Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində məhdud fiziki imkanlıların iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, muxtar respublikamızda sosial müdafiəyə ehtiyacı olan şəxslərə hərtərəfli diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyalarının həlli, asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bayram günlərində belə tədbirlərin keçirilməsi bu kateqoriyadan olan şəxslərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Həmin gün rayon mərkəzlərində də Novruz bayramı münasibətilə tədbirlər keçirilib. Bayram tədbirlərində, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə, o cümlədən sağlamlıq imkanları məhdud 236 uşağa bayram sovqatı təqdim olunub.
Martın 19-da Şahbuz şəhərindəki Ahıllar evində də tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıblar.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və sağlamlıq imkanları məhdud şəxslərin sosial hüquqlarının təmin olunmasına, onların sosial müdafiəsinin günbəgün güclənməsinə geniş imkanlar açıb. Bu kateqoriyadan olanlara göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsi yüksəlib, onların cəmiyyətə inteqrasiya olunmaları istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter alıb.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib. Sonda sakinlərə bayram hədiyyələri təqdim olunub. Ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti