməyə çalışırlar. Lakin imkanlı ailələrdə də uşaqların sayının azlığı (əsasən 1-2) belə düşünməyə imkan verir ki, bu daha çox “müasirləşmək”, “mədəniləşmək” və sair amillərlə bağlıdır. Unutmayaq ki, bu Vətən üzərində övladları yaşadıqca Vətəndir. Unutmaq olmaz ki, 2 övlad təbii artımı saxlaya bilməz. Belə getsə, bir müddətdən sonra Avropanın bir sıra xalqlarının düçar olduqları təbii azalma problemi ilə üz-üzə qalacağıq.
Bir haşiyə çıxmaq istərdim: 1986-cı ildə Moskva şəhərində keçirilən bir beynəlxalq konfransda ailə problemləri, o cümlədən ailədə uşaqların sayı məsələsi müzakirə edilirdi. Təbii ki, başlıca fikir 2+ idi. Bir övlad ideyası ilə kifayətlənənlər də vardı ki, onlar öz fikirlərini müxtəlif iqtisadi, mənəvi-psixoloji amillərlə əsaslandırmağa çalışırdılar. Bir qadın çıxış edib dedi ki, bir uşaq ailənin və cəmiyyətin hər an fəlakətlə üz-üzə durmasıdır. O bildirdi ki, biz bu fəlakəti yaşamışıq, yeganə övladımızı 26 yaşında itirdikdən sonra övladsız qaldıq. Fikirlərini psixoloji cəhətdən əsaslandıran müəllif bir uşağın böyüdülməsinin nə qədər çətin olduğunu anlatdı. Bəli, bu bir həqiqətdir ki, müasir tələblər səviyyəsində çox uşaq böyütmək çətindir. Amma nə dərəcədə çətin olsa da, keçmiş illərlə müqayisədə cəmiyyətimizin maddi və mənəvi cəhətdən inkişafı göz önündədir. Ulularımız gəlinlərimizə 7 oğul, 1 qız istəyib. Biz isə bu Vətənə sahib çıxmaq, insanlığı, milli kimliyimizi qorumaq, gələcəkdə də millət kimi var olmaq üçün 2+ tərəfdarıyıq. İstərdik ki, bu 2+1 və daha çox olsun.
Müasir tibb elmi sübut edir ki, uşaqlarının sayı bir neçə olan qadınlarda süd vəzi xərçəngi digərlərinə nisbətən az müşahidə edilir. Ümumiyyətlə, uşağa süd verməyin ananın sağlamlığına müsbət təsiri ilə bağlı çoxlu faktlar mövcuddur. Təbii ki, bütün halları ilə analar, qadınlar cəmiyyətin yüksək varlıqlarıdırlar.
Hacıqadir QƏDİRZADƏ
AMEA-nın müxbir üzvü