Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2015-ci il ərzində işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsi, həmçinin işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Xidmətdən verilən məlumatda bildirilir ki, 2015-ci ildə işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 94 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 132 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 225 işçi isə həmin vasitələrlə yerində təmin olunub. Əməyin mühafizəsi qaydalarının pozulması və istehsalatda xəsarətalma ilə nəticələnən hadisələrlə bağlı tərtib olunan “İnzibati xəta haqqında protokol”a uyğun olaraq 6 işəgötürənə müvafiq olaraq 6200 manat məbləğində cərimə tətbiq edilib.
Qeyd olunan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti aparılacaq meydançalarda müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılmasına nəzarət məqsədilə, ümumilikdə, 34 tikinti sahəsinə baxış keçirilib və müvafiq akt tərtib olunaraq həmin tikinti sahələrində inşaat işlərinə başlanmasına razılıq verilib. Bundan əlavə, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 414 sahibkarlıq obyektinə baxış keçirilib, 278 işçi ilə yeni əmək müqaviləsinin bağlanmasına və 981 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunub.
“İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq Dövlət Baş Sığorta Agentliyinin nümayəndələri ilə birlikdə müvafiq sahibkarlıq subyektlərində araşdırmalar aparılıb və 290 müəssisədə işçilərin icbari sığorta olunmalarına dair müqavilənin bağlanmasına nail olunub.
Məlumatda o da qeyd olunur ki, 2015-ci ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik norma, qayda və standartlarına əməl olunması” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması” mövzularında maarifləndirici kurslar təşkil olunub. Kurslara muxtar respublikada fəaliyyət göstərən 86 müəssisədən 93 nümayəndə cəlb edilib. Kurslarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin, Həmkarlar İttifaqları Şurasının və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən müvafiq mövzular tədris olunub. İstehsalat xüsusiyyətləri nəzərə alınmaqla müəssisələrdə əməyin mühafizəsi mütəxəssislərinin biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə seminarlar keçirilib, seminar iştirakçılarına əməyin mühafizəsinə dair bukletlər təqdim edilib, həmçinin əməyin mühafizəsi sahəsinə dair müxtəlif mövzuda videoçarxlar hazırlanıb.
Xəbərlər şöbəsi