Elə dərdlər var ki, ondan çox danışanda bəzən mənasını, dəyərini itirir, sanki adiləşir, əhəmiyyətsiz olur. Elə dərdlər də var ki, hər dəfə danışanda dəhşətə gəlirsən, hər dəfə xatırlayanda o dərd, o kədər, o müsibət ayaq tutub adamın üstünə gəlir! Çətindir, amma mütləq deyilənləri eşitmək lazımdır – bu həm keçmişimizə lazımdır, həm gələcəyimizə, həm indi özümüzə lazımdır, həm də uşaqlarımıza...
Kəngərli rayonunun Yeni Kərki kəndində yaşayan Azərbaycan Vətən müharibəsi veteranı, 56 yaşlı Elşad Məmmədov Kərki kəndi haqqında həyəcanla danışır:
– Kəndimizin ermənilər tərəfindən işğal olunmasından 23 il keçir. Əslində, Kərkiyə ermənilərin təzyiqi özümüzünkülərin laqeyd münasibəti ucbatından 1989-cu ildən də əvvəl başlanmışdı. XX əsrin 50-ci illərində Kərkidən keçməklə Arazdəyəndən yol çəkilmiş, 60-cı illərdə maşın qəzasında ölən erməni şairinin adına əzəli torpağımızda qəsəbə salınmış, mənfur ermənilərin əli ilə kəndimizin ətrafındakı müqəddəs Tejgar dağının fotosu o dövrün sanballı mənbələrindən sayılan “Azərbaycan Sovet Ensiklopediyası”nda Ermənistan SSR Yexeqnadzor rayonunda dağ mənzərəsi” kimi verilmişdir. Hələ mən 80-ci illərin ortalarından başlayaraq gecələr Arazdəyən-Cermuk yolu ilə maşınla keçən ermənilərin kef havasına istədikləri vaxt kəndimizi atəşə tutmalarını demirəm. Biz bütün bunlar barədə yuxarılara məlumat versək də, qəflət yuxusunda yatmış rəhbərlərimizi oyada bilmirdik. Kəndimiz, demək olar ki, unudulmuş, sosial qayğılardan tamamilə kənarda qalmışdı.
1989-cu ildə ermənilər Sədərəkdən kəndimizə gələn avtomobil yolunu kəsdiklərindən hər axşam “Qaraağac-Cəhənnəm dərə” adlanan piyada yolu ilə 30-40 nəfər könüllü müdafiəmizə gəlir, gecədən səhərə bizimlə birlikdə kəndin keşiyini çəkir, səhər geri qayıdırdılar. Sonralar kəndimizin müdafiəsinə Naxçıvanın müxtəlif yerlərindən gələn könüllülər də qoşuldular. Ancaq bu da çox çəkmədi. Kəndimizlə Sədərək arasında əlaqə tam kəsildi.
1989-cu ilin sonlarına qədər kəndimizin müdafiəçilərinə həftədə bir-iki dəfə vertolyotla ərzaq daşınırdı. Artıq xeyli müddət idi ki, qadınlar və uşaqlar kəndimizdən çıxarılıb Sədərəkdə və Şərur rayonunun kəndlərində yerləşdirilmişdi. Burada yalnız könüllü müdafiə dəstələrinin üzvləri və rus hərbçiləri qalmışdılar. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrində xəbər yayıldı ki, silahlı ermənilər kəndimizə hər tərəfdən basqın ediblər, mühasirədəyik, bizi əsir tutub aparmaq istəyirlər. Səhər saat 4-dən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış saysız erməni döyüşçüləri qarşısında kəndimizin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində olsalar da, pulla ələ alınmış rus hərbçilərinin “daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, kəndi təcili tərk etməsəniz, hamınızı girov götürəcəklər” xəbərdarlığından sonra axşam qaranlıq düşənə yaxın bütün cığırları qarla örtülmüş Cəhənnəm dərə-Qaraağac yolu ilə piyada, çox çətin vəziyyətdə özümüzü Sədərəyə çatdıra bildik. Beləliklə, rus hərbçilərinin ixtiyarında olan kəndimiz az sonra ermənilərə təhvil verildi.
Bu yerdə yadıma vaxtı ilə erməni xislətinin nəyə qadir olduğunu yaxşı bilən gürcü mütəfəkkiri İlya Çavçavadzenin yazdığı fikirlər düşür: “Ermənilər heç vaxt yaşamadıqları yerlərdə özlərinə məskən salmağa çalışırlar. Eyni zamanda hamını inandırmağa çalışırlar ki, guya burada kök salmaları üçün bütün tarixi haqlara malikdirlər”.
Ümumiyyətlə, dünyada hər itkiyə, hər ağrıya dözmək olar. Yurd dərdi çəkilməzdir. Ata-babalarımızın həmişə söylədikləri deyim var: “Hər kəsi öz yurdunda daş elə, Allah”. İndi anlayıram ki, bu sözlər nə qədər hikmət və məna daşıyır.
Yağı pəncəsində qalan yurdlarımız haqqında danışmaq, yazmaq, gənclərə, gələcək nəsillərə məlumat vermək çox gərəklidir. Ona görə ki, yurd yazısı yazılı yaddaş deməkdir. Elə bir yaddaş ki, onun güzgüsündə dünənimizi görür, sabahımız haqqında fikirləşirik. Düşünürük ki, torpaqlarımızın alınması gələcəyin işi deyildir. O yerlərə məhz o adamlar qayıtmalıdırlar ki, onlar mənim kimi hər gecə yurdlarını öz yuxularında görürlər. Gərək heç kim unutmasın ki, səmasında bulud, torpağında ağac, dağında quruca ot, qayasında mamır olmağa hazır olduğumuz Vətən bizə ata-baba əmanətidir.
Yeni kəndin yeni növrağı
İşğaldan sonra kərkililər əvvəlcə Sədərəkdə, Şərurda və muxtar respublikanın digər kəndlərində məskunlaşıblar. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Kərki əhalisinin də qayğısına qalmışdır. İndiki Kəngərli rayonu ərazisində xüsusi yer ayrılmış, yaşayş evlərinin tikintisinə başlanılmışdır. Beləliklə, 1991-ci ildə Yeni Kərki ilk sakinlərini qəbul etmişdir. Ulu öndərin siyasətini uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2003-cü ildə yeni inşa olunan daha 2, 3, 4 otaqlı 15 mənzilin orderini başqa bölgələrdə yaşayan kərkili ailələrə təqdim etmişdir. Yeni Kərkidə quruculuq işləri bununla bitməmişdir. 2010-cu ildə kənddə ucaldılan müasirtipli ikimərtəbəli tam orta məktəb də qapılarını müəllim və şagirdlərin üzünə açmışdır. Yeni kənd və xidmət mərkəzləri əhalinin bütün sosial problemlərinin həllinə səbəb olmuşdur.
Yeni Kərkiyə Xok kəndinin kəhrizlərindən – 5,5 kilometr məsafədən içməli su xətti çəkilmişdir. Yeni Kərkinin əkin sahələrinin suvarılması da yaddan çıxmamışdır. Bunun üçün Araz çayının sahilində quraşdırılan nasos stansiyasından kəndə 25 kilometr uzunluğunda suvarma kəməri çəkilmişdir. Kənddə klub, kitabxana, tibb məntəqəsi əhalinin xidmətindədir.
Yeni Kərki kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qurban Kazımovla söhbət əsnasında öyrəndik ki, kənddə 132 təsərrüfatda 438 nəfər yaşayır. Yaşayış məntəqəsinin ərazisi 201 hektardır. Onun 129 hektarı əkinəyararlıdır. Əhali, əsasən, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olur.
Ötən il kənddə 108 ton taxıl, 65 ton kartof, 204 ton tərəvəz, 72 ton bostan məhsulu, 12 ton dən qarğıdalı, 12 ton günəbaxan, 35 ton meyvə istehsal olunmuşdur. Payızda isə 37 hektara taxıl toxumu səpilmişdir.
Heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Bunun üçün 97 hektar örüş sahəsi vardır.
Kənd sakinləri ilə söhbət
Kərki uğrunda döyüşənlərin fəal iştirakçısı, Azərbaycan Vətən müharibəsi veteranı Həsən kişi ömrünün lap ahıl çağındadır. 86 yaşı var. Deyir ki, kəndimiz gözümün qabağından getmir, amma ona tərəf bir addım ata bilmirəm. Yuvası dağılmış quş kimiyəm. Mənə elə gəlir ki, hər sabah məni Kərkidən gələn hava vurur, dözə bilmirəm. Axşamlar şər qarışanda da o səmtə boylanıram, ürəyim parça-parça olur.
Yeni Kərkidə kiminlə söhbət etdimsə, sonda bu qənaətə gəldim: kəndin uşaqdan-böyüyə bütün sakinlərinin qəlbində yurd həsrəti dərin kök salıb. Mən kənddə olan günü məktəbdə vətənpərvərliyi təbliğ edən “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbir keçirilirdi. Məktəbin direktoru Aygün Bayramova dedi ki, biz şagirdlərimizin vətənpərvərlik tərbiyəsini həmişə diqqət mərkəzində saxlayır, bu mövzuda tez-tez tədbirlər təşkil edirik. Hazırda kəndimizdə 64 nəfər Azərbaycan Vətən müharibəsi veteranı yaşayır. Biz onlarla şagirdlərin görüşünə xüsusi önəm veririk. Bügünkü qonağımız isə veteran Mahir İsmayılovdur. Sədərək döyüşlərinin fəal iştirakçısı olub.
Yeni Kərkidən ayrılanda yolda kənd sakini Həsən Məmmədovla qarşılaşdıq. Dedi ki, Allah dövlətimizin bayrağını uca eləsin. Dövlət bizim üçün hər cür şərait yaradıb. Kəndimizin bütün sosial problemləri həll edilib. İnsanlar yaxşı yaşayırlar. Kənd adamlarının bir dərdi, bir problemi var – o da yurd dərdidir. Hamı Kərkiyə qayıdacağı ümidi ilə yaşayır. İnanırıq ki, yaxın gələcəkdə biz mütləq Kərkiyə qayıdacağıq. Dövlətimizin günbəgün artan gücü, qüdrəti bizə bunu deməyə əsas verir. Həsən kişi mənimlə sağollaşıb ayrıldı. Onun dediklərindən çox təsirlənmişdim. Xəyalımda Kərki kəndindən hazırlayacağım reportajı canlandırdım. Birdən Həsən kişinin uzaqdan gələn səsi məni ayıltdı: – Oğul, inşallah, növbəti dəfə Kərkidə görüşərik.
Cəfər ƏLİYEV