23 Dekabr 2024, Bazar ertəsi

Cəmiyyətin özəyi hesab olunan sağlam ailələrin formalaşdırılması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. “Ailə­lərdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda Culfa rayonunun Kırna kəndində tədbir keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Ailədə qadının sağlam həyat tərzini aşılamasında əsas rolu” mövzusunda çıxış edib.
Bildirilib ki, ailənin və qadınların sağlamlığı dünyada sosial rifahın, insan inkişafının ən vacib məqamlarından biridir. Məhz buna görə də son illər ölkəmizdə sağlam ailələrin qurulması işində bir çox tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri də nikahdan öncə məcburi tibbi müayinədən keçmə tələbinin ailə qanunvericiliyinə daxil edilməsidir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanununa əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi 2015-ci il iyunun 1-dən etibarən həyata keçirilir. Bunun nəticəsində irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınmasından onlarla ailə sığortalanıb. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin göstəricisi olmaqla yanaşı, bəzi amillərin qadınların reproduktiv sağlamlığına mənfi təsiri ilə bağlı maarifləndirmə işinin aparılmasını sürətləndirib.

Qeyd olunub ki, ailə mühiti yeni nəsil üçün birinci məktəbdir. Uşaqlar xalqımızın ailə dəyərlərini, sağlam həyat tərzini ilk olaraq valideynlərindən öyrənirlər. Bu səbəbdən həm ailədə, həm də cəmiyyətdə qadının üzərinə daha çox məsuliyyət düşür. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən-nəslə ötürən qadındır. Övladı ata-ana birgə tərbiyə etsə də, əsas təsir anadan gəlir. Ana övladına daha yaxın olur, onu daha yaxşı tanıyır. Ailə münasibətlərinin düzgün qurulması, ailə funksiyasının müəyyənləşdirilməsi, eləcə də uşaqların təlim-tərbiyəsi, onlara sağlam həyat tərzinin, qohum və erkən nikahların doğurduğu mənfi nəticələrin aşılanması, ailə qurarkən ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar nə dərəcədə doğru istiqamətin verilməsi ailədəki qadından asılıdır.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək reproduktiv sağlamlıq barədə danışıb, erkən və qanqohumluğu nikahlarının fəsadları ilə bağlı slayd vasitəsi ilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR